Ru
14:10 / 04 Dekabr 2021

Bayramovla Mirzoyan niyə görüşmədi? - RƏSMİ - Yenilənib

3553

Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin İsveçin paytaxtı Stokholmda görüşünün baş tutmamasının səbəbi açıqlanıb.


Bakupost.az -ın məlumatına görə, Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib ki, dekabrın 2-3-də Stokholm şəhərində ATƏT-in Nazirlər Şurasının 28-ci iclası keçirilib və Azərbaycan xarici işlər naziri bu iclasda iştirak edib:


"İclasdan öncə Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan nazirlərinin növbəti görüşünün Stokholmda keçirilməsi təklifi ilə çıxış etmişdi. Bəllidir ki, Azərbaycan hər zaman dialoqun tərəfdarıdır və bundan öncə keçirilmiş Nyu York, Minsk və Paris görüşlərində Azərbaycan xarici işlər naziri post münaqişə dövründə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması istiqamətində məsələlər ilə bağlı ölkəmizin mövqeyini qarşı tərəfin diqqətinə çatdırıb".


Onun sözlərinə görə, dekabrın 3-də nəzərdə tutulan görüşdən bir neçə saat öncə Ermənistan tərəfi təxribat törədib: "Belə ki, Ermənistan parlamentarlarının Azərbaycan Respublikası ərazilərinə qanunsuz səfər etməsi ilə bağlı məlumat yayıldı. Beləliklə də Azərbaycan tərəfi Ermənistanın bu təxribatına cavab olaraq, Stokholmda iki ölkə nazirinin görüşünün keçirilməsini məqsədəuyğun hesab etmədi. Göründüyü kimi, iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində Azərbaycan tərəfindən addımların atılmasına baxmayaraq, Ermənistan hərbi-siyasi təxribatlarını davam etdirir. Ermənistanın bu mövqeyi bölgədə sülh quruculuğu səylərinə xələl gətirir".



***

13:12


ATƏT-in Nazirlər Şurasının Stokholmda keçirilən 28-ci iclasında iştirak edən Azərbaycan və Ermənistan XİN başçıları Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş yenə baş tutmayıb.


Bakupost.az xəbər verir ki, Avropa İttifaqının xarici siyasət qurumunun nümayəndəsi Lük Pyer Devin Bayramov-Mirzoyan görüşünün 2 dekabrda olacağı haqda məlumat yaymışdı. Lakin görüş olmadı.

Ötən gün isə Ermənistan XİN görüşün 3 dekabrda keçirilə biləcəyini açıqladı. Ancaq ötən gün də Bayramovla Mirzoyan arasında görüş olduğunu təsdiqləyən hansısa məlumat yoxdur.

Erməni tərəfinin iddiasına görə, görüşdən C.Bayramov imtina edib.

Azərbaycan XİN bununla bağlı heç bir açıqlama yaymayıb.

Qeyd edək ki, 1 dekabrda Moskvada keçirilən üçtərəfli görüş də nəticəli tamamlanmamışdı. Ermənistan 10 noyabr, 11 yanvar və nəhayət 26 noyabr bəyanatları ilə üzərinə götürdüyü öhdəliklərdən israrla yayınmağa davam edir.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər