Ru
12:00 / 17 Sentyabr 2019

Azərbaycanın ilk kaskadyor aktyoru: “Hollivudda oxudum...”

7204

“Bizim əziyyətimiz aktyorlara şöhrət gətirir”



Daha çox xarici filmlərdə izlədiyimiz uğurlu döyüş səhnələrinin də öz sirri var. Bu sahə üzrə hər zaman olduğu kimi yenə də ən zirvədə Hollivud dayanır. Almaniya istehsalı filmləri də bu mövzuda uğurlu hesab etmək olar. Bəs Azərbaycanda necə bu sahə inkişaf edirmi? Bu suala əlbəttə ki, müsbət cavab verə bilmirik. Məlum məsələdir ki, yüksək büdcə tələb edən bu cür səhnələrin olduğu filmlər çəkilmir. Döyüş səhnəsi aktyorları isə demək olar ki, yoxdur. Əslində, Sain Fərhad Fərmanlını tanıyana qədər belə bilirdim. Sain Fərhad Fərmanlı bir sıra xarici filmlərdə kaskadyorluq edən və ölkəmizdə bu sahə ilə peşəkar səviyyədə çalışan ilk aktyordur. BakuPost-un suallarını cavablandıran gənc və istedadlı aktyorla bu sahənin sirləri və uğurlarından danışdıq.


- İlk olaraq istərdim oxucularımıza özünüzdən bəhs edəsiniz. Kimdir Sain Fərhad Fərmanlı?




- Bakıda doğulmuşam. 25 ildən artıqdır döyüş növləri ilə məşğulam. Bir neçə döyüş növlərində peşəkar fəaliyyət göstərmişəm, ustad dərəcəsinə çatmışam. Son 8 ildir ki, döyüş səhnələri üzrə xoreoqraf və aktyor kimi fəaliyyət göstərirəm. Əvvəldən niyyətim o idi ki, döyüş səhnələri üzrə aktyor olum. Elə oldu ki, filmlərə dəvət aldım. Düzdü, ilk çəkildiyim Azərbaycan filmi çox zəif idi. Amma bu, mənim üçün bir cığır oldu. Daha sonra məni “Don Marlion” filminə əsas rollardan birinə dəvət etdilər. Bundan başqa Azərbaycanda “Ali və Nino”, “Zabitin şərəfi” kimi filmlərdə, bir neçə reklam filmlərində iştirak etməyə başladım. "Azerbaijan Action Academy"nin təsisçisiyəm.



- "Azerbaijan Action Academy" necə bir yerdir. Təlimlər hansı tərzdə keçirilir?



- "Azerbaijan Action Academi" döyüş səhnələrinin xoreoqrafiyası və kaskadyorluğa marağı olan hər kəsin qatıla biləcəyi bir yerdir. Bura keçdiyimiz aktyor karyerasında irəliləmək, aksyon filmlərində rol almaq istəyən şəxslərin peşəkarlıq əldə edəcəyi böyük bir təcrübə laboratoriyasıdır, deyə bilərik. Burda biz aktyorların psixoloji hazırlığı, döyüş səhnələrində kaskadyorluq təlimləri keçirik. Döyüş janrını daha çox inkişaf etdirmək məqsədi ilə seminarlar, ustad dərsləri keçirik. Artıq insanlarda bu sahə ilə bağlı müəyyən təsəvvür yaratmağa nail olmuşuq. Hal-hazırda Akademiyanı beynəlxalq səviyyəyə qaldırmaq fikrindəyəm. İrəliləyən zamanlarda film çəkilişi və istehsalı ilə də məşğul olmaq istəyirik.





- Bildiyim qədəri ilə Hollivudda təhsil almısınız. Hollivodda döyüş səhnələri necə çəkilir?



- Bu işə başlayanda anladım ki, bu sahənin təhsilini almaq əsas şərtlərdən ən birincisidir. Çünki Azərbaycanda bu işlə peşəkar səviyyədə məşğul olan yoxdur. Ona görə də təhsilimi ölkə xaricində almağa qərar verdim. İki il əvvəl Hollivodda peşəkar kaskadyorluq kurslarına qatıldım və həmin kursu fərqlənmə ilə bitirdim. Hazırda isə beynəlxalq “Nomad Stunts” kaskadyorlar qrupunun Azərbaycan üzrə nümayəndəsiyəm. Döyüş janrının öz operatoru, öz rejissoru olur. Hollivudda döyüş səhnələrini çəkmək üçün daha çox çinli rejissorlara müraciət edilir.



“Bizim rejissorlarmız dayanmadan ucuz filmlər çəkir”




- Döyüş səhnələrinin uğurlu alınmasının əsas sirri nədədir?




- Təbii ki, döyüş səhnələri üzrə aktyorun, rejissorun, operatorun montajçının peşəkar olmasında. Bu bir komanda işi olsa da, işin əsas yükü döyüş xoreoqrafının üzərinə düşür. Bizim ölkəmizdə bu hələ alınmır. Çünki o sahələri bilən rejissor, operator yoxdur. Elə çəkiliş olub ki, mən səhnəni çox gözəl qurmuşam, amma operator yaxşı çəkə bilməyib və bizim əziyyətimiz heç olub.





- Öyrənmək üçün sizə müraciət edən aktyorlarımız olubmu?



- Bizim aktyorlarda qəribə bir tənbəllik var. Zamanında aktyorlarımızı cəlb etməyə çox çalışdım, amma alınmadı. Bizimkilərə bəzi şeylər bir az gec çatır. Təəssüf ki, bir çoxları da Azərbaycan sərhədi çərçivəsində iş görür, düşünür. Əslində, bunun üçün motivasiyaları da yoxdur. Ətraflarında o adamlar yoxdur ki, güclü rəqabət yaransın.



- Rejissorlarımızın sizə müraciət etməmələrinin səbəbini nədə görürsünüz?



- Birinci düşünürəm ki, onlar buna hələ hazır deyil. Çünki bu janrın digər janrlara baxanda çətinliyi çoxdur. Təcrübəsi olmayan rejissor bu işi görə bilmir. Vaxt ayırıb öyrənəməyə də həvəsli deyillər. Çünki bizim rejissorlar dayanmadan ucuz filmlər çəkirlər və bu filmlər sayəsində çörək pulu qazanırlar. Təəssüf ki, rejissorlarımız filmlərdə döyüş səhnələrini lazımsız kadr hesab edirlər. Bəhanələri də bu olur ki, “tələb yoxdur, baxılmır”. Halbuki bizim ölkədə bütün dövrlərdə aksyon filmlərinə maraq böyük olub. Bu gün də ölkəmizdə xarici aksyon filmlərini izləyən kifayət qədər kütlə var. Sadəcə olaraq həm rejissorlarımız, həm də prodüserlərimiz fikirləşir ki, insanlar daha çox komediya filmi izləyirlər. Çünki komediya filmlərinin büdcəsi çox azdır. O büdcə ilə döyüş səhnələri olan film çəkə bilməzlər. Çox eşitmişəm ki, çəkiliş zamanı aktyorlardan birinin burnu sınıb, birinin ürəyi gedib. Əslində, aktyorlar özü buna etiraz etməlidilər. Onlar rejissoru məcbur etməlidilər ki, bu sahənin peşəkarını dəvət etsinlər.



“Bu iş daş daşımaqdan çətindir”



- Türkiyədən film çəkilişlərindən qayıtmısınız. Orda bu sahədəki ab-hava necədir?



- Bəli, Rusiya istehsalı olan tarixi bir filmin çəkilişlərindən qayıdıram. Türkiyədə döyüş səhnələri çox zəifdi. Düzdü, orda da peşəkarlar var bu sahə üzrə, amma onların da rejissorları döyüş səhnələrinə bir qədər qeyri- peşəkar yanaşırlar. Loru dildə desək “yola verirlər”.





- Bu sahə bir qədər şöhrətsiz sahədir. Gələcəkdə aktyor kimi fəaliyyətinizi davam etdirmək kimi bir planınız varmı?



- Bəli, aktyorlarla müqayisədə bu sənətin şöhrəti yoxdur. Bizim əziyyətimiz aktyorlara şöhrət gətirir. Ona görə də mənim hazırda fikrim aktyor kimi fəaliyyətimi davam etdirməkdir. Təkliflər gözlənilir, amma daha çox mənim öz ideya və layihələrim var. Hal-hazırda Azərbaycanın tarixi ilə bağlı bir film layihəm var, onun üzərində işləyirəm.



- Maddi cəhətdən haqqınızı ala bilirsinizmi?



- Xaricdə hə, Azərbaycanda yox. Amma bundan sonra əgər Azərbaycanda hansısa rejissora lazım olsam, mənimlə işləmək istəsələr, xarici qonorar sistemilə çalışacam və inanıram ki, onlar mənə həmin qonorarı ödəyə bilərlər.



- Bu işin ən böyük çətinliyi nədir?



- Ümumiyyətlə, bizim işimiz fiziki baxımdan yorucudur. Çəkiliş meydancaları insanı psixoloji olaraq çox yorur. Bir tərəfdən də təhlükə var bu da istər- istəməz bizi həyəcanlandırır. Elə çəkilişlər olub ki, biz bir ay gecə işləmişik. Rejimimiz dəyişir. Tez- tez ölkələr dəyişirik yeməyimiz, havamız, suyumuz, vaxtımız... Bir ölkədə gecə işləyirik, birində səhər. Tarixi filmlərdə geyimlər ağır olur. Onları geyinmək, soyunmaq, bu geyimlərdə döyüşmək çox əziyyətlidir. Bir sözlə, bu iş daş daşımaqdan çətindir. Ona görə də bu sahəyə gəlmək istəyən insanlar çox olur, ancaq gəlirlər çətinlikləri görüb geri addım atırlar.






- Azərbaycanda sizdən başqa döyüş səhnəsi aktyoru varmı?



- Hələ ki Azərbaycanda bu sahə üzrə özümə rəqib görmürəm. Hazırda ölkəmizdə bu işlə peşəkar səviyyədə məşğul olan mən və mənim komandamdır. Komandama çox güvənirəm. Xarici setlərdə təcrübələrimiz var və bir neçə döyüş növü bacarırıq ki, bu da nadir hallarda olur.



Günel Musa
BAKUPOST


Şərhlər
  • Məftun nəbiyev

    Mənimdə ənçox isdəyim xarici filimlərdəki kimi aktiyor olmaq olub bu uşaxlıxdan məndə olan isdək olub ididə var insan bir isdəyinin axıra kimi olmasını isdədisə o olacaq

  • Məftun nəbiyev

    Salam necəsi Mən Aktiyor olmaq isdəyirəm əziyəti çəkərək bu peşənin sahibi olmaq isdəyirəm

  • Aqil Ehedov

    Allah bu eziyyetli chetin senetinizde size daim yardimchi olsun ????

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər