Ru
13:59 / 10 Sentyabr 2021

Azərbaycanda 1 kişiyə neçə qadın düşür?.. - Son 40 ildə dəyişən vəziyyət

12450
Heç bir cəmiyyətdə qadın və kişi sayı arasındakı nisbət sabit deyil. Bu nisbət bioloji, sosial, texnoloji, mədəni və iqtisadi səbəblər təsirindən daim dəyişir. Bu dəyişməyə uyğun olaraq, bəzi ölkələrdə kişilərin, bəzi ölkələrdə isə qadınların sayı daha çox olur.

Ümumən, dünyada kişilər və qadınlar qeyri-bərabər paylanıblar. Avstraliya, İtaliya, Rusiya, Tailand, Monqolustan, Sinqapur, İslandiya, Ukrayna, Litva, Portuqaliya və s. cins nisbətinin ciddi fərqləndiyi ölkələrin sırasındadır. BMT-nin məlumatına görə, dünyadakı 200-dən artıq millətin 125-i daha çox qadınlardan ibarətdir. Lakin burada da faiz göstəricisi 50,1% -dən 54,2% -ə qədər dəyişir. Keçmiş sovet ölkələri də qadınların sayının kişilərdən çox olduğu ölkələr sırasındadır.



Beynəlxalq mütəxəssislərin fikrincə, gender balansının pozulması ölkədə qadın və kişilərin ömür uzunluğunda kəskin fərqin olmasının nəticəsidir. Müxtəlif səbəblərdən ömür uzunluğunun aşağı olması kişilərin əmək qabiliyyətli yaşda dünyasını dəyişməsi ilə nəticələnir. Kişilərin daha erkən ölməsi eyni zamanda qadınların, xüsusilə daha yaşlı qadınların tənha qalmasına səbəb olur.



Dünyanın bəzi ölkələrində qadınların sayı kişilərin sayından dəfələrlə çox olduğundan qadınlar evlənməkdə çətinlik çəkirlər. Azərbaycanda hələlik bu problem yoxdur. Amma beynəlxalq ekspertlər Azərbaycan üçün bununla bağlı başqa bir problemin qaçılmaz olacağını proqnozlaşdırırlar. Onların təxminlərinə görə, ölkədə oğlan uşaqlarına üstünlüyün verilməsi gələcəkdə evlənmə üçün qız tapılmama kimi problemin yaranmasına səbəb ola bilər.



Cins nisbətinin dəyişməsi həm də əmək fəaliyyətinin müxtəlif sferalarında gender balansının pozulmasına gətirib çıxarır. Bunun nəticəsi olaraq, adətən, kişi işi sayılan işləri qadınlar görməyə məcbur olurlar.

Azərbaycana gəldikdə, XX əsrin birinci yarısında ölkədə kişilərin sayı qadınlara nisbətən çox olub. Lakin 1937-ci il repressiyası və İkinci Dünya müharibəsi illərində kişilərin çoxsaylı tələfatı nəticəsində ölkə əhalisinin tərkibi qadınların xeyrinə dəyişib. Ötən əsrin ikinci yarısından əhalinin tərkibində qadınlar üstünlük təşkil etməyə başlayıb. Bununla belə, son 40 ildə kişi və qadınlar arasında fərqin nisbətən azalması müşahidə olunur.

Azərbaycanda 1999-cu ildən sonrakı dövr ərzində ölkə əhalisi arasında cins nisbəti əhəmiyyətli dərəcədə dəyişib. Son 21 ildə hər 1000 kişiyə nisbətdə qadınların sayı hiss edilən səviyyədə azalıb.



Bakupost.az -ın apardığı təhlillərə əsasən, 1999-cu ildə Azərbaycanda hər 1000 kişiyә 1048 qadın düşdüyü halda, 2009-cu ildə bu göstərici 1021-ə, 2016-cı ildə 1007-ə, 2017-ci ildə 1006-a, 2018-ci ildə 1005-ə, 2019-cu ilin əvvəlində 1003-ə, 2020-ci ilin əvvəlində isə 1002-yə enib. Bu rəqəm 2021-ci ildə də sabit qalıb.



Ümumilikdə ölkədə qadınların sayının kişilərə nisbətdə çox olmasına baxmayaraq, yaş qrupları üzrə müəyyən fərqlər müşahidə edilir. Yaşı 29-dək olan əhali arasında kişilərin sayı qadınlardan daha çoxdur. Yaşı 29-dək olan kişilərə düşən qadınların sayı yaş kateqoriyaları üzrə getdikcə artsa da, ümumilikdə bu say 1000-i ötmür. Başqa sözlə desək, ölkədə yaşı 29-dək olan hər bir kişiyə bir qadın düşmür.



Ölkədə kişi sayının çoxluğu aşağı yaşlı əhali arasında daha çox qeydə alınır. Bu ilin əvvəlində olan məlumata əsasən, 0-4 yaşda hər 1000 kişiyə 880, 5-9 yaş arasında olan hər 1000 kişiyə 869, 10-14 yaşlı hər 1000 kişiyə 864, 15-19 yaşlılara 875, 20-24 yaşlılara 903 , 25-29 yaşlılara 942 qadın düşür. Başqa sözlə desək, ölkədə 0-4 yaşlı əhalinin 53,2 faizi, 10-14 yaşlı əhalinin 53,6 faizi kişidir. Kişilərin sayının qadınlara nisbətən üstünlük təşkil etməsi oğlan uşaqlarının daha çox doğulması ilə izah olunur.

Mövcud tədqiqatlar göstərir ki, müxtəlif nəsillərdən olan, müxtəlif sosial-iqtisadi mənsubiyyətə malik olan və ölkənin müxtəlif regionlarından olan kişilər və qadınlar arasında oğlan uşağına üstünlüyün verilməsi meyli güclüdür və bu, özünü aşkar şəkildə büruzə verir.



Oğlan uşaqları ailəyə töhfə hesab olunur və onlara “dəyər” kimi üstünlük verilir, qızlara isə əksinə, “öhdəliklər” kimi baxılır. Bu mövqe nəslin “davam etməsi” baxımından ənənəvi olaraq oğlanlara arxalanma, onların ailənin əsas çörək gətirəni və yaşlı valideynlərin qayğısını çəkən əsas ailə üzvləri kimi qəbul edilməsi, qızlara isə ailənin köçəri üzvü kimi baxılmasına əsaslanır.



Lakin Azərbaycanda 20 yaşdan sonra kişilər arasında ölüm səviyyəsinin daha yüksək olması onların sayının yaş qrupları üzrə getdikcə azalması ilə nəticələnir. Bu da təbii ki, əhalinin cins tərkibində özünü göstərir. Bunun nəticəsidir ki, 30 yaşdan sonra hər 1000 kişiyə düşən qadınların sayı 1000-dən çox olur. Ölkədə qadınların sayının çoxluğu daha çox 70 və yuxarı yaşlı insanlar arasında qeydə alınır. Həmin yaşda olan hər 1000 kişiyə 1440 qadın düşür ki, bu da bütün yaş qrupları üzrə ən yüksək göstəricidir.

Ayan Əlizadə
Baku Post

Qeyd: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Gender, ailə və demoqrafiya” mövzusunda hazırlanıb.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər