İngilis yayım şirkəti BBC dünən ABŞ Prezidenti Donald Trampdan 6 yanvar 2021-ci il tarixli çıxışını “Panorama” sənədli filmində montajladığı üçün üzr istədi, lakin Trampa qarşı təhqir etmədiyini bildirərək onun təzminat tələbini rədd etdi.
Bakupost.az -ın məlumatına görə, BBC açıqlayıb ki, baş direktor Samir Şah şəxsi məktubla Ağ Evə müraciət edərək, Trampın 2020-ci il seçkilərində prezident seçilən Co Baydenin qələbəsini tanımağa hazırlaşdığı zaman bəzi tərəfdarlarının Konqresi işğal etməsindən əvvəl etdiyi çıxışın redaktə edilməsinə görə həm özünün, həm də şirkətinin adından üzr istəyib.
Media şirkəti ABŞ Prezidentinin administrasiyası tərəfindən bu həftənin əvvəlində göndərilən 1 milyard dollarlıq hüquqi təhdidə cavab olaraq Trampın təzminat tələblərini rədd etdiyini açıqlayıb. BBC-nin cavab verməsi üçün qoyulan müddət bu gün başa çatır.
BBC-nin yayımladığı üzrxahlıq mətnində, “Videoda etdiyimiz redaktənin müxtəlif hissələrindən götürülmüş sitatlar deyil, fasiləsiz bir çıxış təəssüratı yaratdığını və bunun da Prezident Trampın birbaşa zorakılıq çağırışı etməsi kimi yanlış təsəvvürə səbəb olduğunu qəbul edirik”, – deyə yazılıb.
BBC-nin açıqlamasında Trampın “böyük maliyyə və nüfuz itkisinin” təzminat tələb etməsinə cavab qeyd olunmayıb. Media şirkətinin üzrxahlıq mətnində təzminat ödəməyin rədd olunduğu vurğulanıb.
Sənədli filmin, çıxışın təxminən bir saatlıq fasilələrlə yayımlanan hissələrini birləşdirdiyi və yenidən yayımının planlaşdırılmadığı da bildirilib.
Mübahisə, BBC-nin ən önəmli aktual hadisələrdən bəhs edən “Panorama” silsilə sənədli proqramında “Tramp: İkinci Şans?” başlıqlı bölümünün 2024 ABŞ prezident seçkilərindən bir neçə gün əvvəl yayımlanması ilə başladı.
Filmi hazırlayan üçüncü tərəf istehsal şirkəti, Trampın 2021-ci il çıxışındakı üç sitatı bir nitqdə birləşdirdi. Və nəticədə yekun çıxışda Trampın tərəfdarlarını onunla birlikdə yürüş etməyə və savaşmağa çağırışı təəssüratı yarandı. Trampın tərəfdarlarından sülhsevər nümayiş keçirmələrini istədiyi hissə senzuraya uğramışdı.
Baş direktor Tim Deyvi və xəbər redaktoru Deborah Törnes sentyabrın 9-da istefa verdilər.
Hüquq ekspertləri bildiriblər ki, işi İngiltərə və ya ABŞ məhkəmələrinə aparmaq Tramp üçün çətin olacaq. Bundan başqa BBC verilişin 2024-cü ildə Trampın prezident seçilməsinə zərər vermədiyini sübut edə bilər.
Digər bir məqam da var ki, İngiltərə məhkəmələrində təhqir təzminatları nadir hallarda 100 min funt-sterlinqi keçir. İddia açmaq üçün nəzərdə tutulmuş bir il müddəti isə bitib.
Cavid, BakuPost