Azərbaycanda bahalaşma olacaq?

  • 05 Sen 2019 09:12
  • 478 Baxış
Azərbaycanda bahalaşma olacaq?

Azərbaycanda həyata keçirilən əməkhaqqı və pensiya artımlarından sonra əhali arasında inflyasiya təşvişi müşahidə olunur. Son vaxtlar bir sıra məhsullar üzrə qiymətlərin bahalaşmasından sonra möhtəkir iş adamlarının bu prosesi davam etdirəcəyi ehtimalları daha da gücləndirib. Əhalidə sentyabr-oktyabr aylarında bahalaşma olacağına dair qorxu yaranıb.

Xatırladaq ki, Prezident İlham Əliyevin sərəncamları əsasında sentyabr-oktyabr aylarında ölkədə minimum əməkhaqqı və pensiya məbləğləri artırılıb. Bu sərəncamlarla ölkədə minimum əməkhaqqının, müxtəlif sahələrdə işləyənlərin əməkhaqlarının artırılması 1 milyon 350 minədək insanı əhatə edəcək. Bunlardan 1 milyonu dövlət, qalanları isə özəl sektorda işləyənlərdir.

Bundan əlavə, sentyabrın 1-dən minimum əməkhaqqının 250 manata çatdırılması 650 min nəfərin pensiyasında artıma gətirəcək. Bütün bunların təmin olunması üçün dövlət büdcəsindən 1 milyard manata yaxın əlavə vəsaitin xərclənməsinə səbəb olacaq. Bu qədər vəsaitin dövriyyəyə daxil edilməsi, təbii olaraq, inflyasiya riskini artırır. Digər tərəfdən, cəmiyyət keçilmiş təcrübəni də nəzərə alır: Azərbaycanda bir qayda olaraq əməkhaqqı və pensiya artımlarından sonra qiymət bahalaşması müşahidə olunur.

İqtisadçı-alim, ADR Hərəkatının rəhbəri Qubad İbadoğlu “Yeni Müsavat”a açıqqlamasında bilidirib ki, əməkhaqqı və pensiya artımlarından sonra ölkədə inflyasiya səviyyəsinin yüksəlməsi gözləniləndir: “Bunun üçün baza var artıq. Belə ki, Azərbaycanda adətən yay aylarında mövsümi amillərlə qiymətlərin enməsi müşahidə olunur. Amma bu il belə enmə olmadı, əvəzində artım baş verdi. Düzdür rəsmi statistika orqanının açıqladığı rəqəmlərdə biz bunu görmürük, çünki Dövlət Statistika Komitəsi bir qayda olaraq real inflyasiyanı açıqlamır. Biz vaxtilə DSK ilə eyni metodologiya əsasında hesablama apararaq Komitənin real inflyasiyanı açıqlamadığını sübut etmişik. Buna görə də bildirim ki, inflyasiya Komitənin elan etdiyi kimi, 2,7 faiz deyil, daha yüksəkdir.

Faktiki olaraq biz payıza baza qiymətləri əvvəlki illərdən daha yüksək olaraq qədəm qoymuşuq. Üstəlik, əməkhaqqı və pensiya artımlarına görə dövriyyəyə bir neçə milyard əlavə vəsait daxil olur. Bu, istər istəməz tələbi artıracaq ki, tələbin artması da öz növbəsində qiymətlərin yüksəlməsi ilə nəticələnəcək. Azərbaycanda qiymətlərin artmasına gətirən digər faktorlar da mövcuddur - əsasən inhisarçılıq. Bu yay bir sıra mövsüm, məhsullar üzrə kəskin bahalaşmaların əsas səbəbkarı məhz monopolizm oldu. Məhsul istehsalçıdan bazara çatana qədər bir neçə əl dəyişir və qiyməti bahalaşır”.

Q.İbadoğlunun sözlərinə görə, bahalaşma bu aydan başlayaraq gələn ilin aprel ayınadək davam edə bilər.

İqtisadçı-ekspert Pərviz Heydərov isə ciddi inflyasiya gözləmir: “Prezidentin həm minimum əməkhaqqı, həm də bir sıra dövlət büdcəsi təşkilatlatlarında çalışanların əməkhaqlarının artırılması haqda imzaladığı sərəncamların icra olunmağa başlaması nəticəsində ölkədə əslində kəskin bahalaşmanın və inflyasiya hadisəsinin baş verməsi üçün ortada heç bir daxili və xarici səbəblər yoxdur. Düzdür, sosial istiqamətdə artımlar həyata keçirildikdən sonra əsas diqqət həmişə istehlak bazarına yönəlir və bazarda qiymətlərin buna adekvat reaksiya göstərməsinin qarşısını almaq başlıca vəzifəyə çevrilir.

Çünki dövriyyəyə tələbin şişməsinə xidmət edən amilin - yəni onun tədiyyə qabiliyyətinin güclənməsini təmin edən və buna zəmin - şərait yaradan əlavə vəsaitin daxil olması nəticəsində süni tendensiyaya geniş meydan açılır ki, bu zaman qiymətlər təbii olaraq deyil, rəqabətin olmaması və inhisar amilləri səbəbindən qalxmağa başlayır. Bu ilin əvvəlindən ölkədə həyata keçirilən sosial müdafiə xarakterli tədbirlər büdcə xərclərinin 2 milyard manatdan çox artmasına səbəb olub. Sosial artımları ödəmək məqsədilə dövriyyəyə böyük həcmdə vəsaitlər daxil edilib ki, bunların bir qismi hələ ilin ikinci yarısında da daxil olmaqda davam edəcək. Belə ki, sonuncu sərəncamlar da icra edilməyə başlandıqda, dövriyyəyə üstəlik 1 milyard manatdan da çox vəsait daxil olacaq”.

Lakin ekspert hesab edir ki, cari ildə sosial artımlarla bağlı inflyasiya təzyiqinin yaranacağı bir sıra cəhətlər baxımından gözlənilmir: “Birincisi, dövriyyəyə daxil olacaq vəsaitin həcmi ikirəqəmli bahalaşma yaratmaq həddində təhlükəli deyil. Yeri gəlmişkən, bu ilin əvvəlindən ölkədə həyata keçirilən sosial müdafiə xarakterli tədbirlər büdcə xərclərinin 2 milyard manatdan çox artmasına səbəb olub. Və sonuncu sərəncamlar da icra edilməyə başlandıqda, dövriyyəyə üstəlik 1 milyard manatdan da çox vəsait daxil olacaq. İkincisi, ölkəyə idxalda payı 35 faizdən yuxarı olan idxalçılar, eyni zamanda istehsalda anoloji paya sahib istehsalçılar nəzarətdədir və onların qiymətləri dövlətin razılığı olmadan qaldıra bilməsi xeyli çətinləşib, üçüncüsü, daxili istehlak bazarına xarici təsirlər 2015-2017-ci illərdəki kimi deyil, dördüncüsü, valyuta bazarında sabitlikdir, dollar satışında təklif tələbi üstələyir, beşincisi isə, iqtisadi aktivlik qənaətbəxş səviyyədə olmasa da, passiv həddə də hesab edilmir”.

  • P.Heydərovun fikrincə, elə şərait var ki, qiymətləri çox da basqı altında saxlamaq olmaz və bu, mümkün də deyil: “Xüsusən də iqtisadi artımla bağlı tendensiya sarıdan inflyasiyaya təsir və təzyiq elementlərini çərçivəyə almaq yolverilməzdir. Bunda ehtiyatlı olmaq lazımdır. Ancaq bazarın hər hansı bir seqmentində və yaxud da hər hansı bir zəruri istehlak malında süni qiymət artımı baş qaldırarsa, buna, sözsüz, yol verilməməlidir və verilməyəcək də... Bir məqama da toxunmaq istərdim: inflyasiya özü dolayısı ilə iqtisadi artım göstəricisidir - buna işarədir. Söhbət normal inflyasiya göstəricisi tendensiyasından gedir. Gəlirlər artırsa və yaxud artırılırsa, bu, iqtisadi artım üçün əlavə stimul vasitəsidir. Odur ki, gəlirlərin artması müəyyən həddə inflyasiya yaradırsa, demək, artım baş verib və ya verir. İkirəqəmli inflyasiya isə ”cızıqdan çıxma" sayılır və bu, normal iqtisadi proseslərin, yəni effektiv tendensiyanın nəticəsi hesab edilmir. Azərbaycanda ikirəqəmli inflyasiya həmişə neftin dünya bazar qiymətləri düşdükdə, əhalinin gəlirləri azaldıqda baş verir və təzahür edir. Ölkəmizdə əhalinin maaş və pensiyaları artırıldıqdan sonra ciddi və kəskin şəkildə - yəni ikirəqəmli səviyyədə heç vaxt inflyasiya baş verməyib".