Ru
09:08 / 02 Avqust 2022

Yoluxma artır, modul xəstəxanalar bərpa edilir - Qaydalar sərtləşə bilər

3422
Koronavirus dünyanı, o cümlədən də Azərbaycanı yenidən təhdid edir. “Bitdi” deməyə macal tapmamış, bu qorxunc illət yenidən “qayıdıram” mesajını verməkdədir. Musavat.com-un əldə etdiyi məlumata görə, COVİD-19 virusu ilə mücadilə məqsədi ilə qurulmuş və aylardır boş qalan modul tipli xəstəxanalar yenidən bərpa edilir. Bu da onu göstərir ki, dövlətin müvafiq qurumlarında COVİD-19 pandemiyasının Azərbaycanda və regionda yenidən tüğyan edəcəyinə dair səhih məlumatlar var.


Yeri gəlmişkən, son statistikalara görə, yoluxma 400-ü ötüb. Düzdür, 1 avqusta olan son statistikaya görə, Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasına 102 yeni yoluxma faktı qeydə alınıb, 104 nəfər müalicə olunaraq sağalıb. Bu, yalnız ənənəvi olaraq həftənin ilk iş günü götürülən testlərin azlığı ilə əlaqədardır.


Koronavirusa 2 gün əvvəl 434 yeni yoluxma qeydə alınıb, 324 nəfər müalicə olunaraq sağalıb. Bazar günü bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib. Məlumata görə, sutka ərzində koronavirusdan 1 nəfər vəfat edib. Qeyd edək ki, Azərbaycanda COVİD-19-a yoluxanların son 5 aylıq statistikasına nəzər salsaq görərik ki, bu, ən yüksək nəticədir...


Bildirməliyik ki, Azərbaycan koronavirus fəlakətinə qarşı dünyada ən yaxşı mübarizə aparan ölkələrdən biri oldu. Səhiyyə sisteminin dağınıqlığı, səhiyyə nazirinin zəifliyi və başqa neqativ baza amillərinə baxmayaraq, məhz Prezident İlham Əliyevin bu sahəyə diqqət ayırması, hər şeylə özünün maraqlanması sayəsində Azərbaycan bu bəladan minimum itkilərlə çıxdı. Burada Operativ Qərargahın fəaliyyətini siyasi rəhbərlik adına koordinasiya edən Prezidentin köməkçisi Anar Ələkbərovun adını və uğurlu təşkilatçılığını da xüsusi qeyd etmək lazımdır.





Lakin görünən budur ki, hər şeyi bir daha yenidən başlamaq lazım gələcək. COVİD-19 qayıdır, lakin necə, hansı güc və əhatə ilə? Onun ölkə əhalisinə və iqtisadiyyatına vurduğu zərbələrin miqyası bu dəfə daha artıqmı olacaq? Quru sərhədlərinin açılmaması zərərin miqyasını kiçildirmi? Koronavirusun yeni ştamları daha aqressiv olacaq?


Bu arada, TASS xəbər verir ki, ötən həftə dünyada 6,6 milyon nəfər yeni növ koronavirusa yoluxub ki, bu da daha əvvəlki həftə ilə müqayisədə 600 000 nəfər azdır. Son 7 həftədə ilk dəfə COVİD-19-a yoluxma sayı azalıb. Həftə ərzində təxminən 15 000 koronavirus xəstəsi vəfat edib. Yoluxma göstəricisi ölkələr üzrə ciddi şəkildə fərqlənir. ABŞ-da yoluxma artdığı halda Braziliya və Meksikada azalma müşahidə olunur. Avropa ölkələrindən Fransa və İtaliyada da yeni xəstə sayında ciddi azalma müşahidə olunur. Almaniyada isə artım kifayət qədər yüksəkdir. İndoneziya və Malayziyada xəstə sayında yüksək artım baş verib.


Son həftə Yaponiya koronavirus pandemiyasının yeni dalğası ilə qarşılaşıb, yoluxmalar rekord səviyyəyə çatıb. Nəticədə xəstələrin müraciət etdiyi klinikalarda böyük növbələr yaranıb. Bununla belə, Yaponiya hökuməti koronavirus pandemiyası ilə sonrakı mübarizədə insanların fəaliyyətini məhdudlaşdırmaq deyil, səhiyyə ehtiyatlarının gücləndirilməsi yolunu seçib. Bunu Yaponiyanın baş naziri Fumio Kişida hökumətin məsələyə həsr olunan toplantısı zamanı bildirib. F.Kişida qeyd edib ki, hökumət yoluxmaların qarşısını səmərəli şəkildə alacaq tədbirləri həyata keçirməklə, insanların sosial və iqtisadi fəallığını qorumağa çalışacaq. Bununla əlaqədar koronavirusa qarşı dördüncü peyvəndin qəbulunun genişləndirilməsi barədə qərar da qəbul edilib. Ölkənin səhiyyə naziri Qoto Şiqeyuki də qubernatorları koronavirusun yayılmasına qarşı yardım göstərməyə çağırıb. Bu məqsədlə ölkə üzrə koronavirusa yoluxmuş xəstələr üçün çarpayıların sayının 50 minə çatdırılması xahiş olunub. Nazir həmçinin bildirib ki, antigen testlər üçün dəstlər apteklərə və klinikalara pulsuz paylanacaq.'

İnfeksionist-hepatoloq Mərdan Əliyev mövzu ilə bağlı “Yeni Müsavat”a bunları şərh etdi:



“Bizdə pandemiya ilə çox yaxşı mübarizə aparıldı. Hazıra bütün dünyada yoluxma artmaqda davam edir. Bizdə də bu tendensiya var. İndi dominant olan ”Omikron" variantının BA.5, BA.6 alt variantlarıdır. Bunların hesabına yoluxma müşahidə edilir. Bu variantlarda yoluxma daha sürətlidir. Lakin virusun virulent və patogenliyi zəifləyib. Bu da o deməkdir ki, virus insan orqanizminə get-gedə öyrəşməyə çalışır. Xəstəlik törətmə qabiliyyəti, öldürücülük qabiliyyəti azalır. Lakin bir qədər daha surətli yoluxma qabiliyyəti əldə edib. Bir yaxşı xəbər ondan ibarətdir ki, yoluxma əvvəlki kimi, yenidən artsa da, əvvəlki gedişə malik olmayacaq. Yoluxma sayının artması proqnozlaşdırılan idi. Lakin tez oldu, yay fəslinə düşdü. Bu da narahatedici haldır. Çünki yayda COVİD-in artması payızda daha da sürətli artacağını indidən göstərir. Bunun da indi artmasının səbəbi sonuncu dalğada həm yoluxub sağalanlarda, həm də peyvənd olunanlarda immun sisteminin get-gedə zəifləməsi, antitellərin titrinin azalması, xəstəliyə həssaslığın artması ilə əlaqəlidir. Ona görə də indi yoluxma müşahidə edilir".

İnfeksionist qeyd edir ki, indi yoluxmalar əvvəlkindən fərqli olacaq: “Xəstəxanaların yüklənməsinə gətirib çıxarmayacaq. Bunun səbəbi həm yeni alt variantların virulent və patogenliyinin zəifləməsidir. Həm də cəmiyyətimizdə artıq immunitetin formalaşmasıdır. Demək olar ki, cəmiyyətimizin hər bir üzvü koronavirusla təmasda olub. Ya təbii şəkildə yoluxub sağalıb, ya da peyvənd vasitəsilə virusla təmasda olub. Belə olan halda da insan ikinci dəfə yoluxanda xəstəliyi daha yüngül keçirir. Düşünürəm ki, yoluxma sayı artsa da, xəstəxana şəraiti tələb olunanların sayı, reanimasiya tələb olunanların sayı və ölüm sayları dəfələrlə az olacaq. Belə olan halda da dövlət tərəfindən yəqin ki, karantin qaydalarının sərtləşdirilməsinə çox da ehtiyac olmayacaq. Sadəcə, maskadan istifadə olunması vacibdir. Maska tənəffüs yolunu qoruyan gigiyenik vasitədir. Bundan fərdi şəkildə mütləq istifadə olunmalıdır. Yəqin ki, yoluxma sayı belə templə davam etsə, yaxın iki həftədə maska taxılması məcburi ola bilər”.

TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili şöbəsinin müdiri Zamirə Adilova isə modul tipli xəstəxanaların yenidən bərpa edilməsi ilə bağlı məsələyə münasibət bildirib:




“Hazırda mövcud çarpayı sayı yetərlidir. Yoluxanların mövcud statistikası hələ ki koronavirus xəstələrinin müalicəsi üçün nəzərdə tutulan digər modul tipli xəstəxanaların fəaliyyətini bərpa etməyə əsas vermir. Ümumiyyətlə, hazırda COVİD-19-la mübarizə tədbirləri çərçivəsində profil üzrə TƏBİB-in tabeliyindəki Məhmədi Modul Tipli Xəstəxana, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu və Masallı Mərkəzi Xəstəxanası fəaliyyət göstərir. Modul tipli xəstəxanalar və eləcə də digər tibb müəssisələri zəruri avadanlıqlarla tam təchiz olunub. Hər an istər koronavirus (COVİD-19) xəstələrini, istərsə də digər xəstələri qəbul etməyə hazır vəziyyətdədir. Modul tipli xəstəxanaların fəaliyyət istiqaməti aktiv yoluxma sayının artması və azalmasına uyğun olaraq tənzimlənir”.
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər