Ru
23:42 / 06 Fevral 2019

Azərbaycanlıların bədən ağrılarının əsas səbəbi tapıldı - Günəşli ölkədə işığa həsrət qalanların xəstəliyi

3560
 


Türkiyədə həkimlər azərbaycanlılar üçün də vacib hesab oluna biləcək araşdırma aparıblar.


BakuPost Medicina.az-a istinadən xəbər verir ki, onlar Türkiyə əhalisinin ağrılarının səbəblərini araşdırıblar. 


Bədənində ağrı olan 14 925 xəstə üzərində aparılan müayinələrin nəticəsinə görə, onlardan 11 029-unun D vitamin çatışmazlığından əziyyət çəkdiyi məlum olub. 


Həkimlər isə bildirir ki, bu vitaminin əsas qaynağı günəşdir. 


Dosent Məhərrəm Çidəm araşdırma ilə bağlı danışarkən bu sözləri deyib: "Modern həyat tərzindən qaynaqlanaraq qapalı iş yerlərində çalışan, həftə sonlarını isə alış-veriş mərkəzlərində keçirən cəmiyyətə çevrilmişik. Buna görə də günəşli ölkəmiz olmasına rəğmən, insanlarımızda D vitamini əksikliyi yüksəkdir”.


Ağdəniz iqlimində yerləşən Türkiyədə aparılan digər bir araşdırmaya görə isə D vitamini əsasən qadınlarda rast gəlinir. Belə ki, qadınların 93 faizi bu problemdən əziyyət çəkir.


Çidəmin sözlərinə görə, araşdırma zamanı müayinə olunan insanların 74 faizində D vitamini çatışmazlığı problemi aşkarlanıb. 


"Bu, çox yüksək göstəricidir. Problem qış aylarında daha da çoxalır, yayda isə nisbətən azalır. D vitamin mart ayında ən aşağı səviyyəyə düşür, qadınlarda isə kişilərə nisbətən daha aşağı olur”, - deyə mütəxəssis qeyd edib.

 

Azərbaycanlıların ən böyük bəlası


Azərbaycanda belə bir araşdırma aparılmasa da, bəzi faktorları nəzərə alaraq, ölkəmizdə də bu problemin aktual olduğunu demək olar. Çünki Azərbaycan əhalisinin əksəriyyəti qapalı iş yerlərində çalışır, qapalı məkanlarda əylənir, alış-veriş üçün AVM-lərə üz tutur. Səhər saat 9-dan axşam 6-a kimi qapalı məkanda çalışan, günəşi görməsi mümkün olan sadəcə 1 günü isə AVM-də, restoranda keçirən, yaxud ev işləri ilə məşğul olan insanda D vitamini balansından söz belə gedə bilməz. 


Azərbaycanlıların əksəriyyəti bədən ağrılarından şikayət edir. Bəzən pasiyent həkimə gedir, harasının ağrıdığını soruşduqda isə "hər yerim, sanki sümüklərim sızıldayır” cavabını verir. Yəqin ki, işlədiyiniz yerdə, evdə, qohumda, qonşuda tez-tez bədən ağrılarından şikayət edənlər olur. Onlara birmənalı olaraq verilən cavab isə budur: "Yəqin düz yatmamısan”, "yastığını dəyiş”, "yəqin döşəkdəndir”. Halbuki türkiyəli alimlərin apardığı araşdırma göstərir ki, bu tip səbəbsiz bədən ağrılarının əsasını D vitamin çatışmazlığı təşkil edir.


D vitamin əksikliyindən yaranan xəstəliklər


D vitamini çatışmadıqda əzələ və sümük ağrılarından başqa, digər xəstəliklər də yaranır. Bunlar halsızlıq, yorğunluq, depressiya, multipl skleroz, təzyiq, ürək, diabet kimi bir çox xəstəliklərdir.

 

Günəşi görməyənlər nə etsinlər?


Qidalarla lazım olan miqdarda D vitamin almaq olmur, amma yenə də D vitamin ilə zəngin qidalar var. Yağlı balıq növləri, yumurtanın sarısı, dana ciyəri, təmiz kərə yağı bu baxımdan vacib qidalardandır.


Kimlər rist altındadır?


D vitamini çatışmadıqda yaşlı insanlarda osteoporoz, yəni sümük əriməsi yarana bilər. Mütəmadi olaraq bədən ağrısı, halsızlıq, yorğunluq yaşayan hər bir fərd müəyyən bir yaşdan sonra D vitaminini daima ölçdürməlidir. Bunu mütəxəssislər də məsləhət görür. Çünki bədəndəki vitamin azalması ilə bərabər, bud-çanaq oynağının qırılması məsələsi də yaş artdıqca aktuallaşır. Bu səbəbdən xüsusən yaşlı nəsil D vitamin məsələsində diqqətli olmalıdır. D vitamini çatışmazlığını cəmi bir müayinə ilə müəyyən emək mümkündür.


Qapalı məkanlarda çalışan insanlar da risk qrupuna daxildir. Çünki səhər iş yerinə giririk, axşam günəş batanda isə çıxırıq, beləcə D vitamin əksikliyi qaçılmaz olur.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər