Ru
21:38 / 30 Sentyabr 2020

Azərbaycan əsgəri - 30 illik həsrətin müjdəçisi!

5563
27 sentyabrdan etibarən Ermənistan silahlı qüvvələri hər zamankı kimi genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutmağa başlayıb. Buna cavab olaraq artıq Azərbaycan Ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilib. Artıq bir neçə gündür ordumuz dayanmadan irəliləyir, rəşadətlə düşmənin silahlı qüvvələrinin atəş nöqtələri susdurur və döyüş fəaliyyətinin qarşısını alır. Baş verən hadisələr fonunda 30 ildir 20 faiz torpağı işğalda olan Azərbaycan xalqının hamısı bir nəfər kimi: 1 milyon qaçqın və məcburi köçkünü olan xalq kimi, yurd yuvasndan didərgin olan insanların övladları kimi, vətən nisgilli vətəndaş kimi döyüşmək üçün bu gün Ali baş Komandanın döyüş əmrini gözləyir. Dövlət başçısı düşmənin son təxribatından sonra xalqa müraciətində Ermənistanın nə məqsədlərlə bu addımları atdığını faktlarla açıqladı. Prezident çıxışında bir daha qeyd etmişdir ki, Azərbaycan heç bir təxribata əl atmamışdır. Azərbaycan, sadəcə olaraq, öz maraqlarını müdafiə edir, öz mövqeyini dəstəkləyir və öz siyasətini alnıaçıq aparır. Dövlət başçısının çıxışında qeyd etdiyi son sözlər isə sanki xalq üçün yenidən stimul oldu, işğalda olan torpaqlarımızı azad edəcəyimizə bir daha əminlik yarandı. Çıxışda deyildiyi kimi: "Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!"

30 ilə yaxındır susan beynəlxalq təşkilatlar, indi Azərbaycandan döyüşləri dayandırmasını tələb edir...

Bu gün bir sıra beynəlxalq təşkilatlar atəşkəsin pozulmasından narahatlığını ifadə edir və tərəfləri sülhə səsləyir. BMT-nin Baş katibinin Antoniu Quterreş rəsmi Bakı və İrəvanı döyüşləri dərhal dayandırmağa, gərginliyi azaltmağa və danışıqıarı bərpa etməyə çağırıb.
Hamımız yaxşı bilirik ki, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsilə bağlı qəbul edilmiş dörd qətnaməsi var. Həmin dörd qətnamədə deyilir ki, erməni silahlı qüvvələri dərhal, tam və qeyd-şərtsiz işğal edilmiş torpaqlardan çıxarılmalıdır. Otuz ilə yaxındır ki, bu qətnamələr kağız üzərində qalır. Otuz ilə yaxındır ki, Minsk qrupu çərçivəsində danışıqlar aparılır və bunun sonunda Ermənistan müntəzəm olaraq hərbi təxribatlar törətməklə danışıqlar prosesini iflic vəziyyətə salıbdır. İndi bizdən döyüşləri dayandırmamızı istəyən BMT Təhlükəsizlik Şurasına belə bir sual yaranır: Bəs, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyiniz 4 qətnamənin şərtlərinin yerinə yetirilməsini 27 ildir ki, hansı səbəbdən təcavüzkar ermənistan dövlətindən tələb etmirdiniz?

Bizim üçün hərbi əməliyyatlar yalnız o zaman dayana bilər ki, ya düşmən təslim olsun və işğalda saxladığı ərazilərdən çıxsın, ya da BMT-nin qəbul etdiyi qətnamələri qəbul etsin. Bu da olmasa şanlı Azərbaycan Ordusu düşmənin ayaqaltı edərək bütün işğal altında olan əraziləri azad edəcək!

Bu reallıqdan sonra məlumat üçün qeyd edim ki, BMT Təhlükəsiz Şurasının daimi üzvlərindən olan Rusiya və Fransa ermənistan dövlətinin leyhinə addım ataraq tərəflər arasında atəşkəsin yenidən bərpasına çalışacaq. Nəticədə isə yenə qeyri-müəyyən vaxta kimi gözləməli olacağıq.Lakin indi bizim üçün ən doğru olanı, BMT-ni ,Parisi,Moskvanı,Pekini,Vaşinqtonu,Londonun rəyini deyil, döyüşü davam etdirib işğalçı erməniləri öz torpaqlarımızdan rədd etməkdir!

Görünən odur ki, elə 1992-ci ildən fəaliyyət göstərən və faktiki olaraq nəticəyə nail ola bilməyən ATƏT-in Minsk Qrupu da bizi yenidən danışıqlara cəlb etməklə əslində erməni işğalını uzadır. Bu danışıqlar ancaq o zaman davam edə bilərdi ki, Minsk Qrupu toplanaraq formata yenidən baxsın. Lakin buna mane olan qüvvələr var. Fransa, Rusiya, Amerika - üç həmsədrin özləri də formatın dəyişməsini istəmirlər və Ermənistanda buna mane olur.. Beynəlxalq təşkilat anlamalı idi ki, hadisələr bu cür də davam edə bilməz. Çünki bu formatda münaqişənin həllinə nail ola bilməyəcəyik. İndi Azərbaycan, işğalda olan torpaqlarını azad etmək üçün heç bir Beynəlxalq Hüquq normalarını pozmadan, öz müqəddəratını özü həll edir. Eyni zamanda bu təşkilatlar və erməniləri dəstəkləyən bütün qüvvələr anlamalıdır ki, Prezident İlham Əliyevin də vurğuladığı kimi, Azərbaycan müharibə etmir, sadəcə işğal altnda olan ata-baba yurdu Dağlıq Qarabağı terorçu ölkədən təmizləmək üçün anti-terror əməliyyatlarına başlayıb.

Xarici dövlətlərin Azərbaycana dəstəyi

Bir ovuc torpaq da vətəndir. Bu deyim əbəs yerə deyilməyib və ovuc içi qədər torpağı vətən sayanlar bu gün Azərbaycana öz dəstəklərini əsirgəmirlər. Hər zaman olduğu kimi ölkəmizə ən böyük dəstək qardaş Türkiyədən gəldi. İstər Türkiyə rəsmiləri, istərsə də sadə vətəndaşları bizim haqq mübarizəmizdə yanımızda olduğumuzu dəfələrlə bəyan edib. Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu cəbhədə baş verən son təxribatlar ilə bağlı bildirib ki, Ermənistan yenə həddini aşıb: "Bu dəfə onlar cavablarını döyüş meydanında almaqdadırlar. Can Azərbaycan ilə döyüş meydanında və danışıqlar masasında birlikdəyik".

Ən böyük dəstək mesajını Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Beynəlxalq Dəniz Qanunu və Şərqi Aralıq dənizi Simpoziumunda çıxışı zamanı bildirib. Çıxışda deyilir: "Minsk qrupu həmsədrləri kimdirlər ki, soruşurlar ki, Türkiyə ordadırmı? Türkiyə Azərbaycana silah yardımı edirmi? Bu insanlar o insanlardır ki, Türkiyənin şərqinə minlərlə tır silah daşıyırlar. Bu insanlar 30 ildir problemi həll etmək bir yana, həll edilməməsi üçün əllərindən gələni edirdilər. İndi durub ağıl verirlər. Qardaşım İlham Əliyev 30 ildir onlara hesab verir, kömək edən idilərsə, həmin vaxt edərdilər. İndi Azərbaycan öz müqəddəratını özü həll edir." Bu haqlı çıxış, nəinki MİNS qrupu, eləcə də bütün dünya üçün ismarıc olsun.

Ermənistanın terrorçuluğunu pisləyən və Azərbaycana dəstək verən ölkələrdən biri də, Pakistandır.Belə ki, Pakistan Xarici İşlər Nazirliyi törədilən təxribatlarla bağlı bəyanat yayıb və bildirib ki, Pakistan qardaş Azərbaycan xalqının yanındadır və onun ərazi bütövlüyünü dəstəkləyir. Daha bir dəstək İtaliya senatorundan gəldi. O bildirib ki, münaqişənin Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış dövlət sərhədlərinin toxunulmazlığı prinsiplərinə tam hörməti özündə ehtiva etməlidir. Öz dəstəyini nümayiş etdirən ölkələrdən biri də, Ukraynadır. Belə ki, Ukrayna XİN rəhbəri cəbhədəki vəziyyəti azərbaycanlı həmkarı ilə müzakirə edib. Bildirilib ki, Ukrayna beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir. Bir azərbaycanlı kii doğma Azərbaycanımın haqq səsini duyub, dəstək olan bütün tərəflərə təşəkkürümü bildirirəm.

Qorxuya düşən Ermənistanın yalanları...

Dağlıq Qarabağı və 7 rayonumuzu işğal edərək azərbaycanlıları qətlə yetirib, işgəncələr edib, ata-baba yurdlarından didərgin salıb, orada məskunlaşanlar, indi qüdrətli Azərbaycan ordusunun gücündən qorxub geri qaçırlar. Artıq haqq sözünü deyir, bax beləcə ya geri çəkiləcək, ya da sonuncu nəfərinizə kimi öləcəksiz! Günlərdir Azərbaycan Ordusunun haqq mübarizəsindəki qələbə xəbərləri gəldikcə, mənfur düşmənlərimiz pis vəziyyətə düşür. Artıq o vəziyyətdir ki, rəsmi Ermənistan öz xalqına yalanlar söyləyir, öz məğlubiyyətini gizləməyə çalışır. Bununla da erməni əhalisi arasında hökm sürən təşviş və ordularındakı yaranmış xaosu bir qədər azaltmaq məqsədi güdür. Əvvəla qeyd edim ki, düşmən tərəfinin qəsdən Azərbaycan Ordusundakı itkilərin sayı ilə bağlı reallığı əks etdirməyən məlumatlar yayır, hansı ki,bunun heç bir əsası yoxdur və reallığı əks etdirmir. Qarşılığında düşmənin sərsəmcə verilmiş hər bir bəyanatına , Azərbaycan Müdafiə Nazirliyinin faktlarla söykənən və yalanları darmadağın edən bir gerçək cavabı var! Erməni hərbi təbliğat maşınının növbəti fantaziyası Ermənistan hərbi hava qüvvələrinə məxsus Su-25 təyyarəsinin guya F-16 qırıcısı tərəfindən vurulması barədə yaydığı məlumatıdır. Düşmənin yaydığı bu tip məlumatlar təxribat xarakteri daşıyır, eyni zamanda beynəlxalq ictimaiyyətin diqqətini cəlb etməyə yönəlib. Bütün bu yalanların fonunda bir də Ermənistanın hərbi komandanlığının post qurub qaçan əsgərlərini zorla orduda saxlaması kimi bir gerçəkliyi var. Çünki düşmən ordusunda bu cür insdentlərin olduğu sirr deyil və bunu erməni xalqı hər gün öz yazdıqları ilə təsdiq edirlər.

Şanlı ordum, irəli!

Qeyd etdiyim kimi, hələ təxribatlara cavab verilməyə başlandığı ilk vaxtlardan Azərbaycan xalqı öz ordusuna inanaraq xoş müjdələri gözləyirlər. Hələ iyul hadisələri zamanı minlərlə Azərbaycan vətəndaşı könüllü kimi qeydiyyatdan keçib, səfərbərliyə müraciət edib, döyüşmək istəyini bildirmişdi. İndi isə bütün xalq böyük ruh yüksəkliyi və döyüş əzmi ilə səfərbərliyin elan edilməsini gözləyir. Baxmayaraq ki, ölkəmizdə qismən səfərbərlik elan edilib, cəbhəyanı ərazilərdən başlayaraq uşaqdan böyüyə hər kəs döyüə hazırdır və Ali baş Komandanın əmrini gözləyir. Ordumuz irəlilədikcə, xoş xəbərlər gəldikcə insanlarda olan inam daha da artır. Çünki hər kəs anlayır ki, vətən bizə yox, biz vətənə borcluyuq! Əbəs yerə deyilməyib ki, bayraqları bayraq edən qandır, torpaq uğrunda ölən varsa vətəndir!

Rəşadətli Azərbaycan ordusu, səsin daim "qələbə bizimlədir" sözləri ilə gəlsin! Həsrətlə yolumuzu gözləyən Şuşamızla, Kəlbəcərimizlə, Laçınımızla, Kəlbəcərimizlə sevindir bizi. Bu günü tariximizə ən sevincli günümüz kimi yazaq. Biz Azərbaycan xalqı olaraq ordumuza inanırıq ! İnanırıq ki, igid oğullarımız bizə zəfər xəbərləri gətirəcəyi günlər uzaqda deyil. Marş irəli, Azərbaycan əsgəri!

Bayraq mənliyimdir, bayraq kimliyim,
Bayraq-öz yurduma öz hakimliyim.
Harda əcdadımın ayaq izi var,
Bu zəfər bayrağım orda dikəlsin.
Keçdiyi yerlərdə dağlar, yamaclar
Onun hüzuruna salama gəlsin.
Tarixdən qədimdir, zamandan qoca
Mənim bayrağıma sancılan hilal.
Aləmə nur saçdı tarix boyunca
Məbədlər başına tac olan hilal.
Daim ucalasan! Savaş günündə
Əsgər silahıyla səni tən görüm.
Yalnız zəfər çalmış şəhid önündə
Səni alqış üçün əyilən görüm.

Mədəniyyət Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin sektor müdiri Aydın Tağıyev
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər