Ru
10:31 / 22 Dekabr 2021

Vüqar Səfərlinin imza günü - Şərif Ağayar

10533
Şərif Ağayar

Keçmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərlinin on il altı ay azadlıqdan məhrum edilməsi xəbəri Bakı İdman Sarayında keçirilən İkinci Milli Kitab Sərgisinin bağlanış mərasimi ilə eyni günə düşdü. İlk baxışdan bu hadisələr arasında assosiasiya yaratmaq çətindir, lakin elə deyildir.

Vüqar Səfərli fenomeninin yetişməsi müstəqil mətbuatın olmaması, buna imkan verilməməsi, bəzi hallarda isə mətbuatın özünün bunu istəməməsi faktının nəticəsidir. Dövlət və mətbuat arasında maxinasiya etmək, sözü, söz azadlığını, yazar haqlarını insanlıq sərhədlərini zorlayan həddə şəxsi mənfəət vasitəsinə çevirmək həm də bir az fürsət işidir.

Normal cəmiyyətlərdə hər kəs çirkli əməllərini mətbuatdan gizlədiyi halda, bizdə mətbuatın özü bu iş üçün alətə çevrilir.

Doğrudan Vüqar Səfərlinin nə etdiyini bilmirdik və görmürdük?

Bilirdik...

Görürdük...

Buna şərait də yaradırdıq...

Çünki bu, nadir hadisə deyildi, işlədiyi sahədən çalıb-çapmaq az qala mentalitetimizin atributuna çevrilib.

Bəs çıxış yolu nədir?

Çıxış yolu müstəqil olan, ən azı müstəqil olmağı arzulayan mətbuatın formalaşmasındadır.

Analoji halı başqa bir yazı-pozu sahəsində - nəşriyyat işində də müşahidə etmək olur.
Kitab bazarı zəifdir, ona görə məşhur nəşriyyatların, demək olar, hamısı dövlətdən və müxtəlif vəzifəli-imkanlı şəxslərin cibindən asılı vəziyyətdədir. Kitab industriyasının indiyədək lazımı səviyyədə olmamasının əsas səbəbi də budur.

Hökumət mətbuatın şəxsində bu günə, nəşriyyatın şəxsində sabaha nəzarət etmək istəyir, mətbuat və nəşriyyatlarsa zəhmət çəkmədən pul qazanmaq arzusundadır.

Bu qarşılıqlı anlaşma sözün həlak edilməsi ilə nəticələnir.

Lakin müstəqilliyə can atan, yəni Vüqar Səfərli fenomenini istisna edən mətbuat vasitələri olduğu kimi, eyni yolu tutan nəşriyyatlar da yox deyil. Hətta bu ilin oktyabrında yığışıb Azərbaycanın tarixində ilk dəfə müstəqil nəşriyyatların iştirakı ilə Milli Kitab Sərgisi təşkil etdilər. Tədbir gözlənilməz uğur qazandı.

İkinci sərgi dekabrın 15-dən 21-dək keçirildi və dünən - Vüqar Səfərlinin on il altı ay azadlıqdan məhrum edildiyi gün özünün bağlanış mərasimini qeyd etdi.

Bu sərgi də baş tutdu!

Xüsusən, şənbə və bazar günləri görünməmiş qələbəlik oldu. Min beş yüz kvadratmetrlik Bakı İdman Sarayında torpaq atsan yerə düşməzdi.

Bununla belə Azərbaycanın ən aparıcı mətbuat orqanlarının sərgiyə məxsusi laqeydliyinin şahidi olduq.

Müstəqil nəşriyyatların sərgi təşkil etməsi tarixi hadisədir. Bir gün dərsliklərimiz adam balası kimi yazılsa, bu tədbirlər də daxil ediləcək və uşaqlarımıza öyrədiləcək.

İndi təsəvvür edin, Vüqar Səfərli at belindədir və özünə imza günü keçirir. Sizi əmin edirəm, Milli Kitab Sərgisinə şahidlik etmək istəməyən kütləvi informasiya vasitələri oraya qaça-qaça gedər, müxtəlif yazı və reportajlar hazırlayardı.

Gəlin, Yeni ilə həsr olunmuş İkinci Milli Kitab Sərgisinin təntənəli açılış mərasiminin keçirildiyi saatda aparıcı saytlarımızın verdiyi xəbərlərə diqqət edək. Fakt həqiqətin övladıdır...

İki səbəbdən ad çəkmirəm: bir - məqsədim konkret kimisə hədəfə almaq deyil, iki - toplananların yeri nəticəni dəyişmir.

...Rüşvət alan həkim tutuldu; Aktrisa qəzaya düşdü; Göyçayda hədə-qorxu gələn şəxs saxlanılıb; Gəncədə "avtoş"lara qarşı reyd keçirilib; Bu ilin 10 ayında doğulan üçəm və dördəmlərin sayı açıqlanıb; Qumar oyunlarına görə cərimə müəyyənləşir; Pirəkəşkül avtomobil yolunun tikintisi davam edir; "Real Madrid"in iki futbolçusu koronavirusa yoluxub; "Koronavirus xəstələrini süni tənəffüs aparatına qoşarkən diqqətli olmaq lazımdır"; “Elektrik təchizatı şəbəkələrinə qoşulma” İşçi qrupunun iclası keçiriləcək; Metrologiya və standartlaşdırma üzrə institutlara mediatur təşkil edilib; Əməkdar artist Abbas Bağırov yeni imicdə - Foto; Aktrisa Sevinc Əliyeva qəzaya düşdü – Video; Arvadı meyxanaçı Ağakərimdən Nazəninə görə qisas alır...

Deyə bilərsiniz, dünyada da belə xəbərlər verilir, haqlısınız, ancaq dünyada sərgilərdən də xəbər verilir və hətta saytların çoxunda ayrıca “Kitab” bölməsi var.

Məsələ budur ki, kitab sərgisindən maraqlı bir reportaj oxucu və tamaşaçı da gətirə bilər. Gətirməsə belə bunu etməliyik. Gələcəyimiz naminə. Vicdan rahatlığı naminə. Səfərlinin və onun kimilərin yaydığı üfunət qoxusunu mətbuatdan nisbətən uzaqlaşdırmaq naminə...

Təsəvvür edin, İnternet TV-lərin birinin reportyorunu sərgidə gördüm, dedim, nə yaxşı? O yandan qayıdasan ki, mən reportaja gəlməmişəm, gəlmişəm, soruşam, görüm, Azərbaycan yazıçılarını niyə oxumurlar? Adama izah etməyə çalışdım ki, belə deyil, oxuyurlar, hətta oxumasalar belə məhz kitab sərgisinə bu niyyətlə gəlmək yaxşı əlamət deyil. Əvvəl tədbirə dəstək olun, nəticə alınmasa, problemi birlikdə çözək. Alınıb axı! Oxuyurlar! Həm də xeyli.

Azərbaycan kitabının oxunmaması artıq fakt yox, kimlərinsə arzusu kimi görünməkdədir...

Bizdən heç nə çıxmaz kompleksi...

Köləlik sindromu.

Hələ sayt rəhbərlərindən biri bu mövzuda söhbətimiz zamanı lap gül vurdu. Dedi, nəşriyyatlar özü üçün pul qazanır, biz niyə verək ki?

Yadıma bir sovet əhvalatı düşdü. Qarabağın hansısa kəndində oxumaq istəməyən uşaqları məcburi dərsə çağırırmışlar. Sinif müəllimi öz nadinc bacısı oğlunu da məktəbə aparmaq istəyir. Bacısı oğlu dayısının niyyətini başa düşüb evdən qaçır və uzaqdan qışqırır:

“Mən dərsə gəlim, sənə çoxlu maaş versinlər?! Gəlməyəcəm!”

Nadanlığın bu leveli yəni...
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər