“Biz istənilən halda mitinqi keçirəcəyik” – Polisin xəbərdarlığına reaksiya

  • 17 Okt 2019 14:14
  • 1160 Baxış
“Biz istənilən halda mitinqi keçirəcəyik”   – Polisin xəbərdarlığına reaksiya

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Milli Şuranın oktyabrın 19-a təyin etdiyi mitinqlə bağlı təşkilatçılara xəbərdarlıq edib.

Bu barədə Bakupost.az-a mitinq təşkilatçılarından olan Tofiq Yaqublu məlumat verib.

O, bildirib ki, Bakı şəhər prokurorun köməkçisi və BŞBPİ-nin rəis müavini onlara xəbərdarlıq edib: “Biz xəbərdarlıqla tanış olmadıq. Qeyd elədilər ki, razılaşdırılmayan mitinqə icazə verilməyəcək. Biz də bildirdik ki, biz istənilən halda mitinqi keçirəcəyik”.

Qeyd edək ki, Milli Şura oktyabrın 19-na metronun "28 May" stansiyasının qarşısına mitinq keçirmək istəyi ilə Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib.

Bakı şəhər İcra Hakimiyyəti mitinqin oktyabrın 19-da saat 15:00-dan 17:00-dək Lökbatan qəsəbəsi, 28 May küçəsi "Neftçi" İdman Klubunun Qaradağ təlim - idman bazasında keçirilməsinə razılıq verilib.

Milli Şuranın Koordinasiya Şurasının üzvü, AXCP sədri Əli Kərimli isə BŞİH-nin qərarı ilə razılaşmadıqlarını və mitinqin həmin tarixdə "28 May" metrostansiyası qarşısında keçirəcəklərini bildirib.