"Braziliya və Çin hökumətləri tərəfindən təklif olunan sülh planı Rusiyanın maraqlarına daha uyğundur və Kiyev üçün qəbuledilməz olaraq qalır".
Bakupost.az xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski Braziliyanın “Metropoles” nəşrinə müsahibəsində bildirib.
“Təəssüf ki, mən hesab edirəm ki, Braziliya-Çin təşəbbüsləri daha çox Rusiyayönümlüdür”, - Zelenski deyib.
O, bu barədə Braziliya prezidenti Luiz İnasio “Lula” da Silvaya açıq şəkildə dediyini bildirib.
Çin və Braziliya bu il mayın sonunda Ukraynadakı müharibənin sülh yolu ilə həlli üçün öz təkliflərini dərc ediblər. Onlar bəyan ediblər ki, münaqişəyə son qoymağın yeganə yolu bütün tərəflərin bərabər iştirakı ilə sülh danışıqlarının aparılmasıdır.
Bu həftə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, Moskva Braziliya və Çinin təşəbbüsünü alqışlayır.
"Düşünürəm ki, bu təşəbbüs qlobal Cənubda getdikcə daha çox dəstək alır", - Ryabkov "RT"-yə bildirib.
Zelenskinin sözlərinə görə, bu “sülh planı” Ukrayna ilə razılaşdırılmayıb və Kiyev əraziləri ilə bağlı Rusiyaya heç bir güzəştə gedə bilməz.
“O (Rusiya prezidenti Vladimir Putin) ərazimizə müdaxilə etdi, insanları öldürdü, əraziləri ələ keçirdi və indi Lula deyir: “Onlar gəlib danışıqlara başlasınlar”. Mən sadəcə Lula ilə danışa bilərdim. Çünki Lula mənim düşmənim deyil. Oturub bir şey haqqında danışmaq üçün güclü olmalıyam. O, (Vladimir Putin) müharibənin bitməsini istədiyini göstərmək üçün addımlar atmalıdır. Sadəcə olaraq demək olmaz ki, biz bir-birimizlə görüşmək üçün addımlar atmalıyıq”, – Zelenski deyib.
Zaur, BakuPost