Ru
21:57 / 06 Dekabr 2019

Azərbaycan gündəlik neft hasilatını daha 7 min barel azaldacaq

1891
Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin (“OPEC +”) nazirlərinin VI görüşündə 2020-ci ilin ilk rübündə gündəlik neft hasilatının daha 500 min barel azaldılması ilə bağlı qərar qəbul olunub. Bununla da “OPEC+” üzrə gündəlik neft hasilatının azaldılması ilə bağlı öhdəlik 1,7 milyon barelə çatdırılıb. Hasilatın azaldılması ilə bağlı əlavə həcmlərin bölünməsi “OPEC+” ölkələri arasında proporsional qaydada aparılıb.

Energetika Nazirliyindən BakuPost-a bildirilib ki, dünya neft bazarının tənzimlənməsi prosesinə dəstək məqsədilə Azərbaycan da hasilatın əlavə həcmlərdə azaldılması ilə bağlı yeni razılaşmaya qoşulub. Azərbaycan müvafiq olaraq gündəlik neft hasilatını 20 min bareldən əlavə daha 7 min barel azaldacaq. Beləliklə, öhdəliyi 27 min barelə yüksələn Azərbaycan 2020-ci ilin yanvar ayından etibarən gündəlik hasilatı 769 min barel həcmində saxlamalıdır.

İclasda çıxış edən Energetika naziri Pərviz Şahbazov bildirib ki, “OPEC+” qərarı indiyə kimi bazarın balanslaşdırılmasına öz töhfəsini verib. Qlobal iqtisadiyyat, neft bazarının inkişafına dair proqnozlar, eləcə də bir sıra geosiyasi faktorlar da göstərir ki, 2020-ci il üçün də tənzimləmə tədbirləri zəruridir: “Bazarda balansın və dayanıqlı sabitliyin təmin edilməsi əməkdaşlığımızın başlıca hədəfidir. Azərbaycan “OPEC+” formatı çərçivəsində indiyə kimi bütün təşəbbüsləri dəstəkləmiş ölkə olaraq bu əməkdaşlıqda iştirakda maraqlıdır. Hesab edirik ki, “OPEC+” ölkələri olaraq biz gələn il də həmrəylik və öhdəliklərimizə sadiqliyimizi davam etdirməliyik”.

Nazir Azərbaycanın indiyə kimi gündəlik neft hasilatını 20 min barel azaltmaqla bağlı öhdəliyini artıqlaması ilə yerinə yetirdiyini qeyd edib.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər