Ru
17:39 / 25 Noyabr 2020

“Bloomberg” Merkelin planlarından yazdı

992
Almaniya kansleri Angela Merkel ölkədə koronavirusla bağlı məhdudiyyətləri sərtləşdirməyi təklif edir.

Novator.az saytı “Bloomberg” agentliyinə istinadla xəbər verir ki, Angela Merkel bu mövqeyini ölkənin vilayət rəhbərləri ilə danışıqlara başlamazdan az öncə nəzərə çatdırıb. Bu isə kanslerin daha yumşaq tədbirlərə tərəfdar olan məmurlarla danışıqlarının gərgin keçəcəyini göstərir.

Danışıqlarda kansler ölkədə koronavirusla bağlı məhdudiyyətləri ən azı dekabrın 20-dək uzatmaq üçün razılıq əldə etmək istəyir.

“Bloomberg”in Merkelin ofisindən əldə etdiyi məlumata görə, federal hökumət mağazalarda alış-verişi məhdudlaşdırmağı, yoluxma ocaqlarına yaxın məktəblərdə daha sərt qadağalar qoymağı vacib sayır. Merkel və ölkənin digər rəhbərləri hazırkı qismən məhdudlaşmanın dekabrın 20-dək davam etməsini, ictimai toplantılarda iştirak edənlərin sayının 10 nəfərə endirilməsini istəyir.

Angela Merkel həmçinin Milad bayramına qədər vəziyyəti yenidən qiymətləndirməyin tərəfdarıdır. Onun qismən məhdudlaşdırmanı gələn il də qüvvədə saxlamaq fikri var.

Almaniyada virusa yoluxma kəskin artdığına görə noyabr ayında hökumət restoranları, idman zallarını və kinoteatrları bağlayıb. İqtisadiyyatın əsas sahələri və məktəblər isə hələ fəaliyyətdədir.

Fransa və Böyük Britaniya kimi ölkələrdə məhdudiyyətlər ehtiyatla yumşaldılsa da, xəstəliyin yayılmasının qarşısını almaq üçün bir sıra məhdudiyyətlər qüvvədə qalır.

Noyabrın 24-də Fransa prezidenti Emmanuel Makron bildirib ki, bu həftənin sonundan ölkə üzrə qapanmanın tədricən aradan qaldırılmasına başlanacaq. Böyük Britaniyada isə məhdudiyyətlərin Milad bayramında yumşaldılacağı gözlənir. Yumşalma bayramda üç ailənin bir yerə yığılmasına imkan verəcək.

Almaniyada koronavirus infeksiyasına yoluxanların sayı oktyabrın əvvəlindən çoxalmağa başlayıb. Ölkədə bu həftənin sonuna yoluxma sayının bir milyona çatacağı ehtimal olunur.

Almaniyada hər həftə 100 min nəfərin virusa yoluxduğunu xatırladan Angela Merkel deyib ki, yoluxma sayı heç olmasa 50 min nəfərə ensə, məhdudiyyətlərin yumşaldılmasından danışmaq olar.

Mənbə: Bloomberg.com


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər