“Baksol yolu" adlanan ərazidə yolun çökməsi nəticəsində kanalizasiyaya düşüb həyatını itirən 28 yaşlı Cümşüd Cümşüdlünün ölümü ilə bağlı açılan cinayət işi üzrə həbs olunmuş Bakı Su Kanal İdarəsinin kanalizasiya kollektorları və təzyiq xidmətlərində qəza-bərpa üzrə sahə rəisi Azər Cümşüdovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.
Bakupost.az APA-ya istinadla xəbər verir ki, bu gün Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə
Azər Cümşüdovun vəkili Anar Ramazanov məhkəməyə vəsatət verib.
Vəkil müvəkkilinin ittiham olunduğu cinayət işi üzrə təqsirli olmadığını və bu iş üzrə əsl təqsirləndirilən şəxsin tapılmasında maraqlı olduqlarını bildirib:
“İstintaq dövründə iş düzgün araşdırılmayıb. Təqdim edilən bəzi sənədlərə laqeyd yanaşılıb, bəzi sənədlərə isə hüquqi qiymət verilmədən, araşdırılmadan işə əlavə edilib. Hadisə baş verməzdən əvvəl çökmə olan yer aşkar edilib və bərk materiallarla çərçivəyə salınaraq lentlənib. Lakin bu cinayət işi materiallarına foto olaraq əlavə edilməyib. Müstəntiq işə əlavə edib ki, həmin çökmənin bərpası üçün martın 10-da təsdiq cavabı gəlib. Lakin çökmə mayın 15-də baş verib. Bu necə olur? Çünki martın 10-u təmir üçün başqa sahəyə təsdiq gəlib. Bunu koordinatlarda görmək mümkündür. Hadisə baş verən yerə isə iyunun 27-si təsdiq gəlib. Hadisə də 26 iyunda baş verib”.
Vəkil əlavə edib ki, oranın bərpası üçün təqsirləndirilən şəxsin birbaşa səlahiyyəti olmayıb:
“Bərpa üçün maliyyə, işçi qüvvəsi ayrılmalı, dərkənar yazılmalıdır. Bütün bunlar göstərir ki, iş ibtidai istintaq dövründə düzgün araşdırılmayıb. Bu işlər araşdırılmadan məhkəmə istintaqı başlana bilməz. Bundan əlavə, iş materiallarına nəzər yetiriləndə görünür ki, ibtidai istintaq zamanı 10-a yaxın məsələ araşdırılmayıb. Bu məsələlərində araşdırılması məhkəmə predmetinə aid deyil. Cinayət Prosessual Məcəlləsinin 303.1-ci maddəsinə əsasən bu məsələlər məhkəmə istintaqı zamanı araşdırılması mümkün deyil.
Bunun üçün işin məhkəmə istintaqı zamanı araşdırılmasına xitam verilməli, yenidən araşdırılması üçün ibtidai istintaqa qaytarılmalıdır".
Təqsirləndirilən Azər Cümşüdov vəkili ilə razılaşdığını bildirib və qeyd edib ki, orun işə birbaşa müdaxilə üçün səlahiyyəti olmayıb: "İstintaq zamanı da müstəqtiqə sual verdim ki, mən nə etməli idim ki, etməmişəm? Bu sualıma cavab verilmədi”.
Zərərçəkmiş tərəfin vəkili vəsatətə etiraz etməyib və deyib ki, onlar da iş üzrə əsl təqsirlındirilənin cəzalanmasını istəyirlər.
Dövlət ittihamçısı vəsatətə etiraz edib və təmin edilməməsini istəyib. Prokuror qeyd edib ki, vəkilin verdiyi vəsatət məhkəmə istintaqı zamanı araşdırılan məsələdir.
Məhkəmə vəsatətin təmin edilməməsi və cinayət işinin baxışa verilməsi barədə qərar qəbul edib.
Baxış iclası dekabrın 23-nə təyin olunub.
Qeyd edək ki, iyunun 26-da saat 20:30-da 1997-ci il təvəllüdlü Cümşüd Cümşüdlü Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 20/90 ünvanının qarşısında yer səthinin çökməsi nəticəsində kanalizasiya sularının axdığı kanala düşüb.
Aparılmış axtarışlar nəticəsində mərhumun meyiti iyunun 28-də saat 15:35-də Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən kanalizasiya sularının təmizləmə anbarında tapılıb.Prokurorluq əməkdaşları tərəfindən hadisə yeri və meyitə baxış keçirilib, hadisəni əks etdirən müşahidə kameralarının görüntüləri əldə olunub və digər zəruri prosessual hərəkətlər icra olunub. Araşdırmalar zamanı müəyyən olunub ki, hadisənin baş verdiyi kanal Azərbaycan Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik hüquqi şəxsinin Bakı Su Kanal İdarəsinin balansındadır və həmin idarə tərəfindən istismar olunur. Faktla əlaqədar Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə (ehtiyatsızlıqdan ölümə səbəb olan səhlənkarlıq) cinayət işi başlanıb.
Azər Cümşüdov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib, onun barəsində polis nəzarəti altına verilmə qətimkan tədbiri seçilib.