Ru
09:27 / 31 Mart 2022

Yolumuz: biz kimik, hara yönləndirilirik və hara getməliyik?

5411
Eltən Qədimbəyli


Bu gün yer üzündə mövcud olan 266 siyasi quruluşda (dövlət, muxtar ərazi və s.) 7 milyarddan çox insan yaşayır. "Forbes" jurnalının araşdırmasına görə, dünyadakı parasal güc demək olar ki, 62 böyük şirkətin qurucularının əlində toplanıb. Onlar bunu necə ediblər? Dərindən araşdıranda da görürük ki, bir çox beynəlxalq düşüncə təşkilatlarının, reklam, kitab, KİV (tv, radio), kinostudiyaların, internet platformalarının qurucuları da bu şirkətlərdir. Onlar bu quruluşların köməyi ilə qloballaşma fikrini yayaraq, öz şirkətlərinin xidmət və məhsullarının satışını asanlaşdırmaq üçün bir-birinə bənzəyən bəslənmə, geyim, əyləncə, yaşayış tərzi olan yalnız cinsi və qida ehtiyacları üçün yaşayan yarımçıq insan tipləri yaradırlar.



Necə? İnsan beynindəki qavrama boşluqlarını çözərək. Necə ki, sehrbazlar tamaşalarında bizi heyrətə sala bilirlər, eləcə də kinoda da gizli reklam elementlərindən istifadə olunur. Məsələn? 25-ci kadr kimi. Belə ki, insan gözü saniyədə 24 kadr görə bilir, 25-ci kadr isə birbaşa beyninin alt qatlarına yazılır. Beləcə, illərdir izlədiyimiz film "qəhrəmanları" çoxumuza siqaret, alkoqol kimi bir çox zərərli alışqanlıqlar qazandırıblar! Bu quruluşların təbliğatı ilə bütün yaşam biçimizi dəyişiblər.


Güclü quruluşu, böyük şirkətləri olan Qərb və Şərq ölkələri öz yaşantılarını daha da yaxşılaşdırmaq üçün özündən gücsüz, kiçik ölkələrin yeraltı, yerüstü və insan qaynaqlarını öz dövlətinin şirkətlərini daha da gücləndirmək üçün ələ keçirməyə çalışır. Bunun üçün Böyük Şirkətlər dövlətlərinin "BƏRK" və "YUMŞAQ" güclərini işə salırlar.


"BƏRK GÜC" deyəndə nə anlamalıyıq? Dövlətin silahlı və iqtisadi gücü. Bəs "YUMŞAQ GÜC" nədir? İlk dəfə 1980-ci ildə amerikalı politoloq Jozef Ney tərəfindən termin olaraq, işlədildiyi deyilən bu anlayış dövlətin dilinin və mədəniyyətinin təsir gücüdür. Yer üzündə yaşayan insanlar çağdaşlaşdıqca, dövlətlərin "BƏRK GÜC" işlətmə imkanları azalır və "YUMŞAQ GÜC"ün önəmi artır. Örnək göstərsək, məsələn, güclü ordusu və dəmir ideologiya ilə idarə edilən Sovet quruluşunu, Berlin divarını da 90-cı illərdə Amerika və Avropanın musiqi və kino sənayesinin təsiri ilə öz vətəndaşları dağıtdı, özü də heç bir silah işlətmədən. Yumşaq Güc bəzən çox işə yarayır.


Bu gün Dünyada Yumşaq GÜCü sıralamaların önündə gələn hansı ölkələr var? Cavab sadədir - ABŞ, ALMANİYA, ÇİN, RUSİYA, FRANSA, İNGİLTƏRƏ, HİNDİSTAN, İTALİYA, İSRAİL, YAPONİYA, KANADA, MEKSİKA, BRAZİLİYA, AVSTRALİYA, İNDONEZİYA, EFOPİYA, CƏNUBİ KOREYA, İSPANİYA, CAR, BƏƏ və sair.


Bu ölkələrin yumşaq güclərinin bizim yaşam biçimizdə nələri dəyişdirdiyi yadımıza salaqmı? Günbəgün yenilənən texnoloji alətlər, yollarımızda sürdüyümüz maşınlar, əynimizdəki məhşur brendlərin adlarını yekə-yekə yazıb, bizdən pulsuz reklam banneri kimi istifadə etdiyi dar, qısa və sintetik geyimləri deyirəm. Öz mətbəximizdəki sağlıqlı yemək-içməyi bizə yavaş-yavaş unutduran, özümüzə və balalarımıza alışdırdığımız kimyəvi tərkibli, şəkərli içkiləri, içindəkiləri bilmədiyimiz pizza, hamburger, suşi, nagges və daha nələr, nələri deyim? Yeyib, kökəldikdən sonra dieta və fərdi inkişaf kitablarını oxuduqdan sonra özümüzü toplamaq üçün idman zallarına qaçırıq. Bax ordakı avadanlıqlara, xaricdən gələn idman növlərinin müəllimlərinə, yoqa məşğələlərinə xərclədiklərimizi də düşünək. Şənliklərimizdəki musiqilər, rəqslər, telefonlarımızda, bilgisayarlarımızda vaxtımızı və pulumuzu boşuna xərclədən əyləndiyimiz oyunları unutmayaq. Bunların hamısının qazancı bizim cibimizdən çıxıb, xaricə gedir. Uşaqlarımızın oyuncaqlarını, əllərindəki tabletlərdəki oyunlardakı hədiyyələrə xərclədiklərimiz. Daha nələr, nələr.


Çıxış yolu nədir?

Gələcəkdə Azərbaycanın zənginləşməsi üçün öz şirkətlərimizi qurmalıyıq, insan qaynaqlarımızı "beyin köçü" dediyimiz bəladan qurtarmalıyıq. Bu gün yaradıcı gənclərimiz Azərbaycandan Qərbə getmək haqqında düşünür, yerüstü və yeraltı zənginliklərimizin ən dəyərlisinin gənclərimiz olduğunu unutmamalıyıq. Yeni nəslin yetişməsinə və öz işlərini quraraq yurdumuza faydalı işlər görməsinə çalışmalıyıq. Azərbaycanı gənclərimizin daha da zənginləşdirəcəyinə inanmalıyıq!

Azərbaycan dövlət olaraq çox gəncdir. Bu gəncin yetişməsi üçün hər birimiz əlimizi daşın altına qoymalıyıq. 70 illik Sovet quruluşu bizdə dövlət anlayışına ögey yanaşma yaratmışdı. Çünki o illərdə biz hər nə qədər çalışsaq, sonunda toplanan gəlir Moskvaya gedirdi, biz isə dövlətdən nə qədər oğurlasaq, "donuzdan bir tük də qənimətdir deyə" düşünürdük. Heyif ki, bu alışqanlıq hələ də toplumumuzdakı bəzi geridəqalmışlarda qalıb, hər birimizin içində yolaverənlik alışqanlığı qalıb, bundan təcili qurtulmalıyıq. Sovet dönəminin bitdiyini, artıq dövlətimizin də, çalışdığımız şirkətlərin də özümüzün olduğunu anlamalıyıq.


Artıq Dövlət özümüzündür! Bizimdir, uşaqlarımızın gələcəyidir. Yeni yaradıcı və işgüzar adamların bu anlayışı daha asan mənimsəyəcəyinə inanıram.


Bu gün dövlət böyüklərimizin atdıqları doğru və uzaqgörən addımlarla Azərbaycanımızın yetərli qədər çağdaş və güclü ordusu var. Dəmir Yumruq qurulub, hər an düşmənin başına enməyə hazırdır. İndi sıradakı işimiz "Yumşaq Güc" qurğumuzu yaratmalıyıq. Bilməliyik ki, ölkəmizin ən dəyərli kapitalı insandır. Bu gün ən çox pul qazanan şirkətlərin əsas gücü bilgili və yaradıcı sektorun adamlarıdır.


Belə bir deyim var, çağdaş dönəmdə adamları geyimlərinə görə, ölkələri isə yaratdıqları brendlərə görə tanıyırlar. Dövlətimizin daha da güclənməsi üçün "YUMŞAQ GÜC"ümüzü necə artıra bilərik?


Ölkəmizdəki yurdsevər yaradıcı və elm adamlarını birləşdirəcək beyin mərkəzi qurmalı, öz dövlət maraqlarımızı toplumumuza anladan bədii, sənədli, cizgi filmləri çəkərək və yayaraq ekran incəsənəti kompleksimizi yaratmalıyıq. Azərbaycanda pirat saytlar bağlanmalı, bölgələrdə kinoteatrların sayı çoxaldılmalıdır. Dünyanın bir çox ölkəsində bölmələri olan TV, radio və media quruluşları yaratmalıyıq. Türk dünyasını birləşdirəcək Paylaşım bağımızı (Sosial şəbəkəmizi) qurmalı, dəb, musiqi və əyləncə sektorunda yeniliklər edərək, Azərbaycan, Türk dünyası və Dünyada ad-san qazanacaq sənətçilər yetişdirməliyik. Gənclərimizi bilgisayar dilini öyrənməyə yönləndirməli və yarışmalarla həvəsləndirməliyik. Texnologiya Şirkətləri quracaq, girişkən iş adamları hazırlamalıyıq. Ölkəmizə türk dünyasından yaradıcı adamların axın etməsinə çalışmalıyıq. Yada salmaq istəyirəm ki, 1920-1930-cu illərdə Bakı Türk dünyasının mədəni mərkəzi idi. Repressiya illərində 29 mindən çox ziyalımız qurban getmişdi.

Toplum olaraq biz gələcəyimizə yanaşmamızı dəyişməliyik

Keçmişimizdən bu günə qədər gətirdiyimiz düşüncə qəliblərimiz, inanclarımız, deyimlərimiz, atalar sözlərimiz, yol göstəricilərimiz nədir? Bunların hansı dəyişdirilib? İncələməliyik.

Hər birimizin içində yaşam biçimizi yönləndirən alışqanlıqlarımız var bunları gərəkli və gərəksiz olaraq iki bölməyə ayıra bilərik. Gərəksiz alqıların çoxu bizim Törəmizdə yoxdur, daha doğrusu, bizdən böyük dövlətlərin "YUMŞAQ GÜC"ü sayəsində bizə yoluxdurulub.


Örnək 1: Biz birlik qura bilmirik? Niyə? Bax biz təkbətək idman növlərində qələbə qazanırıq, amma komanda oyunlarında uduzuq...

Örnək 2: Biz bir-birimizin paxıllığını çəkirik, biri önə çıxan kimi ayağından çəkirik. Düzgün yollarla varlanmaq olmaz. Gərək qanunsuzluq edəsən, oğru olasan.

Bu alqılar və yalançı inanclar əlifbamızı, kitablarımızı, folklorumuzu dəyişdirən güclərin bizim yaşam örkənimizə atdığı düyünlərdir.


Bizi yönləndirən güclü dövlətlərin təsirindən çıxıb, özümüzə yeni böyümə və güclənmə yolunu necə tapa bilərik? Bu güc qaynağı hardadır? Unutduğumuz TÖRƏ anlayışı nədir?


Nədən başlamalı?


Gəlin xəyal qurmaqdan qorxmayaq. Birlik qura bilərsək, Azərbaycan bir gün Türk dünyasının mədəni mərkəzi, dünyanın 21-ci güclü dövləti olacaq. Bunun üçün nələr etməliyik? Araşdırmalıyıq, öyrənməliyik, çalışmalıyıq, birləşməliyik və güclənməliyik.


İlk başda dəyişmək üçün güc qaynağımızı tapmalıyıq. Bizə kim kömək edəcək? Hazır olun... Heç kim.

Bəs hardan güc alacağıq? Bir-birimizdən, Türk dünyasının birliyindən.

Törəmiz deyir ki, Birlik, Diri Birlik qurmaq bizə nə verəcək?

Güvənli, zəngin və daha şən yaşam.

Alınma sözlər var, dilimizə yamaq xalq, millət - bu sözlərin heç biri bizim deyil. Bizim əski dildə qarşılığı BUDUN-dur, yəni BÜTÜN, BÜTOV.

Yaxın keçmişimizdə Qarabağ üçün bütünləşdiyimizi yadınıza salmaq istəyirəm. Hər kəsin qarşılıq gözləmədən əlindən gələni etməsini...

Biz əslində Birlik qurma bacarığı çox üstün olan bir ulusuq, sadəcə Törəmiz unutdurulduğu kimi, bu bacarığımız da korşalıb.

Törəni yenidən öyrəndikcə bu bacarığımız yenidən canlacaq.

Örnək Törəmizdə bədən dilimizin göstəricisi Yallı var? Axırıncı dəfə nə vaxt Yallı getmişik? Yallı birlik duyğusunu, alışqanlığını gücləndirən bir çalışmadır.

Bu gün biz köklərimizdən qopmuş bir haldayıq, özümüz kimi danışmır, geyinmir, yemir-içmir, əylənmirik.


Ölkəmizə hər xaricdən gətirilən geyimlər, oyuncaqlar, idman və əyləncə alətləri, yeməklər və sairə üçün hər birimizin cibindən pulu alıb aparmırmı?


Qardaş Türkiyəyə, ən yaxın olan örnəyə bir göz ataq. Türkiyədə hər iş qolunda bir birlik var, bərbərlər, dərzilər, tacirlər, ustalar və adını sayıb bitirəməyəcəyim birliklər var. Hər iş yolunun öz törəsi, davranış və işləyiş yasaları var. Bizdə isə sovetdənqalma, nə elədiyi bilinməyən "həmkarlar"... Türkiyədəki birliklər o işlərdə çalışanların iş şəraitlərini yaxşılaşdırmaq üçün çalışır, haqlarını qoruyur və daha ustalıqlarını daha da artırmaq üçün durmadan çalışır. Bizim "həmkarlar" isə sadəcə "sanatoriyaya" yollamaq üçün pul toplayır. Bu qurumlar dəyişməlidir.

Biz gözümüzü bizdən böyük dövlətlərə dikmiş, onların bizə yaydığı yaşam biçimlərinə uyğun yaşamağa çalışırıq. Onlara bənzəsək, daha çağdaş, daha zəngin, daha güclü olacağımıza inanırıq. Üzülərək deyirəm, yox. Özümüzə gəlməliyik. Özümüz olmalıyıq, öz kimliyimizi tapmalıyıq.

Qərbə uyğunlaşaq, inteqrasiya edək deyənlərə bildirmək istəyirəm ki, onlardan öyrəndiyimiz biliklər, texniki sahələrdə işə yaraya bilər, amma insan qaynaqları ilə bağlı olan iş qollarında gərəksizdir. Çünki bizim içimiz, duyğularımız, düşüncələrimiz onlara bənzəmir.

Bu yol çox uzun bir yoldur, asan deyil, çox çalışmalıyıq.

Özümüzü dəyişdirməli və uşaqlarımızı yeni Üst Anlayışla yetişdirməliyik.

Uşaqlarımızı necə yetişdirəcəyik? Sadəcə elmi biliklər öyrətməklə? Uşaqlarımıza indidən birlik qurmağı, bir istək üçün çalışmağı öyrətməliyik.

Bu gün Azərbaycanda uşaq təşkilatı deyiləndə bir Sovetdən qalma "pioner", bir də Qərbdən gəlmə "skaut" ağlımıza gəlir. Gələcəyimiz olan uşaqlarmız bizim kimi olmasın deyə öz uşaq birliyimizi yaratmalı, onları Törə ilə yetişdirərək, birlik anlayışının gücünü mənimsətməli, işgüzar, yaradıcı, bilikli, çağdaş, sayısal dünyaya uyğunlaşmağı öyrətməli, gərgin durumlardan çıxış yollarını göstərməliyik. Bu təşkilatda türk dünyasının bütün bilikli, yaradıcı və seçkin uşaqları birləşdirməli, ildə iki dəfə Azərbaycanda yaradılan düşərgərdə bir araya gətirməliyik.

Uşaqlarımız üçün yaşamın hər qatında yol göstərcisi olacaq özəl kitablar hazırlanmalıdır. Uşaqlar üçün cizgi filmləri, bədii filmlər çəkərək bənzəmək istədikləri qəhrəmanlar yaratmalıyıq. Onlar yurdsevər, keçmişlərinə bağlı və gələcəyə hazır özəl yetişdirmə yazılımları ilə böyüməlidirlər.

Sovet quruluşunun bizim birlik qurma bacarığımızı yox etmək üçün elədiyi bir həmləni yada salmaq istəyirəm.

Sovetdə elm və sənət adamlarına ad-san verilir, ev-eşik, iş imkanları yaradılırdı.

İş adamları isə aşağılanır, toplumda alverçi, bazarkom, işbaz adları ilə gözdən salınırdı. Günümüzdə hələ də toplumumuzda varlı adamlara qarşı gizli bir nifrət, inamsızlıq qalmağa davam edir. Hələ də elm, sənət və iş adamları arasında uçurum var və bu güclü iş birliklərinin qurulmasına böyük əngəldir.

Sovet quruluşu keçmiş SSRİ ərazisində qurulan bütün fabriklərin, zavodlarını istehsalatını ölkələr arasında parçalamışdı ki, həmişə gəlirlər Moskvada toplansın, həm də quruluş dağılanda işlərin hamısı dayansın. Bunun eynisini yönləndirdiyi ölkələrin insan kapitalını parçalayaraq etdi.

Birləşək deyəndə vurğulamaq istədiyimiz fikir budur ki, toplumdakı bu 3 önəmli sahənin adamlarının artıq aralarında barışması lazımdır. İstər biznes, istər sənət, istər elm sahəsində yaranacaq yeni quruluşlarda birgə çalışmalıdırlar. Bu, çox çətin bir işdir, sovetin bizə alışdırdığı bu gərəksiz alışqanlığı uşaqlarımızı yetişdirərkən aradan qalıra bilərik.

Unutmayaq, izlədiyimiz, dinlədiyimiz və bəyəndiyimiz paylaşımlar bizim düşüncələrimizi, seçimlərimizi, davranışlarımızı, istəklərimizi dəyişdirir, yönləndirir. Özümüzdən, kimliyimizdən uzaqlaşaraq dəyişirik. Mənliyimizdən uzaqlaşdıqca başqalarına bənzərliyimiz çoxalır, sonunda öz baxışımız, yaradıcı bacarıqlarımız korşalır və başqalarından asılılığımız artır. Unutmayaq, Törəsinə, keçmişinə köklənməyənin gələcəyi olmaz. Gələcəyi bu gündən görə bilməsək, geridə qalacağıq.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər