14:10 / 14 Oktyabr 2021

Azərbaycanda dron mütəxəssisləri hazırlanır - FOTO - VİDEO

1302

Bu gün Təhsil Nazirliyi tərəfindən İsmayıllı rayonuna mediatur təşkil olunub.


Bakupost.az xəbər verir ki, məqsəd İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində israilli mütəxəssislər tərəfindən keçirilən “Dron idarəedilməsi və dəqiq aqronomluq” üzrə təlim prosesi ilə tanışlıq, İsmayıllı rayonu üzrə 44 günlük Vətən müharibəsində iştirak edən təhsil işçiləri ilə görüşün keçirilməsidir.

Mediaturda təhsil nazirinin müavini Firudin Qurbanov, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Valeh Mirzalıyev, media qurumlarının rəhbərləri və KİV nümayəndələri iştirak ediblər.

Mediatur iştirakçıları əvvəlcə İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin maddi-texniki bazası, yaradılmış şərait, ixtisas otaqları ilə tanış olub, mərkəzdə “Dron idarəedilməsi və dəqiq aqronomluq” üzrə təlimləri izləyiblər. Daha sonra təlim iştirakçıları tərəfindən sahədə dronların uçuşu həyata keçirilib, onlardan istifadə qaydaları, növbəti mərhələdə qarşıya qoyulmuş məqsədlər barədə təqdimat edilib.

Bildirilib ki, təlimlər Peşə Təhsili üzrə Dövlət Agentliyinin və “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə israilli mütəxəssislər tərəfindən keçirilir.

Təlimlərdə peşə təhsili müəssisələrində çalışan və STEAM dərslərini tədris edən ümumilikdə 15 müəllim iştirak edir. Təlimin məqsədi kənd təsərrüfatı sahəsində yüksək texnologiyaların tətbiqi üçün müvafiq istiqamət üzrə müasir dronların idarəolunmasının öyrənilməsi və yaranmış yeni ixtisaslar üçün kadr hazırlığının aparılmasından ibarətdir.

Qeyd edilib ki, kənd təsərrüfatı dronları əkinçiliyin müxtəlif sahələrində istifadə edilir. Bu texnologiyanın tətbiqi nəticəsində işlərin sürəti və məhsuldarlıq faizi dəfələrlə artırıla bilər.

Təhsil nazirinin müavini Firudin Qurbanov mediatur iştirakçılarına son illər ölkəmizdə peşə təhsilinin inkişafı istiqamətində görülən işlər barədə məlumat verib. İsraildən xüsusi olaraq təlimlər üçün Azərbaycana dəvət olunan Düdik Kaufman dronların minlərcə üstünlüyünün olduğunu vurğulayıb: "Dronların idarəolunmasını öyrənmək prosesi o qədər də çətin deyil. Dronların qiyməti ölçüsündən asılıdır. Bu texnikanın minlərcə fəaliyyəti var. Azərbaycanlı təlimçiləri götürmə bacarığı çox yüksəkdir və qısa zamanda bütün prosesi öyrənəcəklər".

Qeyd edək ki, təlimlər oktyabrın 19-dək davam edəcək.











Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər