Ru
10:54 / 18 Avqust 2022

Yollardakı inəklər – Ölüm saçır - VİDEO+FOTO

10141

Yol-nəqliyyat hadisələri nəticəsində hər il dünyada 1,3 milyon nəfər həyatını itirir, 50 milyona qədəri isə xəsarət alır. Azərbaycanda təkcə 2022-ci ilin yanvar-iyul aylarında 1109 nəfər yol qəzasına düşüb. Onlardan 336 nəfəri dünyasını dəyişib. Son beş ilin ölüm sayına baxdım: 4032 nəfər!

Bu statistika sizə adi rəqəm kimi görünməsin. Bu rəqəmlərin altında minlərlə insan həyatı dayanır. Kimisi əsgərlikdən çıxıb evə, kimisi nişanlısının, ailəsinin yanına, kimisi öz toyuna gedərkən, kimisi uşaqlarını gəzməyə apararkən qəzanın qurbanı olur.

Demək olar ki, hər yeni günə avtomobil qəzalarıyla, ölümlə başlayırıq. Məncə, qəza xəbərlərini görəndə hər birimizin içində bir narahatlıq yaranır; görəsən, qohumum, tanışım deyil? Bəli, bu qəzalar hər kəsin başına gələ bilər. Biz təsadüfi qəzalardan yayına, qaça bilmərik. Amma bəzi qəzalar var ki, onları özümüz yaradırıq. Və ya qəzaları yaradan səbəbləri görürük, qarşısını almağa cəhd etmirik. Və bu təsadüfi ölümlər adiləşir...

Hər dəfə cənub istiqamətində - Ələt-Astara yolunda hərəkət edəndə sevinc hissi keçirirəm, nə gözəl yol çəkilib, necə də rahatdır, vaxtımıza nə qədər qənaət edirik. Bu fərqi köhnə yolla gedib-gələnlər daha yaxşı bilər. Necə zülmlə, narahat yollarla, saatlarla əziyyət çəkərək gedib-gəlirdik.

Amma bu gözəl, rahat yolun da öz narahatlığı yaranıb.



Bakı-Ələt-Astara yolunda yolun hərəkət zonasından əlavə yer saxlanılıb və həmin yer sahələrdən, kəndlərdən insan və heyvanlar keçməsin deyə tor hasarlarla bağlanılıb. Çox təəssüf ki, bu qaydaya əməl olunmur. Hər dəfə yolun kənarında inəklərin otladığını, bəzən də yolun hərəkət hissəsinə çıxdıqlarını görürəm. Surət həddi saatda 110-120 kilometr olan əsas yolda bir heyvanın qəflətən yolun hərəkət istiqamətinə qaçması nəticəsində ba. verəcək qəzanı təsəvvür etmək belə, dəhşətdir...

Bu şəraiti sadə vətəndaşlar özləri yaradır, yoxsa yol idarələri, yerli dövlət qurumları icazə verir? Bu suala aydınlıq gətirəmək üçün elə onların özlərinə müraciət etdik. Azərbaycan Dövlət Avtomobil Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Bakupost.az-a açıqlamasında məslənin ciddi problemə çevrildiyini dedi:



“Təəssüf ki, belə hadisələr baş verir. Bu, agentlik olaraq bizim də yaralı yerimizdir. Biz vətəndaşlara yalnız xəbərdarlıq edə bilərik. Bu xəbərdarlıq da dəfələrlə olunub. Bununla bağlı hər hansı cəza mexanizmi yoxdur. Maariflərndirmə aparmaqla başa salırıq ki, bu kimi addımların atılması həm özləri, həm dəo yoldan istifadə edən sürücülər üçün çox təhlükəlidir. O yol sürət yoludur. Ona görə çəpərlənib ki, yola hər hansı bir maneə çıxmasın. Sürücülər, vətəndaşlarımız rahat şəkildə o yoldan istifadə etsinlər. Təəssüf ki, yerli sakinlər mal-qaranı mühafizə zolağına salır, özləri də hər hansı bir işin dalınca gedir və elə bilirlər ki, mühafizə zolağından kənara çıxmayacaq. Amma heyvanlar başsız qaldıqda yola çıxırlar. Belə olan halda qəzalar qaçılmaz olur. Artqı bir neçə dəfə bu səbəbdən ağır qəzalar baş verib. Biz bir daha həmin ərazidə yaşayan vətəndaşlardan xahiş edirik ki, bu kimi addımlar atmasınlar. Çünki bu ağır nəticələrə, faciələrə gətirib çıxarır”.

Təklif edirəm ki, bütün media nümayəndələri, sadə vətəndaşlar, ekspertlər qəza yaradan ən xırda məsələni də ictimailəşdirsinlər, dövlət qurumlarına müraciət etsinlər. Ən azı bir qəzanın, ölümün, xəsarətin qarşısını alaq.

Hələ ki dediyim yolda heyvanların qəzaya səbəb olduğuna dair xəbərlə rastlaşmamışam, gəlin, qəza olmamış bu məsələni həll edək ki, sonra peşmalıq çəkməyək.

Həmin yoldan çəkdiyim fotoları təqdim edirəm:

Bəhruz Rüstəmxanlı
Yollardakı inəklər – Ölüm saçır -  VİDEO+FOTO
Yollardakı inəklər – Ölüm saçır -  VİDEO+FOTO
Yollardakı inəklər – Ölüm saçır -  VİDEO+FOTO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər