“BİZDƏN QABAQDADIR AVROPALILAR”...

  • 13 Yan 2020 13:55
  • 4042 Baxış
“BİZDƏN QABAQDADIR AVROPALILAR”...

XEYBƏR GÖYYALLI

Bu barədə çoxdan yazmaq istəyirdim. Bu gün - sabah deyə-deyə qaldı. Əslində, haqqında söhbət açacağım məsələ kiçik məsələ deyil. Əksinə, artıq ciddi bir problem səviyyəsinə qalxıb. Çox güman ki, bu problemin yaranması da daha çox xarici təsirlə - Qərbdən gələn “səmum küləyi” ilə bağlıdır. Etiraf edək ki, çox vaxt ağına-bozuna baxmadan, saf-çürük etmədən, mahiyyətinə varmadan gəzib gəldiyimiz Qərbdə gördüklərimizi eynilə ölkəmizdə tələm-tələsik tətbiq etməyə çalışırıq. Özünütəkzib kimi qəbul olunmasın Qərbdən gələn informasiyalardan onu da öyrənirik ki, orada bir çox insanlar lap 80, hətta bir qədər də yuxarı yaşlarında işləyirlər. Söhbət bir neçə illərdir ki, paytaxtımızda daşa-divara vurulan (Binaların fasadına necə gəldi, səliqəsiz bir formada kağız parçalarında elan yapışdırmaq, xüsusən sayt və s. adlarını iri hərflərlə kobud bir şəkildə yazmağın özü də artıq bir problemə çevrilib. Bu barədə hələ bir neçə il əvvəl ayrıca bir yazıda söhbət açmışam) bəzi reklam və xəbər saytlarında axşam-səhər gözdeşən iş elanlarından gedir .Paytaxtımızın əhalinin gediş-gəlişinin gur olduğu yerlərində, metro stansiyalarının yaxınlığında, avtobus dayanacaqlarında bu tipli elanlara hər gün, hər an rast gəlirik: “18-35 yaş həddi arasında şəxslər işə dəvət olunur”.

Çox vaxt bu elanın daha amiranə və sərt bir ritorikası ilə də rastlaşırıq: “35 yaşdan yuxarılar narahat etməsinlər”.

Məşhur filmimizin ritorikası ilə ( “Oynamaqlarına bax!”) desək, siz hələ bir bunların əmrlərinə baxın. Bu nə hökmdür, bu nə davranışdır?! Elə bil qanun, qərar var bu barədə. Artıq bu tendensiya bir çox işəgötürənlər və onların sifarişini yerinə yetirənlərin özləri tərəfindən “qanuniləşdirilib”. Bu tendensiya neçə illərdir ki, davam edir. Buna uzun illər sadəcə bir hal kimi baxıldığından artıq yazılmamış qanun kimi ictimaiyyətin də şüurunda oturuşub, “qanuniləşib”. Bu səpkili iş elanlarının məzmun və mündəricəsi nəinki milli-mənəvi dəyərlərə, heç bir əxlaq və etik meyarlara da sığmır. Bəzən belə iş elanlarına da rast gəlinir: “18- 25 yaş arasında qızları şirkətə işə dəvət edirik”.

Heç bir açıqlaması da yoxdur ki, təklif olunan iş nədir, təklif edilən iş yalnız qızlaramı aiddir, bu barədə heç nə yazılmır. Bu məqamda ədalət naminə onu da qeyd edək ki, bu tipli elanların dürüstünə də çox rast gəlirik. Məlum ticarət obyektlərinin qarşısında açıq və konkret formada yazılır: “Satıcı qız (xanım) tələb olunur”.

Bu nə səviyyədir, bu nə dünyagörüşdür, qəti və birmənalı şəkildə sanki hökm verilir: “Yalnız 18-35 yaş arasında olanlar işə dəvət olunur”. Əslində, bu təfəkkür və dünyagörüşün özü bir səviyyəsizlik, mənəviyyatsızlıq nişanəsidir.

Çox təəssüflər olsun ki, insani və mənəvi dəyərlərə zidd olan bu cür iş elanlarını yalnız özəl şirkət və müəssisələr deyil, dövlət statuslu qurumlar da açıq-aşkar bəyan edirlər. Bu yanaşma heç bir insani meyarlara sığmır. Çox sadə yanaşaq məsələyə. 50-60 və yaxud 65 yaşlı insan işləyə bilməzmi? Bu yaşda insan çörək yemirmi, paltar geymirmi və s... İnsanın fərd olaraq sağlamlığı yerindədirsə, hər hansı sahənin peşəkarıdırsa, məşhur şeirdə deyildiyi kimi, yaşın nə günahı, yaş bəhanədir (B.Vahabzadə).

Əslində, işi gəncə, ortayaşlıya, ahıla yox, iş bilənə tapşırmaq gərəkdır. Necə ki, ustad Şəhriyar demişdir: ” Bizdən qabaqdadır avropalılar, İşi iş bilənə tapşırıb onlar”. Dədə-babalarımız da Nuh əyyamından buyurub: “Çörəyi ver çörəkçiyə, birini də üstəlik ”. Bəli, işi işbilənə verəsən gərək. Hər sənətin xiridarı, hər işin biləni. Hər kəs öz yerində olanda, işlər avand olur. Mən əsla o fikirdə deyiləm ki, gənclərə iş verilməsin, onlar kənarda qalsın. Amma onu da unutmayaq ki, peşəkarlıq və təcrübə həyatda bir göz qırpımında yaranmır.

Haqqında söhbət açdığım məsələnin ciddi problem olduğunu vurğuladım. Bəli, bir daha əminliklə deyirəm ki, bu ciddi problemdir. Bu problemin həlli məsələyə yanaşmanın kökündən dəyişməsindən keçir. Problemin həlli yalnız dövlət səviyyəsində mümkündür. Dövlət Məşğulluq Xidməti ölkə vətəndaşlarının işlə təmin olunmasına birbaşa nəzarət edən və cavabdeh olan rəsmi dövlət qurumudur. Bu məqamda mən bu rəsmi dövlət qurumunun söhbətgedən problemə necə münasibət bəslədiyi, məsələyə müdaxilə edib-etmədiyi barədə fikir söyləməkdə çətinlik çəkirəm. Çünki bu xüsusi araşdırma tələb edir. Kiçik bir münasibət yazısında bunları etmək mümkün deyildir. Məlumdur ki, işədüzəltmə büroları (agentlikləri) müstəqil fəaliyyət göstərirlər. Ancaq müstəqil fəaliyyət hələ özfəaliyyət deyildir. Unutmayaq ki, müstəqil fəaliyyət ictimai fəaliyyətdir. Hər hansı bir fəaliyyət növü cəmiyyət və onun üzvlərinin birgə iştirakı ilə həyata keçirilir. O da məlum məsələdir ki, hər bir ictimai fəaliyyət növü mövcud mənəvi dəyərlər və hüquqi aktlarla tənzimlən(məlidir)ir.