Zəlzələdən sonra böyük dağıntılara məruz qalan Hatayı şəhər sakinləri tərk edir.
Bakupost.az türk mediasına istinadla bildirir ki, ardıcıl zəlzələlərdə evləri dağılan Hatay sakinləri avtovağzallara axışaraq xilas edə bildikləri əşyalarla dağılmış şəhəri tərk edirlər.
“Bizim heç nəyimiz qalmayıb”
40 ildir Hatayda yaşadığını bildirən Ümit Özalp:
“Antakyanın Hatay şəhərində doğulub böyümüşəm. Zəlzələ oldu, salamat heç nə qalmadı. Evimiz, ölkəmiz, övladımız... İşimizi itirdik. Hazırda vəziyyətimiz acınacaqlıdır. Hər kəs öz şəhərini, məmləkətini dəyişir, tərk edir. Bu zəlzələyə 7.7 bal gücündə deyirlər, amma heç inanmıram. Zəlzələ 12-dən yuxarıdır. Çünki daşın üstündə daş qalmayıb”.
“Gündə ən azı 2 min sərnişin daşıyırıq”
Avtobus şirkətində çalışan Kənan Çağlar deyib:
“Ümumiyyətlə, sərnişinlərimiz Antalya, Mersin, İstanbula gedirlər. Burada nə ev, nə də yatmağa yer var. Biz əlimizdən gələni etməyə çalışırıq. Avtobuslar hər saat yola düşür. Bəziləri evlərinin necə olduğunu görmək üçün qayıdırlar. Maşınlar doludur. Biz gündə ən azı 2000 sərnişin daşıyırıq”.
Qeyd edək ki, fevralın 6-da baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlər Hatayda minlərlə insanın ölümünə və evsiz-eşiksiz qalmasına səbəb olub.
Dünən episentrləri Defne və Samandağ olmaqla daha iki zəlzələ baş verdi.
Böyük qorxu və çaxnaşma yaşanan şəhərdə bəzi qəzalı binalar sökülüb.
Dünənki zəlzələdə 6 nəfər həyatını itirib, 300-dən çox insan yaralanıb.
Aygün
BakuPost