Ru
11:36 / 14 May 2021

Azərbaycan üçün çətin seçim: İsrail, yoxsa Fələstin? - ARAŞDIRMA

6210
Cəmaləddin Quliyev

Bütün ortayaşlı azərbaycanlılar uşaqlıq, yeniyetməlik, gənclik illərini Yaxın Şərq münaqişəsi haqda Aleksandr Bovinin, Farid Sayfulmulukovun və digər “mejdunarodnik”lərin şərhlərini bəs deyincə dinləyiblər, bıqıblar, usanıblar. İndi bu mövzu hər dəfə aktuallaşanda yeniyetmə vaxtı o simaları görcək televizoru söndürməyim yadıma gəlir. Təəssüf ki, sosial medianı belə söndürmək olmur.


Nədir azərbaycanlılar üçün bu mövzunun bu qədər cəlbediciliyi?

Obyektiv səbəblər:

• Azərbaycanlılar şərqlidir.Yüzillər yox, minillərdir, azərbaycanlılar, onların əcdadı olmuş qövmlər bu bölgənin sakinləridir.
• Azərbaycanlılar əksərən müsəlmandır, müsəlman olmayanlar da müsəlman keçmişinin, müsəlman irsinin daşıyıcılarıdır. İslam dünyasında baş verən hər hadisə bizə maraqlıdır, tam laübalı, laqeyd davrana bilmərik.
• Azərbaycan əhalisinin ərəb ölkələri ilə yetərincə ciddi mədəni, sosial, iqtisadi əlaqələri var.
• Yaxın Şərq coğrafiyasında azərbaycanlılarıan subetnosu sayılan Şam və İraq türkmanları yaşayır. Hələ ki folklor yaddaşlarımızdan o coğrafiya silinməyib və s.

Mövzunun daim siyasi gündəliyimizdə qalmasında kənar-subyektiv səbəblər də yetərlidir:

Əvvəllər sovet (sonra Rusiya) maraqları Azərbaycanda “Fələstin dərdi”ni unutmağa imkan vermir, sonradan bura İranın, son zamanlar isə həm də Türkiyənin, liberal Qərbin və təbii ki, İsrailin müstəsna maraqları da əlavə olunub. Azərbaycanda kifayət qədər çoxsaylı və ciddi şəxslər geosiyasi seçimlərini bu ölkələrin təsiri ilə edirlər, öz seçimlərini çox böyük şövqlə də cəmiyyətə, yeri gəlsə dövlətə də təlqin edərdirlər və etməyə çalışırlar da.

“Fələstin səngəri”ndə olmaq üçün arqumentlər:

- Azərbaycan İƏT-in üzvüdür, bu təşkilatın quruluş məqsədi Qüdsün azdığına nail olmaq idi. İƏT Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsi boyunca Azərbaycana ardıcıl və birmənalı dəstək verən əsas beynəlxaql təşkilatlardan biri, birincisidir.
- İƏT-in lehimizə olan bütün qətnamələri Fələstin tərəfindən dəstəklənib, o cümlədən Xocalı soyqırımının tanınması barədə qətanmələri də.
- Azərbaycan İƏT-in Fələstin barədə bütün təşəbbüslərini, hüquqi aktlarını dəstəkləyib, Fələstinin müstəqil dövlət kimi, BMT tərəfindən tanınmış sərhədlər daxilində yaradılmasına səs verib və diplomatik münasibətlər qurub.
- Azərbaycan Fələstinin donor ölkələrindən biridir. Bakıda Fələstinə maliyyə dəstəyi üzrə beynəlxalq konfrans təşkil edilib.
- Fələstinin müdafiəsi bizim yaxın müttəfiqimiz olan Türkiyə, yaxın qonşumuz İran, eləcə də ərəb ölkələri ilə həmrəyliyimizin nümayişi olardı və s.



“İsrail səngəri”ndə olmaq üçün arqumentlər:

• Əsrlərdir Azərbaycanda güclü yəhudi icması var. Xalq Cümhuriyyəti dövründə də, sovet dövründə də, müstəqilliyin bərpasından sonra da həmin icma Azərbaycanın icitmai-siyasi həyatında mühüm rol oynayıb və oynayır.
• Azərbaycan ta Əbdürrəhman Vəziriovun vaxtından erməni lobbisinə qarşı yəhudi lobbisinin gücündən istifadə etməyə çalışıb , indi də bu xətt davam edir. Şair Qabilin Ayaz Mütəllibova məşhur 24 suallı müraciətində də yəhudi lobbisi vurğusu olmasını yəqin ki müraciətlə tanış olanlar xatırlarlar.
• Azərbaycanda üç güclü yəhudi icması təmsil olunur: dağ yəhudiləri icması-bu icma çoxsaylı Buxara və İran yəhudiləri icmaları ilə olduqca yaxındırlar, birlikdə İsraildə güclü qüvvə sayılırlar; aşkenazilər-keçmiş idişdillilər və gürcü yəhidləri. Hər üç icmadan çıxanlar İsraildə yetərincə güclü lobbi quruluşlarına malikdir. Tanınmış israil siyasətçisi Aviqdor Liberman sovet aşkenazilərindən idi, Azərbaycan ən yaxın siyasətçi sayılırdı. Azərbaycanın ABŞ da əsas lobbi fəaliyyətini yəhudi icmaları vasitəsilə yürütdüyünü yada salmaq da artıq olardı.
• İsrail Azərbaycanın müdafiə sənayesinin, kəşfiyyat qurumlarının formalaşmasına, silahlı qüvvlərin təchizatına, bəzilərinə görə isə ümumən ordu quruculuğuna xüsusi töhfə vermiş ölkədir. İkinci Qarabağ müharibəsi vaxtı “Lora”ların, “Harop”ların ordumuza gətirdiyi üstünülklər haqda xarici mediada yazıları izləyən bir dindar dostum koşer tələblərinə (musəvilikdə halal qida anlayışı) riayət etməklə qarşısına çıxacaq hər yəhudiyə ziyafət vermək istədiyini demişdi. Bu istək o günlər cəmiyyətimizn çoxluğunun duyduğu minnətdarlıq hissinin çox səmimi ifadəsi kimi məni də təsirləndirmişdi.

Beləliklə, əslində tərəfsiz qalmağımızı çətinləşdirən filan qədər obyektiv, bir o qədər “idxal”subyektiv səbəblər var. Təəssüf ki, iki fərqli - Fələstin və İsrail səngərlərinə sinib qarşılılqlı ittihamlar səsləndirərkən çoxlu ifrata varmalara, ölümsüz Edurad Saidin təbirincə desək, ORİYENTLAİST yanaşmalara yol verilir.

Ənənəvi olaraq istənilən mövzunu “vəhşi ərəbləri” söymək üçün fürsət bilən bizim milli oryentalistlərin (ön yarğılıların) bir çox ittihamlarına izlədiyim dostların postlarında aydınlıq gətirilib.

Əlavə olaraq:

- Bizim üçün yəhudi vətəndaşlarımız, onların lobbi imkanları nə qədər vacibdirsə, Fələstin üçün öz xristian vətəndaşları və onların lobbi imkanları o qədər mühümdür. Aralarında dünya icitmai fikir tarixində dönüş yarada bilmiş Eduard Vadi Said, Salvadorda prezident postu tutmuş Elias Antonia Saka, ABŞ prezidentliyinə namzidə Castin Amaş kimi tanınmış şəxslər də var. Fələstin (+İordaniya+İsrail+Livan) xristianları əsasən, Xalkidon məclisinə qədərki əski ayin (başqa adla Şərq ayini) adeptləri olan melikitlər, siryanilər, kəldanilər, uniatlar, əksi ayin ortdokslar və s.lərdir. Qərbdə katolik, Rusiyada ortodoks kimi görünməyə çalışan erməni qriqorianlar da bu Şərq ayini kilsələrinə mənsubdurlar. Odur ki, İraq, Livan, Suriya, Misir, Fələstin kimi ölkələrdə çox rahat şəkildə yerli xristianlar vasitəsilə cəmiyyətə inteqrasiya olunur, adətən, dillərini itirsələr də (ki, bu da inteqrasiyanı asanlaşdırır) ayin fərqlilikləri, kilsə müstəqilliyi etnik yaddaşı da saxlamağa imkan verir. Yeri gəlmişkən, digər Şərq ayini kilsələrinin ardıcılları Rusiya imperiyası ərazisində ermənilər tərəfindən assimilyasiya məruz qalıb. Azərbaycandan mühacirət etmiş aysor(siryani) müəllifin erməni kilsəsinin onlara qarşı fəaliyyəti haqda yazdıqları 90-larda Azərbaycanda çox məşhur idi, Ukraynada yaşayan erməni araşdırıcı Filip Ekzoyans da iddia edir ki, 18-19-cu əsrlər də Qarabağda yalnız alban kilsəsi deyil, melikit və nestorianlar da erməniləşdirlib və s.

Yasir Ərəfatın ya başqa Fələstin liderinin xristian əhalisinə sahib çıxan açıqlamalar verməsi də qeyri-adi deyil, antiazərbaycan və ya antitürk mahiyyəti də daşımır. Çünki həmin xrtistianlara yiyə durmadıqca onlara özgələri sahiblənir. Qərbdə(əsasən Fransada) maltalıların ardınca, şamlı (fələstinlilər də daxil) xristianları finikiyalı, kənani, arami olmalarına inandrımaq üçün iilərdir iş aparılır. Maltlalılar üçün bu plan bitmiş sayıla bilər artıq. Bu təşəbbüslər İsraildə də dəstəklənir, qeyri-sünni Şam ərəblərinin ərəb deyil, druzi, samariyalı, arami və s. adlarla, hətta katolik bədəvilərin belə fərqli etnos kimi tanıdılmasında maraqlıdır. İsrail ərəblərinin statistikasına bu qruplar daxil edilmir. Xristian ərəblər İsrailin ictimai siyasi həyatına daha çox inteqrasiya olunublar, sol partiyalarında xristian fələstinlilərin( bu gün artıq İsraildə ərəb hesab ediləməyən) ağırlığı var və s. Belə təfriqə siyasətinin səbəbi də mübhəm deyil, onlar və diasporları gücdür, bu gücün Fələstinin azadlığını istəyənlərinin yanında yer alması arzu olunmur.

Yasir Ərəfatın lideri olduğu FAT dünyəvi təşkilat olduğundan onun quruluşunda xristian ərəblər də müsəlmanlar qədər iştirak edib. Amma iddiaların əksinə olaraq, məsələn, ASALA-nın qurulmasında FAT-ın rolu olmayıb.Sol marksist Fələstinin Azadlığı Uğrunda Xalq Cəbhəsinin fəallarından olan Akop Akopyan ASALA-nın rəsmi quruculardan birdir. Təşkilat öz manifestində “NATO və sionizm” əleyhinə mübarizə aparacağını bəyan etmişdi.O zaman da, bu gün də Fransanın təsirinin güclü olduğu Livanda yaradılmışdı, Fransada rahatca fəaliyyət göstərirdi. Həmin dövr Fransa- NATO əlaqələrində problemlərin artdığı illər idi, odur ki, Parisdə kommunist “Humanite” qəzeti yüzminlərlə tirajla basılırdı, Fransa Kommunist Partiyası Qərbi Avropada ən güclü leqal sol partiyaya çevrilmişdi, fransız və rus kəşfiyyatları ASALA-nı birgə dəsləkləyidilər və s. ASALA-nın gördüyü işin həcmi FAT-ın koordinasiya imkanlarının fövqündədir. Çünki indi bir neçə ölkənin dotasiyasına oturmuş FAT o zaman yox idi, küçə döyüşlərinə, intifadəyə ancaq gücü çatan FAT var idi.

Təmasların ola bilməsi mükündür, Yaxın Şərqdə az qala hamının hamıyla təması var. İddialara görə, FAT-ın yaranması da bir zamanlar İsrailin işinə yarayırdı. Çünki Fələstinin Livan, İordaniya, Misir və Suriya arasında bölünməsini yox, müstəqil olmasını istəyirdi-bu, özlüyündə BMT-nin keçmiş Britaniya mandatı ərazisində iki dövlət qurmaq planının qəbulu demək idi. Halbuki həmin plan isə ərəb dövlətləri tərəfindən uzun illər qəbul edilməmişdi. Hətta “Həmas”ın da bir zamanlar FAT-ın güclənib nəzarətdən çıxmasının qarşısını almaq üçün İsrail kəşfiyytatı tərəfindən qurulduğu haqda ciddi ehtimallar var.


İsrail səfirliyinin qarşısını daim etiraz aksiyası kimi seçmək istəyənlərin arqumentlərinə gəlincə,

İsrailin varlığı Potsdam konfransından sonrakı dünya nizamının reallığıdır. Bu reallığa qarşı qılınc siyirən Misir, İrordaniya(əhalisinin 65 faizə qədəri fələstinlidir) yanıldıqlarını çoxdan qəbul ediblər, İsrailin o ölkələrdə səfirlikləri var. İlk vaxtlar FAT-a qucaq açmış , sonra ölkəsindən çıxarmış, Liviyanın mərhum lideri Müəmmər Qəzzafi “Bəyaz kitabında” məsələyə radial yanaşmasından imtina etmiş, İsrastin( vahid İsrail -Fələstin dövləti) ideyası irəli sürmüşdü. “İbrahim sövdələşmələri” adı verilən anlaşmalarla ötən ildən Səudiyyə və körfəz ölkələri də İsraili rəsmən tanımağa başlayıblar. 1993-cü il Oslo anlaşması isə Fələstinin İsraili tanıması demək idi, bu analaşmaya getdiyi üçün Yasir Ərəfata Nobel sülh mükafatı da verilmişdi. Təəssüf ki, Kemp- Devid anlaşması kimi bu müqavilənin də davamı gəlmədi, Kemp Devidin Fələstinlə gözlənilən poztiv nəticlərini Ənvər Sadatı qətlə yetirən ərəb radikalları, Oslo anlaşmasını İshaq Rabini qətlə yetirən yəhudi radikallar dəfn etdilər. Yəni ərəb dünyası İsraillə qonşu olmağı çoxdan qəbul edib, indi bu qonşuluğun faydalarını da arayır.

“Pars today” və ya “Milli Gazete”, Həsən Amuli və ya Temel Karamollaoğlu sionizmi düşmən ideologiya elan edə bilər. Hansısa marginal marksist qrup, ya Əhmədinejadın höccətiyyəsi sayaq radikal fundamentalistlər “tüpürcək suyu ilə İsraili yuyub dənizə atacaqlarından”, “sehyonizm” təhlükəsindən ağzı köpüklənə- köpüklənə danışa bilərlər. Amma biz bu məsələdə yalnız beynəlxalq hüquqa istinad etməliyik. BMT 90-cı illərdə sionizmi qınayan bütün hüquqi aktlarını İsrailin müraciəti əsasında ləğv edib. Bu, bir xalqın mili dövlətləşmə ideolgiyasıdır, yeri gəlmişkən, dünyəvi ideologiyadr, dini yox.

Əslində belə təfərrüatlar nə sizə, nə də səmimi və ya küyə gedərək dəstəkçisi olduğunuz xalqlara lazım deyil. Müzakirələri bir müşahidəçi kimi izləmək, fikir müxtəlifliyi kimi yanaşmaqla kifayətlənmək olardı. Normal olmayan kənar təsirlərin-subyektiv səbəblərin işə qarşıması, Azərbaycanın informasiya məkanını idxal emosianollığın zəbt etməsidir. Xarici nəşrlərin(xüsusən erməni, İran və Türkiyə KİV-lərinin) də diqqətini çəkmiş sosial mediamızdakı belə ifrata varmalara rəğmən Azərbaycan dövləti daha məqul, hər iki tərəflə qarşılıqlı hörmətə və faydaya əsaslanan əməkdaşlıq siyasətini davam etdirir. Ulusalçıların və ya gülənçilərin ağzına baxıb fələstinlilərə “vahşi araplar” demək də, yeni havalara girib “terrorist İsrail” də demək yanlışdır. Bizə dost olan xalqlar var, bu xalqların arasında sülhə körpü olmaq daha məqsədyönlü olardı, nəinki əlinə sapand ( ya klaviatura) alıb daş atan tərəflərin birinin səngərində durmaq.

Vaxtilə Bovinin İsraildə səfir təyinatını rus siyasətçilərindən biri "ərəb atından düşüb İsrail traktoruna minmək" kimi şərh etmişdi. Belə “gah , gah da” siysətinin nəticəsi- bu gün Fələstin məsələsində Rusiya arbitr deyil.

“Mavi Marmara” hadisələrindən sonra da İHH Vəqfi kimi yarım klerikal qurumlar, bəzi türkiyəli yazarlar (aralarında azəriəsillilər də var) Azərbaycana “mütləq səngər seç” basqısı etməyə çalışırdılar. Bir neçə müddət keçdi və həmin şəxlərin çoxu rəsmi Bakının Təl-Əviv və Ankara arasında barışdırıcı missiya yerinə yetirməsindən bəhs edirdilər. Bizim mediada gedən hər hansı ifrat çağırış Azərbaycanın bu unikal missiyasına, bölgədə oynadığı, oynaya biləcəyi rola qarşı təhdiddir. İndi qonşu ölklərin bəzi KİV-lərinin çağırışlarına uymaq lazım deyil. Emosiylar səngiyəndən sonra bizə, dövlətimizn belə komplimentar siyasətinə bölgədə yenə ehtiyac yaranacaq.

İdxal emosionallıqdan uzaq olun...



P.S. Fotoda ən tanınmış fələstinli intellektual Eduard Vadi Said intifadəyə qalxmış ellilləri ilə birgə İsrail əsgərinə daş atır. Qınayanları çox olsa da, rəğbət də doğururdu. Foto hər halda çoxu üçün məzlum, silahsız xalqı və bütün çətinliklərə rəğmən o xalqın yanında olmağı seçən bir ziyalını simvolizə edirdi.

Özünü müdafiə haqqı barədə polemikalara qatılmadan deyim ki, gündə yüzlərlə raket atan “Həmas” və ya “Hizbullah” məndə belə assosiasiya doğurmur.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər