Azərbaycan Fransaya nota verdi

  • 12 Sen 2019 18:19
  • 1612 Baxış
Azərbaycan Fransaya nota verdi
"Fransa parlamentarilərinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfərini qəti şəkildə pisləyirik".

Bunu "Report"a açıqlamasında Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəhbəri Leyla Abdullayeva fransız deputatların Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfərini şərh edərkən bildirib.

Onun sözlərinə görə, yerli azərbaycanlı əhalinin qanlı etnik təmizləməsini həyata keçirən və münaqişənin həlli çərçivəsində məcburi köçkünlərin əzəli yaşayış yerlərinə qayıtmalarının qarşısını almaq üçün əlindən gələni edən Ermənistan tərəfindən ölkəmizin işğal olunmuş ərazilərinə bu qanunsuz səfərin həyata keçirilməsi Fransa Parlamenti üzvlərinin rəhbər tutmalı olduqları "azadlıq, bərabərlik, qardaşlıq" yüksək ideallara və fundamental insan hüquqlarına tamamilə ziddir.

"Bu addım qərəzli, Fransanın erməni lobbisinin təsiri altında olan və əvvəlki qanunsuz səfərləri səbəbindən adı artıq Azərbaycana girişi arzuolunmaz şəxslər siyahısında yer alan Gi Tesye (Guy Teissier) kimi deputatlar tərəfindən atılıb. Ona qoşulan qanunsuz səfərin digər iştirakçılarının - millət vəkilləri Valeri Buaye (Valérie Boyer), Jan-Pyer Cübertafon (Jean-Pierre Cubertafon), Məhəmməd Laqhila (Mohamad Laqhila), Daniel Kazaryan (Danièle Cazarian), Giyom Kasparyan (Guillaume Casbarian) və senator Pyer Uzuliasın (Pierre Ouzoulias) da adları müvafiq olaraq həmin siyahıya salınacaq. Bununla əlaqədar Fransanın ölkəmizdəki müvəqqəti işlər vəkili Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb və ona Fransa tərəfinə ünvanlanan etiraz notası təqdim edilib. Sənəddə bu cür qanunsuz səfərlərin həyata keçirilməsinin ATƏT-in Minsk Qrupu həmsədrlərinin, o cümlədən Fransanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həll olunması məqsədini güdən səylərini ciddi şəkildə sarsıtdığına, eyni zamanda bu prosesdə vasitəçi qismində Fransanın nüfuzuna xələl gətirdiyinə xüsusi diqqət çəkilir.

Fransa hökumətini bir daha bu ölkənin parlamentarilərinin Azərbaycan ərazilərinin işğalı nəticəsində yaranmış status-quonun möhkəmləndirilməsinə yönəlmiş qanunsuz səfərlərinin qarşısını almaq üçün qətiyyətli tədbirlər görməyə və bununla da, öz beynəlxalq öhdəliklərinin düzgün yerinə yetirilməsi maraqlarını rəhbər tutaraq, nizamlamada vasitəçi kimi qərəzsiz yanaşmasının ardıcıllığını təsdiq etməyə çağırırıq.