Ru
22:52 / 26 Fevral 2020

BMT-də Xocalı günü - Qarabağ həqiqətlərindən danışıldı

1397
Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini Ramiz Həsənov Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurasının 43-cü sessiyasının yüksək səviyyəli seqmentində çıxış edib.

BakuPost.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.


Nazir müavini deyib ki, bu il Birləşmiş Millətlər Təşkilatı 75 illik yubileyini qeyd edir. Dözümsüzlük, nifrət motivli çıxışlar, miqrasiya, məcburi köçkünlük və iqlim dəyişikliyi kimi məsələlərin həlli BMT-nin yenə də əvəzolunmaz dəyərini və eyni zamanda, daha güclü bir təşkilata ehtiyac olduğunu nümayiş etdirir. Azərbaycan BMT-nin tərəfdarıdır və təşkilatın İnsan Hüquqları üzrə Ali Komissarlığı ilə əməkdaşlığın artırılmasına sadiqdir. Son illərdə komissarlıqla tərəfdaşlığımızı gücləndirmişik. Ölkəmiz İnsan Hüquqları Şurası ilə, o cümlədən xüsusi prosedurlar mandatına sahib olanlarla fəal şəkildə iş aparır. Komissarlığın lazımi texniki yardımın göstərilməsi ilə bağlı vacib işinə dəstək olmaq üçün Azərbaycan bu il könüllü töhfələrini artıracaq.

Ramiz Həsənov qeyd edib ki, Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə öz prioritetlərini Bandunq prinsipləri ətrafında quracaq və xüsusən də bütün insan hüquqlarının universallığını, bölünməzliyini və qarşılıqlı asılılığını müdafiə edəcək. Bütün insan hüquqlarının və əsas azadlıqların təşviqi və qorunması üçün konstruktiv bir yanaşmanın qəbul edilməsinin vacibliyini də vurğulayırıq və bu baxımdan bütün dövlətləri bir-biri ilə səmimi dialoqa və əməkdaşlığa yönəltməyə çağırırıq.

“Hazırda Azərbaycanda demokratiyanın, qanunun aliliyinin daha da möhkəmləndirilməsinə, insan hüquqlarının təşviqi və qorunmasına yönəlmiş genişmiqyaslı və uzunmüddətli islahatlar aparılır. 9 fevral parlament seçkiləri Azərbaycanın daha da demokratik inkişafı yolunda növbəti vacib addımı təşkil edir. Seçkilərdə bu günədək ən çox qeydə alınan namizəd oldu, o cümlədən qadın namizədlərin sayında ciddi artım baş verdi. Əvvəlki seçkilərdə olduğu kimi, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində öz ərazisindən zorla çıxarılmış və bununla da öz doğma şəhərlərində səs vermək imkanına malik olmayan 700 min məcburi köçkünün seçki hüquqlarının təmin edilməsi üçün 523 seçki məntəqəsi yaradılmışdı. Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaşayan erməni əsilli Azərbaycan vətəndaşları səsverməyə Azərbaycan seçki orqanları tərəfindən dəvət edilmiş və onlardan bir qismi elektron səsvermə yolu ilə 9 fevral parlament seçkilərində iştirak etmişdir.

Dünən Ermənistanın xarici işlər naziri yenidən Şuradan sui-istifadə edərək beynəlxalq hüququ, o cümlədən BMT Nizamnaməsini kobud şəkildə pozaraq, Ermənistanın Azərbaycana qarşı ilhaqçı siyasətinə haqq qazandırmaq məqsədilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir çox saxta və yalan dolu fikirlər səsləndirdi. Məhz bu ilhaqçı siyasət münaqişənin əsl səbəbini təşkil edir.

Ermənistan Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü təsdiqləyən, Ermənistanın Azərbaycana qarşı güc tətbiq etməsini, ərazilərini işğal etməsini, mülki şəxslərə hücumlarını pisləyən, habelə bütün işğalçı qüvvələrin Azərbaycanın ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə və digər beynəlxalq təşkilatların sənədlərinə məhəl qoymur.

Bu gün Azərbaycan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ən qaranlıq səhifələrindən biri, getdikcə daha çox ölkənin tanıdığı Xocalı soyqırımının 28-ci ildönümünü qeyd edir. 1992-ci ilin bu günü, Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki bu kiçik şəhərin 613 sakini azərbaycanlı olduqlarına görə erməni hərbçiləri tərəfindən vəhşicəsinə qətlə yetirilib. Bu faktı sonradan Ermənistanın o vaxtkı prezidenti özü də etiraf edib. Bu baxımdan Azərbaycan Şuranı, onun mandat sahiblərini və Ali Komissarlığı 30 ilə yaxındır haqları pozulmuş azərbaycanlı məcburi köçkünlərin və qaçqınların insan hüquqlarının bərpası üçün prinsipial mövqe tutmağa və səmərəli tədbirlər görməyə çağırır.

Ermənistan qəsdən öz müqəddəratını təyinetmə prinsipini yalnız Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaşayan erməni etnik qrupu üçün tətbiq etməyə çağırmaqla və bu bölgədəki bütün azərbaycanlıların Ermənistan tərəfindən didərgin salındığını qəsdən gizlətməklə təhrif edir. Buna görə də “Dağlıq Qarabağ xalqı” kimi bir anlayış yoxdur, eyni bölgədəki azərbaycanlı icması ilə yanaşı, Dağlıq Qarabağın erməni icması mövcuddur. Belə olduğundan Azərbaycanın Dağlıq Qarabağ bölgəsində qondarma "seçkilər" keçirmək beynəlxalq hüquq pozuntusudur. Keçmişdə bu cür seçkilər heç vaxt beynəlxalq ictimaiyyət tərəfindən tanınmayıb və gələcəkdə də əsassız sayılacaq”, - deyə R.Həsənov qeyd edib.

Nazir müavini bildirib ki, Ermənistanın münaqişənin sülh yolu ilə həllinə "sadiqliyi" barədə bəyanatlarına baxmayaraq, Ermənistan rəhbərliyi tərəfindən həqiqi marağın olmaması münaqişənin həlli prosesinə mane olur. Son Münxen Təhlükəsizlik Konfransında Ermənistanın bu münaqişə ilə bağlı saxta iddialarına cavab olaraq, Azərbaycan Respublikasının Prezidenti birmənalı şəkildə bildirdi ki, bu münaqişənin danışıqlar nəticəsində əldə ediləcək istənilən həll yolu Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü təmin etməlidir.

Dağlıq Qarabağ bölgəsi Azərbaycanın ayrılmaz hissəsidir və bu, beynəlxalq hüquq normalarına əsaslanır. Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən qəbul edilir və Ermənistan hökuməti qonşularına münasibətdə özünə zərər verən siyasi gündəliyinin hər hansı perspektivinin olmadığını nə qədər tez anlayarsa, Ermənistan xalqı sülh və iqtisadi inkişafdan bir o qədər tez faydalana bilər.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər