Bağçaların fəaliyyəti bərpa edilir - Müəllimlər işə çağrıldı

Sabahdan Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunda yerləşən dövlət və özəl məktəbəqədər təhsil müəssisələri (bağçalar) ənənəvi qaydada fəaliyyətini davam etdirəcək.

Bu barədə Bakupost.az -a paytaxt bağçalarının birində fəaliyyət göstərən müəllim məlumat verib.

O bildirib ki, bununla bağlı bağça rəhbərliyi tapşırıq verib: “Bu gün səhər saatlarında bağçadan zəng gəldi və işə çağırdılar. Qərara alınıb ki, sabahdan bağçalarda iş günüdür".

Qeyd edək ki, aprelin 5-dən bağçaların bağlanacağı ilə bağlı rəsmi məlumat yayılsa da, şənbə günü təhsil naziri Emin Əmrullayev canlı yayımda Bakı, Abşeron, Sumqayıt, Gəncə, Şəkidə bağçaların ənənəvi şəkildə fəaliyyətini davam etdirəcəyini vurğulayıb.

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bu gün qeyd edib ki, bağçalarla bağlı qısa müddət ərzində təfərrüat tam aydın olacaq.

Bakı şəhər İcra Hakimiyyətindən də məsələ ilə bağlı rəsmi açıqlama veriləcəyi bildirilib.