Ru
12:56 / 08 Noyabr 2022

Zəfərlə başlayan Sabahımız – Sabir Rüstəmxanlıdan bayram təbriki

4293
Millət vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı Zəfər günü ilə bağlı xalqa təbrik ünvanlayıb.


Bakupost.az həmin təbriki təqdim edir:


“Qırx dörd gün ərzində ordu ilə yanaşı, iki ideoloji sistem üz-üzə gəldi. Bir tərəfdə dünyanın xəritəsini dəyişmək istəyən yeni faşizm, digər tərəfdə isə öz halal torpağını qorumaq istəyən təklənmiş, hüquqları dünya miqyasında gözardı edilən, lakin ədalətli və sülhsevər bir millət!

Azərbaycan Ordusu, onun Ali Baş Komandanı təkcə bir dövlətin şərəfini və haqqını müdafiə etmədi. Həm də dünyaya  örnək göstərdi. Azərbaycanın qələbəsi həm də bu gün dünyada böyük güclərə, qara kapitala, din və irq təssübkeşliyinə söykənən və buna görə də hətta BMT kimi uluslararası qurumların qətnamələrini heçə sayan, işğalçıları müdafiə edən beynəlxalq mafiya üzərində qələbədir, zülm altında inləyən məzlum xalqların yeni imperializm zehniyyəti və xəyalları üzərində qələbədir! Öz xalqına söykənən bir liderin qələbəsidir! Pandemiyanın dünyanı tənəzzülə apardığı bir vaxtda o öz ölkəsini qələbəyə apardı!

Qarabağ zəfəri təkcə  Azərbaycan xalqına şərəf gətirən bir tarixi hadisə deyildi. Azərbaycan dünya xəritəsində kiçik görünür, lakin onun Cənubi Qafqazda və Avrasiyadakı mövqeyi, böyük və şərəfli tarixi həmişə Türk- İslam dünyasının əsas söz sahiblərindən biri olmasına şərait yaradır. 1918-ci ildə İslam aləmində ilk respublikanın qurucusu kimi şöhrət qazanan Azərbaycan 44 günlük savaşda da şərə qarşı mübarizənin, çağdaş müharibənin yeni modelini göstərdi. Müharibə Türkiyə, Pakistan və Azərbaycan mənəvi birliyi timsalında İslam aləminə bir örnək oldu. Türk dövlətləri təşkilatının yaranmasını sürətləndirdi, qoşulmamaq hərəkatının üzvü olan dövlətlərin məzlum xalqlarına ümid verdi. Onların öz mənəvi güclərinə olan inamını möhkəmləndirdi. Və bütün dünyada haqqın, ədalətin qələbəsinə aparan yolu aydınlatdı. Bu yolun milli birlikdən, vətəndaş həmrəyliyindən keçdiyini göstərdi. Zəfər bayramının bir nəticəsi də millətimizi sıxıntıdan qurtarmaq, mənəvi aşınmadan xilas etmək oldu. Xalq öz gücünə və üstünlüyünə inandı. Ziyalıların, sənət adamlarının yorğun  ilhamları yenidən çağladı.

Müharibədən bir il əvvəl mən xalqımıza müraciətlə “ Savaş bitməyib hələ” deyirdim.

O vaxt yazmışdım:

Oyan, sıyrıl səbrindən vaxt gözləmir, vaxt uçur.

Baxt quşu küsəyəndir, qorumasan baxt uçur.

Barı indi sirkələn, indi ayılsın başın,

Başlansın düşməninlə ölüm-dirim savaşın.

Zəfər bayramı günlərində isə  “Qarabağa dönüş” poemasını yazdım.

Öz xalqının qələbəsini görmək hər bir qələm sahibinin xoşbəxtliyidir. Lakin, 30 illik işğal dövründə də biz heç vaxt Qarabağın azad olunmasına inamımızı itirmədik.

Bu gün Azərbaycan Prezidentinin Qarabağa səfərlərinə baxanda, onun təməlqoyma mərasimlərini izləyəndə mənə elə gəlir ki onun ürəyində özünə şəxsi ev tikən, mülk salan bir gənc ailə başçısının sevinci var. Uzun müddət evsizliyin acılarını yaşamış bir insan öz halal torpağında təməl qoyub, ev tikəndə, onu kərpic- kərpic ucaldanda necə fərəhlənirsə, Prezident İlham Əliyev də Qarabağı  o duyğu ilə dolanır və Qarabağın  minalardan təmizlənmiş, yolları çəkilib başa çatmış, şəhərləri, kəndləri qurulub başa çatmış, gələcək gözəl günlərini elə  bir həyacanla gözləyir. Şükür Zəngilana, Füzuliyə, Şuşaya, Ağdama bir neçə dəfə getmişik, xarici qonaqları aparmışıq və düşmənin bütün alçaqlıqlarının şahidi olmaqla yanaşı, həm də Azərbaycan dövlətinin apardığı böyük quruculuq işlərindən fərəhlənmişik. Ona görə də bu gün nə Ermənistanın fitnəkarlıqları, nə də qonşumuz İranın məkrli, ikiüzlü siyasəti bizim gələcəyə olan böyük inamımızı sarsıda bilməz.

Bayram münasibəti ilə millətimizi və ordumuzu ürəkdən təbrik edir, Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı arzulayıram. Yazımı 1996-cı ildə yazılan və “Qarabağa dönüş” poemasının sonuna əlavə etdiyim bir şeirlə tamamlayıram. Bu şeir  qələbə inamımızı heç vaxt itirmədiyimizin təsdiqidir.

 

…Görən, yenə Şuşanın bal dadırmı havası,

Tərtərin nəğməsinə, görən, kim qulaq asır?

El gedəndən Həkəri necə boğur hirsini,

Yazılı daşlarımız kimə verir dərsini?

Bizləri unutdumu, görən, Göyçə, Zəngəzur,

Təbriz niyə danışmır, Ərdəbil niyə susur?

Bu ehkam dağılanda qatmazlar ki, aranı,

Nə qədər vaxt gərəkdir sağaldaq bu yaranı?

…Hər sözün başı sual, hər sualın sonu qəm,

Bu qəmlərin ardında qəmsiz səhər görürəm.

Deyirsən bitəcəkmi bu ağrılar?

Deyirəm, hə, bitəcək!

Ömrümüz o illərə yetəcəkmi?

– Yetəcək!

Ovacağıq Şuşada düşmənlərin burnunu.

Erməni kimdir türkün sındıra qürurunu?

Bu da Qərbin fitvası, bu da bir sirdi olub,

Yoxsa o bizi yensin?

Hansı əsrdə olub?

Bu köç geri dönəcək səfərdən dönən kimi,

Dağlar da dikələcək ruhumuz dinən kimi!

Qurulacaq Qarabağ əvvəlkindən daha şən,

Bərdədən Göyçəyəcən.

Sağalacaq yaralar olsa nə qədər dərin,

Belini dikəldəcək qocaman Xudafərin.

Ağdamın ağ damları,

Qızılgül hasarları,

Kəlbəcər yaylaqları,

Alagöllər üstündə sazın coşan çağları,

Hər bulağın üstündə uzanan məclisimiz,

İşıqlı dağınacan işıq saçan izimiz.

Türbələr, qurbangahlar,

Didərgin ruhlarımız

Sərvətimiz, varımız,

On çadırlı obadan min evli kəndlərəcən,

Kağız üstə yarımçıq çəkilmiş bəndlərəcən,

İlxıların atından, sürünün itinəcən

Həkəri balığından,

Murovun südünəcən,

Hər şey dönəcək geri,

Tutacaq öz yerini!

Elimiz unudacaq bu sınıq günlərini.

Dağlara ruh gələcək şikəstədən, muğamdan,

Düşmənlərin əlini üzəcəyəm yaxamdan.

Millətim dikələcək qırx milyon, əlli milyon.

Bu birlik mahnısını qitələr eşidəcək.

Gəncədən Naxçıvana, Naxçıvandan Qəzvinə

Əngəlsiz, maneəsiz yollarım çəkiləcək!

Sümüyə dirənibsə əsarət bıçaqları

Qapımın ağzındadır, demək xoşbəxt çağlarım.

Tarix qatarlarını saxlamaz öz yolundan

Kiminsə hədələri, kiminsə öləcəyi.

Azərbaycan içindən doğulur, diqqətlə bax,

Xalqın ruhu bütövsə, bütövdür gələcəyi!”


Şərhlər
  • t.ədalət

    Əgər bir xalqın şairi,deputatı hələ də ölkəmizin cəbhə xəttində kiminlə üz-üzə dayandığını görmürsə,görürsə də xalqın diqqətini yana çəkirsə-vay o xalqın halına!Məgər,Azərbaycan torpaqlarının işğalçısı ermənidir?Azərbaycanı da,ermənistanı da özünün imperiya maraqlarına qurban edən,müharibədə hər iki ölkənin gənclərini məhv edərək müstəqillik uğrunda aparılan mücadiləni ləngidən xain Rusiya deyilmi?Siz görmürsünüz ki,Paşinyan da,onu dəstəkləyən xarici dövlətlər də bu yerləri oda-atəşə tutan Rusiyadan yaxa qurtarmağa çalışırlar.Putinçilər Suriyada olduğu kimi,xalqın azadlıq arzularını terror təxribatları əngəlləməyə çalıəşırkən,gəlin başımızı kiçik düşmənlərlə aldatmayaq!Bizim azadlığımızın,qələbəmizin açarı Türkiyə olacaq.Baxmayaraq ki,keçmiş sovet agentura şəbəkəsi bu gün də çıxışları ilə nala-mıxa vura-vura xalqın məqsədini azdırmaq üçün dəridən-qabıqdan çıxırlar, nəticə bizim olacaq!Bunun üçün rus kəşfiyyatının "çörəyini yeyənləri",ilk növbədə faş etməliyik!

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər