Ziyalılar “Azərbaycan”ın 30 illik işığına yığışdı - Möhtəşəm tədbir - FOTOLAR

  • 16 Okt 2019 13:28
  • 4138 Baxış
Ziyalılar “Azərbaycan”ın 30 illik işığına yığışdı -  Möhtəşəm tədbir - FOTOLAR
Bu gün “Azərbaycan” qəzetinin yaranmasının 30 illik yubileyi qeyd olunub.

BakuPost.az xəbər verir ki, tədbiri Xalq şairi, 1989-cu ilin oktyabrın 6-da nəşrə başlayan “Azərbaycan” qəzetinin ilk baş redaktoru Sabir Rüstəmxanlı giriş sözü ilə açıb.

“Azərbaycan” qəzetinin yaranma tarixinə nəzər salan Sabir Rüstəmxanlı 145 yaşlı Azərbaycan mətbuatında “Azərbaycan” qəzetinin çox əhəmiyyətli bir yerə malik olduğunu vurğulayıb:

“Gələn il Azərbaycan mətbuatının 145 yaşı olacaq. Bu 145 ildə Azərbaycan mətbuatı çox böyük bir inkişaf yolu keçmişdir. Lakin bu 145 ilin bir neçə elə mühim mərhələsi vardır ki, ayrıca qeyd olunmalıdır.
Onlardan birincisi “Əkinçi” qəzetidir. Bu qəzet parlaq bir demokratik mətbuat gələnəyi yaratmış, milli mətbuatın ruhunu, istiqamətini, dilini və üslubunu, humanist mahiyyətini, milli azadlıq və insan haqları uğrunda mübarizədə yerini müəyyənləşdirmişdir.

İkinci mərhələ “Molla Nəsrəddin” jurnalıdır ki, 25 il ərzində xalqımızın keçdiyi yolun, yaşadığı faciələrin, cəhalət və istibdadın, çarizmin müstəmləkə siyasətinin və o dövr Şərq tarixinin satirik ensiklopediyasına çevrilmişdir. “Molla Nəsrəddinlə” yanaşı “Füyüzat” dərgisini unutmaq olmaz. “Füyüzat” dünyada gedən prosesləri və türklərinin taleyini daha romantik və nikbin bir ovqatla təsvir edir; mövzu dairəsi və dili ilə müsəlmanlar və türklər arasında mənəvi körpü qurmağa çalışır, bu günki Azərbaycanın və Türkiyə cümhuriyyətinin varlığının əsası olan milli ideyanı car çəkirdi.
Üçüncü mərhələ 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi orqanı olan “Azərbaycan” qəzetidir. Qəzet Gəncədə faəliyyətə başlamış milli hökümətlə birlikdə Bakıya köçmüş və cümhuriyyətin süqutu ilə birgə qapanmışdır
Bu mərhələlərin hər birinin başında millətimizin ədəbiyyat, mədəniyyət və ictimai fikir tarixində mühüm rol oynayan dahi şəxsiyyətlər dayanırdı. Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Əli bəy Hüseynzadə, Üzeyir bəy Hacıbəyli.
Sovet dövründə mətbuat orqanlarının havası da dəyişmiş, onlar sovetləşməni alqışlamış, represiya və deportasiyalara haqq qazandırmış, bir gündə latın əlifbasından kiril qrafikasına keçirilməsini tarixi hadisə adlandırmış, illərlə Stalinə yazılan mədhiyyələrin tribunalarına çevrilmiş , bir sözlə Kommunist partiyası nə çalıbsa ona oynayıb".

Daha sonra qəzetin yenidən bərpa olunmasından bəhs edən Sabir Rüstəmxanlı çox böyük çətinliklərə baxmayaraq, qəzetin tirajını qısa müddət ərzində 100 min nüsxədən 500 minə çatmasına nail olduqlarını diqqətə çatdırıb: “Qəzet 1988-ci ilin noyabr-dekabr mitinqlərindən sonra bir söz inqilabı, milli düşüncə qasırğsı idi. Və bir partlayış effekti yaradaraq bir gündə bütün respublikaya yayıldı. Növbəti nömrədən tiraj 100.000-ə, 1990-cı ilin əvvəlində 200.000-ə, həmin ilin ortalarında yarım milyona çatdı. İnsanlar qəzetinin hər bir nömrəsini intizarla, köşklərin qarşısında sıraya düzülərək gözləyirdilər.
Baş redaktoru olduğum qəzetin təsisçisi Qarabağ Xalq Yardımı komitəsi idi. Əslində bu komitə də elə mənim təşəbbüsümlə yardılmışdı

Biz o dövrdə İsmayıl Şıxlı, Bəxtiyar Vahabzadə, Şirməmməd Hüseynov və başqalarının dəstəyi ilə Qarabağa Xalq Yardımı Komitəsini yaratdıq. Mən də Komitənin orqanı kimi nəşrə başlayan “Azərbaycan” qəzetinin baş redaktoru oldum. Qəzetin ilk nömrəsi oktyabrın 5-dən 6-a keçən gecə çıxdı və bütün ölkədə böyük marağa səbəb oldu. O zaman mənimlə çiyin-çiyinə çalışan imzalar var idi ki, bu gün onların əksəriyyəti bu tədbirdə iştirak edir, hər biri yüksək nüfuza malik ziyalılarımızdır. Onlardan Elmira Axundova, Firudin bəy, Şərif Kərimli, Rüstəm Behrudi, Fikrət İbrahimli Əli Nasiri xüsusi qeyd etmək istəyirəm".

Tədbirdə çıxış edən qəzetin 1991-1992-ci illərdə baş redaktoru olmuş Şərif Kərimli 1989-90- cı illərdə xalq hərəkatının vüsət aldığı, milli oyanış dalğasının bütün sahilləri döyəclədiyi bir dövrdə “Azərbaycan” qəzetində dərc olunan yazıların xalqımızın silinmiş yaddaşını bərpa etdiyini, bir vaxtlar sahib olduğu milli dövləti, onun qurucuları, dövlətçilik ənənələri haqqında çox qiymətli yazılar verildiyini, xalqın, millətin uzun illər həsrətini çəkdiyi demokratik, müstəqil, dünyəvi, sülhsevər bir dövlətin yaradılmasının elmi-nəzəri əsasları müzakirə mövzusuna çevrilidiyini bildirib: "“Azərbaycan” qəzeti yeni qəzetçilik məktəbinin əsasını qoydu. Bu məktəbdən bəhrələnən onlarla qəzet uzun müddət bu ənənələri yaşadıb, bəziləri indi də həmin ənənələrə sadiq qalaraq fəaliyyətlərini davam etdirirlər. “Azadlıq”, “Aydınlıq”, “Müxalifət”, “Ədalət”, “Ayna”, “Zerkalo”, “Səhər”, “Vətən səsi”, “İki sahil”, “Şərq”, “Sabah”, “Borçalı” və s. və i. a.

Hesab edirəm ki, “Azərbaycan” qəzetinin yaradıcıları istiqlaliyyət mükafatlarının tam kavaleri olmağa layiqdirlər. Fəqət biz bunun əksini görürük. Qəzetin 1989-1992-ci illər dövrünü bəzən tarixdən silməyə cəhd edənlər də olur.

1992-ci ildə ölkədə mətbuat bolluğu yaranarkən Sabir Rüstəmxanlı mətbuat naziri idi. Qəzetə mən rəhbərlik edirdim. Etiraf edim ki, Sabir müəllim nazir işləsə də heç vaxt qəzetlə əlaqəsini tamam üzməmişdi".


“Azərbaycan” qəzetinin işıq üzü gördüyü zamanlardan bəhs edən Mətbuat Şurasının sədri Əflatun Amaşov “Azərbaycan” qəzetində əməyi keçən ziyalılara mükafatlarını təqdim edib.


Günel Musa
BAKUPOST