Azərbaycanlılar öz evlərinə qayıdır - “Arabnews”

Səudiyyə Ərəbistanının ingilis dilində nəşr edilən nüfuzlu “Arabnews” qəzetində “Azərbaycanlılar öz evlərinə qayıdırlar” sərlövhəli məqalə dərc olunub.

Məqalədə Azərbaycan Ordusunun 27 il işğal altında qalan torpaqları azad etdiyi və məcburi köçkünlərin öz doğma yurdlarına qayıtdıqları qeyd olunur. Diqqətə çatdırılır ki, ötən əsrin 90-cı illərinin əvvəlində 1 milyona yaxın azərbaycanlı torpaqların Ermənistan tərəfindən işğalı nəticəsində öz evlərini tərk etmək məcburiyyətində qalmışdı. Sentyabrın 27-də başlayan və 44 gün davam edən döyüşlər nəticəsində Azərbaycan Ordusu tərəfindən 300-dən çox yaşayış məntəqəsi azad edilib. Noyabrın 10-da Ermənistan baş nazirinin kapitulyasiya bəyanatını imzalamasından sonra Ağdam, Laçın və Kəlbəcər rayonlarının da Azərbaycana təhvil verilməsi prosesinə başlanılıb.

Məqalədə vurğulanıb ki, azərbaycanlılar işğaldan azad edilmiş Ağdam və Füzuli şəhərlərində dəhşətli mənzərə, dağıdılmış binalar, yollar və digər infrastrukturla qarşılaşıblar. Vaxtilə 50 mindən çox sakini olan Ağdam şəhəri xarabalığa çevrilib.

Müəllif Cəbrayıl sakini Adil Şərifovun ailəsinin 27 ildir Bakıda məcburi köçkün həyatı yaşadığını, onun torpaqlarımızın azad edilməsi ilə bağlı sevinc hisslərini də diqqətə çatdırıb. Qeyd edib ki, azərbaycanlı ailə Cəbrayıl şəhərini erməni işğalçıları tərəfindən dağıdıldığı barədə danışıb. Bildirib ki, o, ailə üzvləri ilə birlikdə öz doğma yurdundakı evini yenidən tikəcək.