Ru
10:56 / 04 Sentyabr 2021

Yeni elmi nəticə: düyü kəpəyi zülalının daha bir xeyri üzə çıxdı

27014
Azərbaycan və Türkiyə alimləri COVID-19 və xərçəng xəstəlikləri ilə mübarizədə mühüm nəticələr əldə ediblər.

Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) Bakupost.az -a verilən məlumata görə, son zamanlar virus və xərçəng xəstəliklərinə qarşı mübarizədə anti-virus və anti-xərçəng peptidləri üzrə geniş tədqiqatlar aparılır. Bio-aktiv peptidlər insan orqanizminə toksik təsir etmədən yanaşı həm də çox effektli anti-virus və anti-xərçəng xüsusiyyətlərinə malikdir.

AMEA ilə Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) arasında imzalanmış Əməkdaşlıq Sazişi üzrə Müştərək Proqram çərçivəsində aparılan birgə tədqiqatlar nəticəsində düyü kəpəyi zülalının hidrolizi əsasında əldə edilən kationik EQRPR peptidin xərçəng xəstəliyinə və COVID-19 infeksiyasına qarşı mübarizədə tətbiq oluna bilməsi və onların təsir mexanizmləri tədqiq edilib.



Tədqiqat işlərinə Azərbaycan tərəfindən Milli Onkologiya Mərkəzinin direktoru, akademik Cəmil Əliyev, AMEA-nın Biofizika İnstitutunun direktoru, müxbir üzv Oktay Qasımov, Bakı Dövlət Universitetinin professoru Niftalı Qocayev, Türkiyə tərəfindən isə professor Sevim Akuyuz rəhbərlik edir.

Mütəxəssislərin bildirdiyinə görə, peptid bir sıra mühüm inteqrinlərlə birləşə bilir. Bu da həm SARS-CoV-2 virusu infeksiyasından, həm də xərçəng xəstəliklərinə qarşı mübarizədə geniş istifadə oluna bilər.

Mühüm nəticələrdən biri də multifunksional peptidin müxtəlif zülallarla birləşmə xüsusiyyətinin müxtəlif nöqtələrində D-izomer dəyişməsi aparmaqla modulyasiya edilə bilməsidir. EQRPR peptidinin ikincili quruluşu müxtəlif spektroskopik metodlarla, fəza quruluşu isə nəzəri əsaslarla hesablanıb. Eksperimental və nəzəri işlərdən alınan nəticələrin bir-biri ilə uğurlu şəkildə uzlaşması təqdirə layiqdir.



Ağciyər xərçəngi hüceyrələrində aparılan ilkin tədqiqatlarda EQRPR peptidinin hüceyrə membranı ilə qarşılıqlı təsirdə olduğu göstərilib.

Ayan Əlizadə
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər