Ru
13:32 / 26 Noyabr 2021

Azərbaycanın gender siyasəti – Haradan haraya...

11743
Dövlət tərəfindən həyata keçirilən gender siyasətinin tələblərinə əsasən, Azərbaycanda qadınlarla kişilər bərabər hüquqa milikdirlər. 2006-cı ildə ölkədə bununla bağlı qanun da qəbul olunub. Məhz "Gender bərabərliyinin təminatı haqqında" qanunun qəbulundan sonra bütün dövlət strukturlarında qadınların dövlət idarəçiliyində rolunun artırılması istiqamətində ciddi işlər görülüb.

Minlərlə zərif cinsin nümayəndəsi müxtəlif dövlət və qeyri- dövlət qurumlarında rəhbər vəzifələrə təyin olunması prosesinə başlanılıb. Bu gün qadınlar parlamentdə, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, bələdiyyələrdə, təhsildə, səhiyyədə, ölkə iqtisadiyyatının inkişafında sahibkar kimi biznes strukturlarında, kənd təsərrüfatı sektorunda, orduda, hüquq mühafizə orqanlarında təmsil olunur. Rəhbər vəzifələr tutan qadınların da sayı az deyil. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Milli Məclisin sədri, ombudsman qadındır.



Dövlət Statistika Komitəsinin məlumatına görə, son illər nazir müavini olan qadınların sayı 3-dən 8-ə yüksəlib. 2 qadın icra hakimiyyəti başçısı və 72 qadın icra hakimiyyəti başçısının müavinidir. Hakim səlahiyyətlərini icra edən qadınları sayı 93, prokuror qadınların sayı isə 9-dur. 2 qadın səfir və 1 qadın konsuldur. Əvvəlki illərlə müqayisədə dövlətin idarə olunmasında və qərarların qəbul edilməsində qadınların təmsilçiliyində irəliləyişlər əldə olunub. 2000-ci ildə qadın millət vəkilləri 10,7 faiz təşkil edirdisə, 2020-ci ildə bu göstərici 18,3 faizə yüksəlib. İnzibati rəhbər vəzifələrində çalışan 3 111 nəfər dövlət qulluqçularının 7,01 faizi qadınlardır. Qadınların 36,1 faizi, kişilərin isə 63,9 faizi ali - 3-cü təsnifatlar üzrə inzibati vəzifələri, qadınların 23,2 faizi, kişilərin isə 76,8 faizi 4-7-ci təsnifatlar üzrə inzibati vəzifələri, qadınların 40,1 faizi, kişilərin isə 59,9 faizi dövlət qulluğunun yardımçı vəzifələrini tutur. 8 qadın universitet rektoru, 15 qadın kollec, 9 qadın peşə təhsili, 1345 qadın isə ümumi təhsil müəssisələrinin direktorudur. Son illərdə bələdiyyə üzvü olan qadınların sayı 4 faizdən 39 faizə yüksəlib.


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyir ki, Azərbaycan müstəqillik qazandıqdan sonra ölkədə qadınların hüquqlarının təmin edilməsi, cinsi ayrı-seçkiliyə son qoyulması və qadınlarla kişilərin hüquq bərabərliyinin təmin olunması istiqamətində çox mühüm işlər görülüb. 1998-ci ildə Ümummilli lider Heydər Əliyevin sərəncamı ilə Cənubi Qafqazda gender sahəsində fəaliyyət göstərən yeganə dövlət qurumu olan Qadın Problemləri üzrə Dövlət Komitəsinin (indiki Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi) yaradılıb. Qadınların hüquqlarının qorunması və ölkənin sosial, siyasi həyatında onların iştirakının artırılmasını təmin etmək məqsədilə yaradılan Komitə hazırda bu istiqamətdə işini uğurla davam etdirir. Ardınca "Azərbaycanda qadınların rolunun artırılmasına dair tədbirlər haqqında" sərəncam, "Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında" fərman imzalanıb. Ölkəmiz 1992-ci ildə “Qadınların siyasi hüquqları haqqında” Konvensiyaya, 1995-ci ildə isə “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” Konvensiyaya qoşulub. 2006-cı il oktyabrın 10-da isə kişi və qadınlara ictimai həyatın bütün sahələrində bərabər imkanlarla təmin edən, gender əsaslı ayrı-seçkiliyin aradan qaldıran “Gender (kişi və qadın) bərabərliyinin təminatları haqqında” qanun qəbul olunub. Beləliklə də ölkədə kişi və qadınların bərabərhüquqluğugu qanuni əsaslarla təmin olunub: “Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə gender siyasətinin reallaşdırılması istiqamətində də önəmli yeniliklərə imza atılıb. İstər özəl sektorda istərsə də dövlət orqanlarında gender bərabərliy təmin edilib”.


Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, millət vəkili Hicran Hüseynovanın dediyinə görə, bu gün qadınlar istər dövlət quruculuğu məsələlərində, istərsə də ictimai fəaliyyət sahəsində kişilərlə bərabər hüquqa malikdirlər. Qadınlarla kişilər arasında fərq yoxdur. Qadınların ictimai-siyasi həyatda fəal iştirakı üçün onlara kişilərlə bərabər imkanlar yardılıb. H.Hüseynova qeyd edib ki, bu gün qadınlarımız Milli Məclisdə, bələdiyyə sistemində, icra hakimiyyəti, hüquq, məhkəmə sistemi orqanlarında, ordu, idman, təhsil, səhiyyə sahələrində, biznes strukturlarında təmsil olunurlar. Eyni zamanda, ölkənin ictimai və siyasi həyatında fəal iştirak edirlər. Beynəlxalq səviyyəli tədbirlərdə Azərbaycanı təmsil edirlər.



H. Hüseynova bildirib ki, Azərbaycan qadını ölkənin ərazi bütövlüyünün qorunması, torpaqlarımızın bütövlüyü uğrunda kişilərlə bərabər qəhrəmanlıq göstərib, bu məsələdə də kişilərdən geri qalmadıqlarını sübut ediblər:


"Azərbaycan qadınları ölkəmizin ərazi bütövlüyünü qorumaqda canlarını qurban verməkdən belə çəkinməyiblər. 44 günlük Vətən Müharibəsində xalqımızın neçə-neçə vətənpərvər, cəsur, mərd qadın həkimləri, tibb bacıları gecə-gündüz, yorulmadan ərazi bütövlüyümüzün təmin olunması uğrunda döyüşən əsgərlərimizə dəstək olublar. Həyatlarını təhlükə qarşısında qoyub könüllü olaraq müharibə zonasına yollanıb, yaralıları öz sağlamlıqlarını qovuşması üçün əllərindən gələni ediblər. Yaralanıb, şəhid olublar. Budur qadın və kişi bərabərliyi”.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlının sözlərinə əsasən, Azərbaycan qadını öz iradəsi, cəsarəti, mərdliyi, prinsipiallığı, ağlı, intellekti, biliyi, bacarığı ilə Azərbaycan dövlətçiliyinin inkişafına, güclənməsinə hər zaman öz tövhəsinin verib. Azərbaycan qadını hər zaman təmsil olunduğu bütün sahələrdə peşəkar mütəxəssis kimi özünü təsdiq, sübut edib:


“Bu gün Azərbaycan qadını Milli Məclisdə təmsil olunur. Geniş tribunadan fikir və təkliflərini səsləndirir. Mühüm əhəmiyyət kəsb edən qanunların, qərarların qəbulunda iştirak edir. Dövlət əhəmiyyətli Cəmiyyətin qurucusu kimi ictimai-siyasi proseslərdə fəal iştirak edir. Nazirlik və icra hakimiyyəti orqanlarında məsul vəzifələrə təyin olunur. Bir sözlə dövlət tərəfindən həyata keçirilən gender siyasəti nəticəsində bu gün bütün sahələrdə qadınlar kişilərlə bərabər vəzifələrdə təmsil olunurlar. Bu gün Azərbaycan cəmiyyətində qadının özünəməxsus rolu və yeri var. Azərbaycan qadını bu gün analıq missiyasını, vəzifəsini da ləyaqətlə, şərəflə yerinə yetirir. Cəmiyyət üçün, dövlət üçün layiqli vətəndaş, milli-mənəvi dəyərlərimizə bağlı, vətənpərvər övladlar yetişdirir”.

Millət vəkili Aydın Mirzəzadənin sözlərinə görə, nəcib və xeyirxah, mənəvi-əxlaqi keyfiyyətləri, adət-ənənələrə, milli mənəvi dəyərlərimizə bağlılığı ilə şeçilən Azərbaycan qadınları həm ana, həm həyat yoldaşı, həm də rəhbər olaraq öz üzərlərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlirlər:


“Onlar həm qayğıkeş ana, daim ailəsinə dəstək olan sədaqətli həyat yoldaşı və həm də ona həvalə edilən vəzifənin öhdəsindən layiqincə gəlməyi bacaran məmurdurlar. Hansı sahə üzrə çalışmalarına baxmayaraq qadınlar hər zaman öz işlərinə məsuliyyətlə yanaşır, yüksək zəkaları sayəsində qarşılaşdıqları çətinliklərin öhdəsindən cəsarətlə gəlirlər. Ona görə də Azərbaycan qadınlarına etimad göstərib irəli çəkmək siyasəti təqdirəlayiqdir. Onların bütün strukturlarda təmsil olunması, rəhbər vəzifələrə təyin edilməsi yüksək qiymətləndirilir. Çünki humanist ruhlu qadınlarımız hər zaman onlara göstərilən etimadı doğruldurlar. Cəsarət, məsuliyyət və çalışqanlıq onların genetik yaddaşında, cəmiyyətdə qazandıqları yüksək hörmətin əsasındadır”.

Bu gün Azərbaycanda sahibkarların 27 faizini qadınlar təşkil edir. Qadınların sahibkarlıq sahəsində fəallığının artırılması istiqamətində Prezident İlham Əliyev tərəfindən imzalanan sənədlər, qəbul edilən qərarlar onların bu sahədə də özlərini sınamasına və bacarıqlarının inkişaf etdirilməsinə əlverişli şərait yaradıb.

Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayevanın söylədiyinə görə, son illərdə qadınların sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları istiqamətində görülən işlər, dövlət tərəfindən yaradılan şərait onların sahibkarlıqla məşğul olmasına stimul yaradıb:


“Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğının fonunda qadın sahibkarlar səmərəli fəaliyyət göstərmək imkanı əldə ediblər. Sahibkarlıqla məğşul olan qadınların sayı xeyli artıb. Bu gün yüzlərlə qadın kiçik və orta sahibkarlıqda geniş təmsil olunmağa başlayıb. Azərbaycanda fəaliyyət göstərən bir çox sahibkar qadınlar arasında nailiyyətlər qazananların da sayı az deyil”.

Qeyd: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq hazırlanması “gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” mövzusunda hazırlanıb.



M.Sevinc
Baku Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər