14:30 / 12 Oktyabr 2021

Azərbaycanda qadın qətllərinin səbəbləri: kişilər niyə qəddarlaşıb? - Ekspertlər açıqlayır

3702
Son günlər ərləri tərəfindən döyülən, işgəncələrə məruz qalan, öldürülən qadınların sayı, eyni zamanda ailə-məişət zorakılığı halları da çoxalıb. Demək olar ki, hər gün mətbuatda, sosial şəbəkələrdə bu cür xəbərlərlə qarşılaşırıq. Bu isə istər cəmiyyətimiz, istərsə də dövlətimiz üçün narahatedici bir haldır.

Bəs məişət zəminində baş verən mübahisələr niyə cinayətə çevrilir? Bu hadisələrin qarşısını necə almalıyıq?



"Faciə içərisində olan təkcə qadınlarımız deyil, həm də kişilərimizdir..."

Məsələ ilə bağlı Bakupost.az -a danışan sosioloq Əhməd Qəşəmoğlu bildirib ki. çox qorxunc bir vəziyyət yaranıb:


“Bir tərəfdən evlərdə qadınlarımız ölür, digər tərəfdən dünyada belə bir təsəvvür yaranır ki, Azərbaycan kişiləri vəhşiləşib, qəddarlaşıb. Bu, ölkəmizin imici üçün yaxşı deyil.

Biz düşünməliyik ki, niyə qadınlar çox ölür? Niyə Azərbaycanda ailələr bu hala düşüb? Onları necə xilas edək?

Ailədə qadınlar böyük əzab içərisindədirlər. Kənardan görünməsə də kişilər də problemlər yaşayır. Onların özünü də xilas etmək lazımdır.

Kişi ilə qadın arasında mübahisələr yaranır. Qadın uzun müddət kişini təhqir edir, uşaqların yanında alçaldır. Bu qarşıdurmada qadın dilindən çox istifadə edirsə, kişi də öz fiziki gücündən istifadə edir. Nəticədə isə bu ya fiziki zorakılığa, ya da birbaşa ölümə gətirib çıxarır. Kişinin hansı dəhşətə düçar olduğunu müşahidə edə bilmirik amma qadının döyülüb, öldürülməsi daha çox görünür.

İndi faciə içərisində olan təkcə qadınlarımız deyil, həm də kişilərimizdir. Ona görə də bütün diqqətimizi ailəni necə xilas etməyə yönəltməliyik. Ailələr arasında ahəngdar münasibətlərin qurulmasına çalışmalıyıq. Bu ahəngdar münasibət hesabına nə qadınlar qətlə yetirilsin, nə də kişilər psixoloji olaraq əzilsin.

Min illərdir ki, bütün müdrik insanlar, peyğəmbərlər, dini kitablar bizi mənəvi dəyərləri öndə tutmağa çağırır. İstənilən cəmiyyətdə, istər ailə, istər təşkilat, istərsə də kənd, qəsəbədə mənəvi dəyərlər öndə olan zaman sosial sistem özü-özünü ahəngdar olaraq tənzimləyir. Elə ki, mənəvi dəyərlər arxa plana keçdi, belə qarşıdurmaların olması cəmiyyətin qanunauyğunluğudur. Bu hansısa qanunla, tədbirlə tənzimlənə bilməz. Elə bir cəmiyyətə can atmalıyıq ki, orada mənəvi dəyərlər daha fəal rol oynasın. Bu məsələ həll olmadıqca cəmiyyətdə insanlar öz var-dövləti, maddiyyatı, gücü ilə yarışdıqca problem qəti həll olunmayacq. Əgər proses belə davam edərsə, önümüzdəki illərdə bu cür çox hadisələr çox olacaq. Ona görə çalışmalıyıq ki, mənəvi dəyərlərin cəmiyyətdə rolu daha da artsın”.


Sosioloq əlavə edib ki, insanın davranışında dörd mühüm amil böyük rol oynayır:

“İnsanın öz xisləti, xüsusiyyəti, mühit, aldığı informasiyalar, üstünlük verdiyi dəyərlər.

Əlli il bundan əvvəl də eyni xalq idik. O zamanlar niyə bu qədər ailə məsələsi ilə bağlı problemlər olmurdu? İndi baş verən hadisələr haqqında insanlar daha tez məlumat alırlar. Bu hadisələrin qarşısını almaq istəyiriksə, qeyd olunan 4 mühüm amili tənzimləməliyik.

Qadınlarımız azadlıq-demokratiya haqqında aydın təsəvvürə malik deyillər. Azadlığı-demokratiyanı olduğu kimi təsəvvür etmirlər. Bu istiqamətdə qadınlar arasında maarifləndirmə işi aparılmalıdır. Çalışmalıyıq ki, həm qadın, həm kişi də mənəvi amillərə mühüm rol verək”.


"Cəza tədbirləri sərtləşdirilməlidir..."

Hüquq üzrə fəlsəfə doktoru, vəkil Cavid Cəfərovun fikrincə isə məişət zorakılığına ən çox məruz qalan şəxslər yaxın qohumluq münasibətində olanlardır:


“Məişət zorakılığının baş vermə səbəblərindən biri vətəndaşlarımızın öz hüquqlarını bilməməsidir. Bundan zərərçəkənlər xüsusilə xanımlardır. Məişət zorakılığından zərərçəkmiş şəxslər dərhal müvafiq İcra Hakimiyyəti orqanlarına müraciət edərək qanunvericiliyin tələbinə uyğun olaraq həmin şəxs barəsində tədbir görülməsini tələb edə bilərlər.

Belə olan halda həmin şəxsə ciddi xəbərdarlıq edilə, 30 gün qısamüddətli mühafizə orderi verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-ci maddəsində məişət zorakılığından əziyyət çəkən şəxslərin məhkəməyə müraciət etmək hüququ təsbit olunub. Qanunun həmin maddəsinə görə, 30 gündən-180 günə qədər uzunmüddətli mühafizə orderlərinin verilməsi nəzərdə tutulur.

Cəmiyyətdə kifayət qədər maarifləndirmə işi aparılarsa, məişət zorakılığına məruz qalmış şəxslərin müvafiq aidiyyatı qurumlara güvəni olarsa, müraciət edəcəyi təqdirdə təkrar zorakılığına məruz qalmayacağına inanarsa bu istiqamətində müsbət irəliləyişə nail olmaq olar.


Bunların çoxu qətl hadisələrinə, ağır cinayətlərə gətirib çıxarır. Bu cinayətlərin olmaması üçün genişləndirilmiş profilaktik maarifləndirmə işləri aparılmalıdır. Cinayət hadisəsi baş verəndən sonra şəxs həyatını itirirsə, onun himayəsində olan azyaşlılar valideynsiz qalırsa bunun özü böyük faciədir. Bu istiqamətdə müvafiq dövlət orqanları aktiv fəaliyyətə keçməlidirlər. Hüquqi maarifləndirmə işləri, qaynar xəttlər fəaliyyət göstərməlidir ki, hər bir məişət zorakılığına məruz qalmış şəxs həmin qaynar xəttə müraciət edərək törədilmiş hadisə barədə məlumat versin. Bundan sonra onun təhlükəsizliyi təmin olunmalıdır”.


Vəkil vurğulayıb ki, ölkədə operativ sxem tərtib olunmalıdır:

“Zorakılığın qurbanı olmuş şəxslərin iqtisadi cəhətdən asılılığı onu susmağa məcbur edir. Bunlar isə hadisələrin təkrarlanmasına gətirib çıxarır.

Cinayət Məcəlləsində bununla bağlı cəza tədbirləri sərtləşdirilməlidir. Əks halda, bu tədbirlər gözlənilən effekti verməyəcək. Məişət zorakılığna məruz qalan şəxslərin polis orqanlarına məcbur qalıb müraciət etməsi kifayət qədər ciddi araşdırılmır, hüquqi qiymət verilmir. Nəticədə qətl hadisələri baş verir. Son dövrdə Nizami rayonunda baş vermiş polis əməkdaşının öz həyat yoldaşını odlu silahdan qətlə yetirməsi, bundan başqa Sabunçu rayon Məhkəməsinin hakimi öz həyat yoldaşını odlu silahla öldürməsi və digər intihar həddinə çatdırılma hallarının çoxalması cəmiyyəti ciddi narahat edən hallardan biridir. Bu halların qarşısının alınması üçün aidiyyatı qurumlar qarşılıqlı fəaliyyət göstərməli, bu istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilməlidir”.

Fəridə Söhrabqızı
Baku Post



Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər