Ru
10:46 / 22 Oktyabr 2022

Zəngilandan dünyaya barış mesajı verən Türk gücü

17924
Fəzail İBRAHİMLİ
Milli Məclis Sədrinin Müavini









Azərbaycan tarixinin şanlı səhifəsi olan Zəfər Savaşının qürurlu ildönümlərini yaşamaqdayıq. 30 il ərzində işğal tarixlərini sızıntı və qüssə ilə qeyd edən xalqımız indi həmin yurdların azad olunma günlərin sevincin yaşayır. Azərbaycan prezidentinin birbaşa nəzarəti və rəhbərliyi altında işğaldan azad olunmuş bölgələrdə aparılan genişmiqyaslı abadlıq quruculuq işləri isə bu sevinci bir qədər də artırır. 44 gün ərzində cəbhə meydanında Baş Komandan, diplomatiya masasında fövqəlsiyasətçi olan Azərbaycan lideri bu gün eyni qüdrət və bacarıqla yenidənqurma işinə rəhbərlik edir.

İşğaldan azad olunmuş ərazilərdə digər infrastruktur layihələrlə yanaşı, Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə Füzuli, Zəngilan və Laçında beynəlxalq hava limanlarının tikintisinə başlanmış, regionun inkişafında strateji əhəmiyyət kəsb edən 3 hava limanının inşa edilməsi postmüharibə dövründə həyata keçirilən genişmiqyaslı işlərin əsasını təşkil edir. Təxminən bir il öncə müasir standartlar əsasında tikilmiş Füzuli Beynəlxalq Hava Limanının açılışının ardınca Zəngilanda da belə bir hava limanının qısa müddətdə və yüksək keyfiyyətlə inşası Azərbaycan dövlətinin qüdrətini göstərməklə yanaşı, həm də işğaldan azad edilmiş rayonlarımızın tezliklə bərpa oluna¬cağının və oraya yenidən həyatın qayıtmasının bariz nümunəsidir. Qardaş Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bölgədəki quruculuq işlərinə “Qarabağın inkişaf dastanının yazılmasının bir göstəricisi”-deyə qiymət verməsi də təsadüfi deyildi. Dünyanın həm siyasi, həm iqtisadi baxımdan indiki çalxalanma dönəmində Azərbaycanın işğal dönəmində xaraba qoyulmuş yurdlarımızda gördüyü işlər fantastikdir. Zəngilan Hava Limanı isə xüsusi geostrateji əhəmiyyətə malikdir. Zəngəzur dəhlizinin açılması ilə iqtisadi baxımdan ən sərfəli Şərq-Qərb marşurutunun mühüm bölgəsi olan bu rayon qlobal loqistik layihələrin mərkəzinə çevriləcək. Biz bölgədə davamlı sülhün və hərtərəfli normallaşmanın tərəfdarıyıq. Bu coğrafiyadan keçəcək quru və dəmir yolu xətləri təkcə Azərbaycan və Türkiyə üçün deyil, bütün bölgə ölkələri üçün iqtisadi və ti¬cari fürsətlər yaradacaq.

Təbii ki, hər bir açılışın, təməqoyma mərasiminin dövlətimziin iqtisadiyyatı üçün mühüm önəmi var. Şübhəsiz ki, belə bir hadisəni daha əhəmiyyətli edən Füzuli Beynəlxalq Hava Limanında ilk rəsmi qarşılanmanın həyata keçirilməsi və bu ilk uçuşun qardaş Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə gerçəkləşməsidir. Geostrateji cəhətdən bu yolun təməlinin qoyulması və Zəngəzur dəhlizinin reallaşması üçün atılan ən mühüm addımın gerçəyə çevrilməsi, ələlxüsus da, qardaş dövlətin başçı¬sının bu önəmli mərasimdə şəxsən iştirakı hadisənin ağırlığını, san¬balını tarixiləşdirir, siyasi-iqtisadi əhəmiyyətini genişləndirir. Azərbaycanın haqlı davasında bir an belə yanından uzaq olmayan qardaş Türkiyə dövlətinin hazır¬da da bu birliyi, bu səmimiyyəti ən yüksək səviyyədə göstərməsi, dövlət səviyyəsində Azərbaycanın bu diyarı cənnətə çevirmə missiyasında ya¬nında yer almasını Zəngilan Hava Limanının açılışında hər iki xalq olaraq bir daha sevinclə və fərəhlə izlədik. Azərbaycanla Türkiyə arasında uzun illərin sınağından çıxmış dostluq və qardaşlıq münasibətləri bir daha onu göstərir ki, iki ölkə arasındakı əlaqələr əbədidir və heç bir qüvvə Azərbaycan - Türkiyə dostluğunun, qardaşlığının qarşısını ala bilməz. İki qardaş ölkənin yaxından iştirakı ilə reallaşdırılan qlobal layihələr regionun mənzərəsini dəyişir. Cənubu Qafqazda sülh və təhlükəsizliyin təmin olunması, bu bölgənin yaxın gələcəkdə dünyanın inkişaf mərkəzlərindən birinə çevrilməsi üçün əsaslı zəmin formalaşdırır. Bu prosesə töhfə verən hər kəs bundan yalnız faydalanacaq.

Azərbaycan və Türkiyə bu gün regionda yeni bir reallıq yaradır. Qarabağ savaşı Böyük Qələbəmizlə başa çatandan sonra Cənubi Qafqaz çox ciddi və mühüm bir başlanğıca qədəm qoyur. O başlanğıcın adı Sülh, Sabitlik və İnkişafdır! Türkiyə Prezidentinin Hava Limanının açılışından sonra Cəbrayıl rayonunda “Dostluq Meşəsi” Kompleksinin təməlqoyma mərasiminə qatılması, Azərbaycan prezidenti ilə birgə burda ağac əkməsi və əraziyə ceyran buraxılması. Həm də bunun mesajı idi. Bu gün bölgədə əsas söz sahibi artıq Türkiyə və Azərbaycandır, ikinci Qarabağ müharibəsində qalibiyyət regionda Türkiyə Azərbaycan müttəfiqliyinin ən yüksək zirvəsidir. Bu müttəfiqlik məhz Şuşa Bəyannaməsi ilə rəsmiləşdi. Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan təkcə iki türk dövlətinin qardaşlığını inkişaf etdirmir, həm də türk dünyasının birləşməsinə aparır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər