Ru
12:25 / 13 İyul 2021

Azərbaycan yubileyinə yenə “müharibə” ilə hazırlaşır...

11505
Azərbaycanın müstəqilliyini bərpa etməsi tarixi ölkənin ictimai-siyasi, hərbi və sosial baxımdan ən gərgin dövrlərini əhatə edirdi. 1991-ci il 18 oktyabrda – Azərbaycan Müstəqilliyin Bərpası haqda Konstitusiya Aktını qəbul edərkən artıq Ermənistan Qarabağda aktiv döyüş əməliyyatına və işğal planını icra etməyə başlamışdı, SSRİ-nin dağılması ilə iqtisadi sistemin çöküşü saysız-hesabsız sosial problemlər və iqtisadi tənəzzülə səbəb olmuşdu, Ermənistanda öz dədə-baba torpaqlarından çıxarılan 256 min qaçqının iqtisadi-siyasi yükünü həll etməyi bacarmayan zəif hakimiyyət ölkənin sürətlə xaosa yuvarlanmasına şərait yaradırdı. Təcrübəsiz və ambisiyalı müxalifət isə mövcud hərbi-siyasi və iqtisadi şəraitdən sui-istifadə edərək, onsuz da iflic olan hakimiyyət strukturlarının işini daha acınacaqlı hala salırdı.

Müstəqilliyin elan olunmasından sonra Qarabağda bir-birinin ardınca Ermənistanın həyata keçirdiyi işğal və soyqırım Bakıda siyasi hakimiyyətin dəyişməsi ilə nəticələnsə də, daha təcrübəsiz və idarəetmə qabiliyyəti, diplomatiya bacarığı olmayan insanların yeni hökumət qurma istəyi Azərbaycanı uçurumun kənarına gətirdi: ölkədə vətəndaş müharibəsi başladı, xarici xüsusi xidmət orqanlarının aktiv dəstəyi ilə respublikanın parçalanmasına start verildi. Torpaqlarının 20 faizə yaxınının işğal olunduğu ölkədə separatçı qurumların yaranması, qiyamçı hərbi hissə ilə hakimiyyətin güc strukturlarının toqquşması nəticəsində baş verən itkilər, ölkənin vətəndaş müharibəsinə sürüklənməsi Azərbaycanın dövlət kimi varlığını sual altına qoymuşdu.



Azərbaycanda hüquq yox idi, ordu quruculuğu cəhdləri iflasa uğramışdı, özünümüdafiə dəstələri siyasi qüvvələrin ambisiyalarının girovuna çevrilmişdi; iqtisadiyyat darmadağın olmuş ölkənin qida təminatında problem yaranmışdı və bundan istifadə edənlər Azərbaycanı parçalayırdılar.

Məhz belə bir məqamda Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıtması Qurtuluşun başlanğıcı oldu.



Heydər Əliyev ən qısa müddətdə vətəndaş müharibəsinin qarşısını aldı, Lənkərandakı separatçı qüvvələri dərhal, bir güllə belə atmadan dərhal zərərsizləşdirdi və ölkənin bütövlüyünü qorumaq üçün hər şeyi etdi. Bunun ardınca isə Heydər Əliyev Ermənistanın 1993-cü ilin sonu, 1994-cü ilin əvvəllərində “Mingəçevir və Kürdəmirə qədər işğal” hədəfi ilə irimiqyaslı hücumlarının qarşısını almaq üçün xalqı səfərbər etməyi bacardı və ağır məğlubiyyətlə üzləşən erməni ordusu bir neçə strateji mövqeləri əldən verməklə, geri çəkilməyə və atəşkəs sazişi imzalamağa məcbur oldu.



Atəşkəsin dərhal ardından isə Heydər Əliyev geniş miqyasda dövlət quruculuğuna başladı: 1994-cü il 20 sentyabrda imzalanan neft kontraktları ilə Azərbaycan fövqəldövlətlərin zəmanəti altına alındı.



Daha sonra ölkədəki qiyamçıları bir-birinin ardınca zərərsizləşdirən və hakimiyyəti bütövləşdirən Heydər Əliyev ölkəni kriminal ünsürlərdən də təmizlədi. 1995-ci ildən başlayaraq, Azərbaycan artıq kriminal ünsürlər üçün “qırmızı ölkəyə” çevrildi.

Qida, xüsusilə çörək qıtlığı ən qısa müddətdə aradan qaldırıldı, insanların çörək alması üçün sübh tezdən durduğu uzun növbələr ləğv edildi, üçrəqəmli inflyasiyanın qarşısı alındı, ölkənin stabil inkişafı başladı.



Bu proseslərlə paralel olaraq diplomatiyada bir-birinin ardınca inqilabi dəyişikliklər başladı. Heydər Əliyev onillərdir erməni təbliğatının beynəlxalq aləmdə yaratdığı yalançı təsəvvürləri dağıtmaq üçün təkbaşına misilsiz xidmətlər göstərirdi. Heydər Əliyevin həmin ərəfədə xarici səfərləri il ərzində inanılmaz qədər yüksək idi və hər səfərində də ümummilli lider Dağlıq Qarabağın Ermənistanla heç bir sərhədinin olmadığını sübut etmək üçün özü ilə xəritələr aparır, nəinki beynəlxalq media nümayəndələri ilə görüşdə, hətta ayrı-ayrı liderlərlə ikitərəfli təmaslarında belə bu xəritələri göstərib, əsl reallığı deyir və beynəlxalq ictimaiyyətin həqiqəti bilməsi üçün hər şeydən istifadə edirdi.



Ən qısa müddətdə xüsusilə qonşularla diplomatik münasibətlərin yoluna qoyulması, aparılan genişmiqyaslı təbliğatın nəticəsi özünü göstərdi. İlk dəfə 1996-cı ildə ATƏT-in Lissabon konfransında Azərbaycanın maraqlarının tam ifadəsi olan sənəd qəbul edildi.

Bu, həmin dövr üçün inanılmaz bir qələbə idi və bütün bunları Heydər Əliyev təkbaşına etmişdi.



Azərbaycanın iqtisadi qüdrəti üçün bütün təməlləri quran Heydər Əliyevin çoxşaxəli və irimiqyaslı siyasi-iqtisadi fəaliyyətini davam etdirən İlham Əliyev isə ölkəmizi nəqliyyat habına çevirmək yolunda misilsiz işlər həyata keçirməyi bacardı.



Dəmir yolları, Şimal-Cənub və Şərq-Qərb xətləri, boru xətlərinin inkişafı və şaxələndirilməsi – İlham Əliyevin iqtisadi müstəqilliyə nail olmaq üçün irimiqyaslı fəaliyyətinin tərkib hissəsi idi.



Nəhayət, Azərbaycanın iqtisadi qüdrətinə inam ilə İlham Əliyev 2006-cı ildə “müdafiə diplomatiyası”nın üzərindən xətt çəkdi və “hücum diplomatiyası” strategiyasını elan etdi. Bu, artıq Azərbaycanın qələbə istiqamətində atdığı ən böyük addımlardan biri idi.



Strateji iqtisadi tərəfdaşları siyasi müttəfiqlərə çevirməyi bacaran İlham Əliyev Türkiyə ilə münasibətləri sözün bütün mənalarında Heydər Əliyevin elan etdiyi “iki dövlət – tək millət” prinsipləri ilə ən yüksək səviyyəyə qaldırdı, eyni zamanda Rusiya ilə açıq, ədalətli, bərabərhüquqlu və dürüst siyasəti nəticəsində bu ölkənin Azərbaycanın partnyoruna çevirməyi bacardı.



Nəticə... - əlbəttə ki, 44 günlük müharibə və Azərbaycanın 30 ildir işğalda olan torpaqlarının 80 faizindən çoxunun Ordumuzun birbaşa nəzarətinə keçməsidir.



Azərbaycan bu il 30 illiyi olacaq müstəqilliyin bərpası gününə ən yeni tarixində ilk dəfə olaraq Qalib Dövlət kimi gedir. İlk dəfə Azərbaycan öz müstəqilliyini dövlət sərhədinin bərpası ilə qeyd edəcək.

30 il ərzində Azərbaycan ya birbaşa müharibə aparıb, ya da atəşkəsdə olub, yəni müharibə şəraitində yaşayıb və hazırda da atəşkəsdir, yəni sülh müqaviləsi imzalanmayıb. Demək, Azərbaycan 30 illik yubileyini də müharibə şəraitində qarşılayacaq.



Ancaq indi müharibə şəraiti tam olaraq Azərbaycanın nəzarəti altındadır, düşmənin müharibə aparmaq üçün heç bir potensialı qalmayıb.

Buna baxmayaraq, müharibə indi də davam edir – bu dəfə logistikada, informasiyada, siyasi müstəvidə, bağlı qapılar arxasında. Elə ötən həftə ATƏT-in Minsk Qrupu həmsədri olan dövlətlərin – Rusiya, ABŞ və Fransanın Şuşaya səfərdən imtina etməsi və diplomatların işğaldan azad edilmiş ərazilərə təşkil edilən səfərinə qatılmaması bu müharibənin hansı səviyyədə olduğunu təsəvvür etməyə imkan verir.



Əlavə edək ki, Qarabağdakı rus sülhməramlılarının yerləşdiyi ərazidə hələ də fəaliyyət göstərməyə davam edən qanunsuz erməni birliklərinin açdığı atəş nəticəsində 10 noyabr 2020-ci il bəyanatından sonra ilk dəfə olaraq Azərbaycan əsgəri yaralandı. Rusiya Müdafiə Nazirliyinin bu qanunsuzluqla bağlı açıqlamasında “Dağlıq Qarabağda tərəflər arasında atəşkəsin pozulması”, həmçinin erməni separatçılarının qanunsuz termini ilə rayonumuzun adını “Martuni” olaraq qeyd etməsi ciddi siqnaldır. Qarabağda hər hansı “tərəflər” yoxdur, 10 noyabr bəyanatına əsasən, erməni hərbi birlikləri Azərbaycan ərazisini tərk etməlidir. Belə olan halda Rusiya Müdafiə Nazirliyinin məlum məsələ ilə bağlı açıqlaması ciddi siyasi oyun və informasiya savaşının açıq müstəvidə davamı kimi qəbul edilməlidir.



Azərbaycan hazırda bu savaşda da qalib gəlmək üçün bütün imkanlarını səfərbər etməkdədir. Bu yalan, feyk və ambisiya savaşı, regional iddialarını həyata keçirmək üçün dövlətlərin ərazi bütövlüyünə təcavüz etməkdən çəkinməyən hərbi-siyasi ritorikanın qarşısında dayanmaq, ölkənin ərazi bütövlüyünü tam təmin etmək, Böyük Qayıdışı mümkün olan ən qısa müddətdə tamamlamaq, azərbaycanlıların öz doğma torpaqlarına qayıtması ilə regionun mənzərəsini dəyişmək, Qarabağda iqtisadi dirçəlişə nail olmaqla postmünaqişə dövrü reallığını formalaşdırmaq, üstəlik, bunun siyasi-iqtisadi təməllərini gücləndirmək üçün Azərbaycan Prezidenti İlham Əliyevin titanik fəaliyyəti yenə də davam edir.

Daha çətin, daha gərgin, daha zəhmətli günlər qarşıdadır. Ancaq bir şey tam aydındır ki, Azərbaycan Qalibdir, Böyük Zəfər əldə edib.



Azərbaycanın nail olduğu hərbi qələbə son 40 ildə dünyanın heç bir konflikt zonasında mümkün olmayan bir haldır.

İlham Əliyevin Azərbaycanın dünyaya konfliktlərin həlli üçün heç kəsin təsəvvür belə etmədiyi bir model təqdim etdi. Ona görə də bu modelin dünya gücləri tərəfindən qəbul edilməsi maneələrlə üzləşir. Çünki presedenti yoxdur, ilk yoldur və ilk dəfədir!

Azərbaycanın buna nail olacağına heç bir şübhə yoxdur...

Bakupost.az

Qeyd: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği: dövlət müstəqilliyimizin bərpasının 30-cu ili – Azərbaycan dövlətçiliyi müasir mərhələdə” mövzusunda hazırlanmışdır.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər