Azərbaycan Ordusu Ağdərə istiqamətində irəlilədi - Nə baş verir?

Azərbaycan Ordusu Ağdərə istiqamətində yenidən irəliləyib.

Bakupost.az xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Məlumata görə, bölgənin “rəhbəri” Hayk Baxşiyan deyir ki, Azərbaycan hərbçiləri iki gün əvvəl irəlilədikləri mövqeləri tutublar və Nor Qazançı (Sırxavənd) kəndi istiqamətində yenidən irəliləyiblər.

Hazırda ordumuzun kənddən 500 metr məsafədə yerləşdiyi bildirilir. Əvvəl bu mövqe 1,5 kilometr məsafədə idi.

Politoloq Asif Nərimanlı ordumuzun Ağdərə istiqamətində irəliləməsini şərh edib. O bildirib ki, bunun üç səbəbi ola bilər:

“Birincisi: mümkündür ki, Sırxavənd kəndi istiqamətindəki postlarda sülhməramlılar olmayıb və Azərbaycan ordusu mövqelərini irəli çəkib.

İkincisi: son proseslər fonunda bu addım erməni qoşunlarının çıxarılması bəndini hələ də yerinə yetirməyən Rusiyaya xəbərdarlıq ola bilər. Azərbaycan razılaşma yerinə yetirilməsə, irəliləyəcəyinin mesajını verir.

Üçüncüsü: Razılaşma bəndlərinin (xüsusilə 4-cü bənd) tam yerinə yetirilməsi prosesini tezləşdirmək və istəklərimizi qəbul etdirmək məqsədilə kiçikçaplı anti-terror əməliyyatı istisna deyil. Yeni mövqelər məhz əməliyyat şəraitinin optimallaşdırılması üçün lazımlıdır”.