Hansı bank etibarlıdır? - SORĞU
Ru
19:17 / 16 Oktyabr 2024

Yeni qaydalar hansı evləri sənədləşdirməyə imkan verəcək? - Açıqlama

3468
Xəbər verdiyimiz kimi, bu günlərdə "Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları" təsdiq edilib. Qaydaların 1-ci hissəsi 2025-ci il yanvarın 1-dən qüvvəyə minir.

Bəs, bu sənəd qanunsuz inşa olunan tikililərin sənədləşdirilməsinə imkan yaradacaqmı?

Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev Bakupost.az -a bildirib ki, indiyədək qanunvericilik bəzi torpaqların təyinatının dəyişdirilməsinə imkan vermirdi:

"Bakı və Abşeron ərazilərində üzüm, badam bağları olub. Pay torpaqları paylandıqdan sonra həmin ərazilərdə evlər inşa edilib, bağların yerində böyük yaşayış massivləri, qəsəbələr salınıb. İndiyədək qanunvericilik bu torpaqların təyinatının dəyişdirilməsinə imkan vermirdi. Amma artıq yeni fərmanla bu, mümkün olacaq. Üzüm, badam və sair kənd təsərrüfatı təyinatlı torpaqlarda inşa edilən evlərin sənədləşdirilməsi üçün ərazi icra nümayəndəliyi, yaxud bələdiyyələr müraciət etməlidir. Çünki, elə sənədlər var ki, onları toplamaq vətəndaş üçün 10 il vaxt tələb edir. Həmin məlumatların hamısı müvafiq qurumlardadır".

Ekspert qeyd edib ki, icra nümayəndəlikləri, bələdiyyələr toplu şəkildə bu qəsəbələrdəki evlərin sənədləşdirilməsi üçün bütün zəruri sənədləri toplayaraq torpağın təyinatını dəyişdirə bilər:

"Belə ərazilərdə torpağın təyinatının dəyişdirilməsinə başqa dəlil-sübuta ehtiyac yoxdur. Böyük qəsəbənin salınması, yaşayış zonasına çevrilməsi, həmin ərazinin təkrarən kənd təsərrüfatı məqsədilə istifadəsini mümkünsüz edir. Belə ərazilərdə evlərin sökülməsindənsə torpağın təyinatının dəyişdirilməsi daha məqsədəuyğundur".

E.Fərzəliyev qeyd edib ki, hazırda yüksək gərginlikli xətlərin, avtomobil və dəmiryollarının mühafizə zolaqlarında, eləcə də neft çıxardılan ərazilərdə minlərlə sənədsiz ev var:

"Ərazidən faktiki olaraq neft çıxmasa da, o torpağın təyinatının dəyişdirilməsi bir qədər çətin məsələdir. Yeni fərmanla neftdən başqa, kənd təsərrüfatı təyinatı torpaqların təyinatının dəyişdirilərək həmin ərazilərdəki evlərə sənəd verilməsi mümkün olacaq. Ümumilikdə sənədsiz evlərin hamısının sənədləşdirilməsi üçün əmlak aministiyası imzalanmalıdır".

Sevinc,
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar