Ru
15:55 / 17 Fevral 2021

Bakının ən məşhur küçəsinə səyahət: “Mehdi Hüseyn küçəsi, 1”

4034

Aytəkin Alxaslı


Özümdə, sözümdə deyiləm. Az öncə Azərbaycan Dövlət Televiziyasında izlədiyim " Mehdi Hüseyn, 1" sənədli filminin təsiri altındayam. Ana televiziyamızın 65 illiyinə həsr edilən filmin şokunu yaşayıram hələ də. Ən əvvəl iki sözdən ibarət “Mehdi Hüseyn” kəlməsi haqda.


Mən xalq yazıçısı Mehdi Hüseyni sizə desəm ki, 5 yaşımdan tanıyıram, gülməyin. 1965-ci il... Kiçik Dəhnə kəndində yerləşən evimizin alt mərtəbəsində divara Mehdi Hüseynin şəkli və nekroloq yazılan qəzet yapışdırılmışdı. O qəzetin görüntüsü indi də yadımdadı. Oxumağı bacarmasam da, onda mənə evdən bildirmişdilər ki, şəkildəki Mehdi Hüseyn adlı yazıçıdı, vəfat edib. İndiyə kimi yadımdadı, qəzet divara yapışqanlı vasitə ilə deyil, kağıza bükülmüş mıxla vurulmuşdu. Beləcə, o vaxtdan Mehdi Hüseyn sözləri uşaq hafizəmə yazılıb. (Hətta gedib-gəlib qəzetə baxmağım da yadıma düşür). Ta o vaxta qədər ki, böyüdüm, orta məktəbdə oxudum, harada qəzet parçası, cırılmış qəzet və ya qəzet görsəm, qaçıb götürərək oxuyurdum. Həm də orta məktəbin 7-ci sinfindən jurnalist olmaq fikrinə düşmüşdüm axı. Həmin dövrdən başlayaraq rayonumuzda çıxan "Şəki fəhləsi" qəzetində və respublikada nəşr olunan dövri mətbuatda müxtəlif səpkili yazılarla çıxış etməyə başlamışdım. Yeri gəlmişkən, 1982-ci ildə universitetin Jurnalistika fakültəsinə sənəd verəndə bütün yazılarımı təqdim etmişdim ora və çox güman ki, indi Bakı Dövlət Universitetinin arxivində durur o materiallar. Mətləbdən uzaqlaşmayım. Orta məktəbin yuxarı siniflərində oxuyarkən və universitetə qəbul olunanacan yazılı mətbuatla yanaşı, Azərbaycan televiziyasının və radiosunun bir neçə verilişinə də məktublar yazırdım.

Gəldim Mehdi Hüseyn küçəsi-1 ünvanına yazdığım məktublara.

Orta məktəbin 9-cu və 10 -cu siniflərində (1975-1976-cı illər) oxuyarkən məktəbimizdə keçirilən tədbirlər barəsində "Pioner şeypuru" radio qəzetinə yazırdım. Səhər saatlarında yayımlanan radio verilişinin gur səsi bütün məktəbi bürüyərdi. Hamı maraqla mənə baxardı, mənsə bütün bunları adi qarşılayaraq yeni mövzular axtarardım. Ünvan da belə idi: Bakı şəhəri, Mehdi Hüseyn küçəsi-1. Azərbaycan radiosunun "Pioner şeypuru" qəzetinə. Dövlət televiziyamızda isə əsasən "Kitab evi" və "Təbiəti sevənlər" verilişlərinə məktublar yazmışam. Görkəmli yazıçımız Mikayıl Rzaquluzadənin apardığı "Kitab evi" verilişi o dövrün çox məşhur buraxılışlarından idi. Mikayıl Rzaquluzadə kitabı, mütaliəni sevdirməkdə tamaşaçı ilə birbaşa açıq ünsiyyətdə idi, o vaxt nə internet vardı, nə sosial şəbəkələr. Amma ucqar dağ kəndindəki tamaşaçı belə kitab oxumağı yeganə televiziyamızın nurani simalı bu aparıcısından öyrənirdi, sevirdi desəm, mübaliğəsiz inanın. Ruhu şad olsun Mikayıl Rzaquluzadənin, indi yaşım 6-cı onilliyi ötsə də, kitabsız günüm yoxdu, o vaxtın "Kitab evi" öyrədib mənə kitablarla dostluq etməyi. Yadımdadı, hansı kitabı oxusaydım, dərhal bir vərəq tapıb (kağız, dəftərimiz, göy rəngli yazı mürəkkəbimiz, nəzərə alaq ki, elə də bol deyildi onda) yazıb göndərirdim o məşhur küçəyə - Mehdi Hüseyn küçəsi-1 ünvanına. Mikayıl Rzaquluzadənin dilindən də həmin məktubların oxunması isə məni çox sevindirərdi...

Azərbaycan televiziyasının 70-ci illərin sonu, 80-ci illərin əvvəli sevilən verilişlərindən biri də yuxarıda adını qeyd etdiyim "Təbiəti sevənlər" idi. Bu verilişi isə çox fədakar və təbiət biliciləri olan bioloq alimlərimiz Mirəli Axundovla Qara Mustafayev aparırdı. Kəndimizdə və məktəbimizdə təbiətin qorunması haqda göndərdiyim yazılarım bu verilişdə səslənəndə həm sevinmişəm, həm də flora və faunamuzdan olan süjetləri görəndə bütün canlıları sevməyi öyrənmişəm. Düzdü, sonradan bioloq olmasam da, o gənclik verilişimin təsiridir ki, heyvanlara, xüsusən itlərə sevgim bu gün də dəyişməyib, ana təbiətimizin qorunmasına olan təbliğatım qəti azalmayıb. Çünki professor Mirəli Axundovla Qara Mustafayev mavi ekrandan canlı təbiətdə, heyvanat və bitki aləmində baş verən hadisələri uşaqlara gənclərə elə həvəslə öyrədir, izah edirdilər ki... Yəni quru elmi dillə yox, sadə ana dilimizdə, hər bir kəndlinin belə anlayacağı ünsiyyət dili ilə... Bax, indi ölkəmizin mavi ekranlarında bu cür sadə dildə danışan aparıcılara ehtiyac var!!!

Təbiətin canlı ensiklopediyaları olan Mirəli Axundov və Qara Mustafayev doğrudan da əsl ziyalı, əsl müəllim idilər.., mavi ekranlardan qəlblərə, beyinlərə işıq paylayırdılar, əsl söz xiridarı idilər...

İndi düz 40-45 ildən sonra o illərə qayıtmışam. Gənc həmkarım Rüfət Həmzəyevin təqdim etdiyi "Mehdi Hüseyn küçəsi, 1" sənədli filmi məni uşaqlıq və gənclik illərimə apardı. Çox nostalji hisslərə köklədi. Filmdə dövlət televiziyamızın 65 illik tarixindən ətraflı danışıldı. Sovet dövründə televiziyaya və radioya göndərilən tamaşaçı və dinləyici məktublarını da gördüm kadrlarda. Qınamayın, vallah, özümün iri hərfli xəttimi də gördüm elə bil zərflərin birinin üzərində. Kadr anidən gedəndə gördüm. 1956-cı ilin 14 fevral günündə efirə çıxan Azərbaycan Milli Televiziyasının 65 illiyində mən də cüzi də olsa, öz keçmişimi gördüm. İlk dəfədir, qeyd edirəm: həyatda jurnalist kimi az-çox tanınmışamsa, ana televiziyamıza göndərdiyim gənclik yazılarıma və adını çəkdiyim o nurlu ziyalıların -Mikayıl Rzaquluzadənin, Mirəli Axundovun, Qara Mustafayevin ruhlarına da minnətdaram. Mən jurnalistikaya rəhmətlik valideynlərimin xüsusi zəhməti və əvəzi olmayan orta məktəb müəllimlərimin sayəsində gəldiyimi burda az xatırlatsam, çox yerinə düşər.

Ana televiziyamıza çox minnətdaram. Məni keçmişimə, gənclik illərimə köklədiiyinə görə. Bu televiziyanı alternativsiz lider hesab edirəm, çünki klassik, ənənəvi üslub tərzilə müasirliyi özündə harmonik şəkildə birləşdirdiyinə, teleməkanda müasir dövrün tələblərinə uyğun mobil, çevik xüsusiyyətlərini saxladığına görə!

Təşəkkür edirəm "Mehdi Hüseyn küçəsi, 1" sənədli filmini ərsəyə gətirənlərə. Ssenari müəllifləri Rüfət Həmzəyevə və Ülviyyə Heydərovaya "çox sağ olun" deyirəm. İndi mən Qusarda oturub gecəyarısı az qala yarım əsr olacaq gənclik keçmişimin xatirələrinə köklənmişəmsə, görün nə qədər insan bu filmlə öz keçmişinə səyahət edib! Rüfətin səsindəki həzinlik və doğmalıq da elə nostalji hissləri yaradan filmin ruhuna tam uyğundur. Var ol, Ana televiziyamız! İnsanları beləcə keçmişə səyahətə aparmaqda davam edin!!! Aparın tamaşaçıları Qarabağa, Zəngəzura, Göycəyə..., dünənə, ötən günlərə... Axı keçmişi olmayanın gələcəyi də olmaz.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər