Biz müharibə istəyirikmi? - Salam Sarvandan günün yazısı

847

BakuPost tanınmış şair Salam Sarvanın "BU MÜHARİBƏNİN DƏRSLƏRİ VƏ TƏRSLƏRİ" adlı yazısını təqdim edir:

Biz müharibə istəyirikmi?
İnsan elə qurulub ki, həyatın adi axarındakı xırda məişət mübahisələrini də istəməz. Amma həyat elə qurulub ki, hər gün hansısa gərginliyin iştirakçısı olursan. Heç olmasa, ot tayana soxulmuş qonşu qoyununun təhrikiylə.

İnsan elə qurulub ki, yaşadığı cəmiyyətdə rahatlığını pozacaq münaqişələr arzulamaz. Amma cəmiyyət elə qurulub ki, reallıqların diqtə elədiyi konfliktlərin içindən keçməli olursan. Heç olmasa, dincliyinə canavar kimi soxulmuş bir məhkəmə çəkişməsinin, bir karyera intriqasının, bir nüfuz dartışmasının.

İnsan elə qurulub ki, böyük dağıntılar, dəhşətli itkilər gətirən müharibələr ağlının ucundan, qəlbinin qırağından da keçməz. Amma dünya elə qurulub ki, bütün tarixi ərzində odlu müharibəsiz bircə ili də olmayıb, soyuq müharibəsiz bircə anı da.

Olmayacaq da. Dünyanın bundan sonrakı gedişatı daha betər olacaq. Bu vəhşi gedişatın qarşısına zərif gül dəstəsiylə, kövrək qədəmlərlə, nazik səslə çıxmağımız onu durdura bilməz. 90-cı illərdə Bakıya girmiş Qorbaçov tanklarının lüləsinə Azərbaycanlıların gül-çiçək taxmasını görmüşəm axı. O, nə insanlıq, o nə mələklik idi, ilahi. Eləmişik axı biz bunu. Biz sülhü, dincliyi istəmişik axı. Nooldu?! Noolacaq?! Noolsun?!

Hə, dünya barədə yalnız arzular gözəl, yalnız xəyallar şirin, yalnız ideallar təmiz.

Oğlum Tural hanı? Onu Qazılıq dağının yamacında görüblər, gül-çiçək dərirmiş... Təsəvvür elə ki, 1941-ci ilin 22 iyun səhəri faşistlərin SSRİ-nin üstünə yeridiyi vaxtda incə qəlbli, kövrək duruşlu, çiçək ətirli bir rus yazarı xalqına deyir ki, mən müharibə istəmirəm, nədən ki, müharibə qeyri-humanist bir şey. Və bu da batır xalqın ağlına, müqavimət göstərmir. Almanlar rahatlıqla ölkəni işğal eləyərək Hitlerlə Himlerin "Ost” planını reallaşdırmağa başlayırlar. Kommunistlər sıraya düzülüb güllələlənərkən son bağırtıları bu olur: "biz müharibə istəmirik”. Bitərəflərin 70 faizi almanlar tərəfindən Qərbi Sibirə sürgün edilərkən, 20 faizi də qula döndərilərkən qəzəblə hayqırırlar: "biz müharibə istəmirik”. Qadınlar ən dəhşətli təhqirlərə məruz qalarkən vahimə işində qışqırırlar: "biz müharibə istəmirik”. Və yavaş-yavaş ölkənin hər yerində bu təhqirlərin, bu vəhşiliklərin qarşısında camaatın həmin qəzəbli bağırtıları ritmini dəyişərək qəh-qəhəyə, hırıltıya çevrilir: "ay nemes, ay qardaş, dəymə bizə, biz müharibə istəmirik”. Yəni artıq Qarabağdakı son əməliyyatlar zamanı vətənpərvərliyi lağa qoyan Zamin Hacının gözəl gülüşünə oxşar bir hiss Jukovların vətənində immunitetə çevrilir.

Bunu istəyirik?

Gözəl insan, bəşəri-ilahi duyğuların dərinliyində olmalarına rəğmən Sokrat da, Freyd də, Svayq da, Mayakovski də, Apoliner də, Dostoyevski də, Meterlink də, Şou da... məhz bu elmentar həqiqəti dərk edərək müharibələri can-başla qəbul ediblər. Bu elementar reallığı anladıqlarına görə ali hisslərin ucalığında olan düşüncə adamlarının əksəriyyəti əllərinə silah alıb, vuruşub, öldürüb, ölüb.

İndi yenə təsəvvür elə ki, bizim neçə illərdir atəş altında qalmış kəndlərimizdən birinin ağsaqqalı əlini gözünün üstünə qoyub qarşıdakı yüksəkliyə səslənir: Aşot, sən canın, o topun lüləsini oyana eləginən, biz müharibə istəmirik, müharibə qeyri-humanist bir şeydir. Aşotun da cavabı bu olur: ağsaqqal, bağışla, vallah, bilmirdim. Və bununla da münaqişə bitir, hə? Allah bizi güldürsün.

Kosmopolitizm çox ülvi dəyər. Bu ideya tarixin dərinliklərindən gəlir. Səhv eləməsəm, antik yunan fəlsəfəsindən – kiniklərdən, stoiklərdən. "Mən dünya vətəndaşıyam” deyən Aristippin, Diogenin zamanından min illər keçib, amma bu ideya dünyaya zərrəcə fayda verməyib. Çünki cəfəngiyyatdır. Belə sərsəm ideyalarla insan nə özünü, nə də dünyanı dəyişmək gücündə. İstəsək də, istəməsək də, bu gərdişi-dövran milli fərqlərlə, milli sərhədlərlə qurulmuş. Hətta dünyagörüş fərqləri də dərin qatlarda potensial nifaq ocağıdır.

Ümumən, köklü dəyişikliklərlə bağlı xam xəyalları qırağa tullamaq lazım, gözəl insan. Dinləri ləğv eləmək, dilləri yaxınlaşdırmaq, milli özünəxaslığı rədd eləmək absurddur, mümkün deyil, olmayacaq. Bu reallığın içində hansısa nazik bağlara ümid eləməkdən başqa çarə yox. Görünür, humanizmin də tamam başqa prinsipini tapmaq gərək. Ki, işlək ideya olsun, işlək mexanizm olsun.

Ahaa... İndi özün bax, dünyanın daha kəlləli yerlərində tapılmayan bu mexanizmi bizim axtarmağımıza dəyərmi?

Hə, insan hər şeydən qiymətlidir. Hərçənd bu düşüncənin özü də məhz insan eqoizminin uydurması. Amma bu, ayrı söhbətin mövzusu. Hərçənd hətta bu eqoyla belə bəzən insançün həyat ən qiymətsiz şeyə çevrilə bilir. Məsələn, intihara əl atan Bariz üçün beş-altı yüz manat pul borcuna görə, tarana əl atan Mübariz üçün isə torpaq təəssübündən gələn qürur, mənlik borcuna görə. Bizə baxma, biz "oxumuş” adamlarıq, bir intellektual hiylə var canımızda. Amma mən "sadə” dedyimiz adamların qəlbindəki vətən eşqinə inanıram axı.

Nə qədər eşitmək olar bu söhbətləri ki, böyük dövlətlərin oyunudur? Nə qədər eşitmək olar bu söhbətləri ki, ermənilərin arxasında güc dayanıb, biz torpaq ala bilmərik onlardan?  Onda bu məntiq bizi heçliyə-puçluğa aparır axı. Aparıb o düşüncəyə dirəyir ki, ümumən, SSRİ-nin – əlimizdə, arxamızda olan o böyük gücün tərkibindən çıxmaq lazım deyilmiş, müstəqilliyimiz dekorasiya imiş.

Minlərlə dəyərləndirmə apara bilərsən. Amma millətin Qarabağı almaq istəyinə, yeri gələndə buna görə toparlanmaq əzminə o minlərlə subyektiv şərtlərin heç birinin dəxli yox. Xalq həmişə diri qalmalı, bizcə. Ölüvay yox, ruhsuz yox, məğlub kompleksin gətirdiyi aqressiyayla, mənfi enerjiylə özünü dağıdan toplum olaraq yox.

Hə, dəhşətli deqradasiya gedib, bir tör-töküntülük var. Niyə belə oldu? Yenə minlərlə səbəb saymaq olar, baş sındırmağın mənası yox. Amma belə cəmiyyətlərin bir müharibədən keçməsi, keçib durulması təəssüf ki, vacib görünür. "Kakraz”, həmin müharibənin Qarabağ kimi meydanı da var, motivi də. Əlbəttə ki, söhbət itkilər hesabına durulmaqdan getmir. Elə bir müharibə ki, hamı gedib sağ-salamat qayıtsın.

Hə, bu ancaq arzu ola bilər. Hə, dünya barədə yalnız arzular gözəl, yalnız xəyallar şirin, yalnız ideallar təmiz.

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər