Ru
13:03 / 12 Noyabr 2025

"Bu cür hadisələrin arxasında..." - Qəza ilə bağlı ŞÜBHƏLİ MƏQAMLAR

"Bu cür hadisələrin arxasında..." - Qəza ilə bağlı ŞÜBHƏLİ MƏQAMLAR
Eye

“Türkiyəyə məxsus hərbi təyyarənin Gürcüstanda qəzaya uğraması təbii ki, müəyyən şübhələr yaradır”.

Bunu Bakupost.az -a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı qəza ilə bağlı versiyaları şərh edərkən bildirib.

Onun sözlərinə görə,bölgədə baş verən belə hadisələr adətən, siyasi proseslərdən qaynaqlanıb:


“Yəni daha öncə AZAL-ın təyyarəsinin vurulması zamanı da biz buna şahid olmuşuq. Eləcə də, bu kimi hadisələrin arxasında hər zaman müəyyən siyasi məqsədlər və ya müdaxilə ehtimalları olub. Bu baxımdan bu cür şübhələri təbii qarşılamaq olar. Həm də regiona baxdıqda müəyyən ehtimallar yaranır. Hazırda Cənubi Qafqazda vəziyyət indiyə qədər bölgədə güc sahibi olan ölkələrin tam əleyhinədir. Türkiyə və Azərbaycan bu bölgədə hakim gücə çevrilirlər. Artıq indiyə qədər regionda Rusiya və İran da daxil olmaqla, əsas təsir imkanlarına malik ölkələr oyundan kənar vəziyyətə düşüblər".

Asif Nərimanlının fikrincə, hadisənin Azərbaycanda keçirilən Zəfər paradından sonra baş verməsi də əsas sual doğuran məqamlardan biridir:

“Nəzərə almaq lazımdır ki, Zəfər paradı təkcə müharibənin 5 illiyi ilə bağlı deyildi. Bu parad həm də siyasi mesajlar daşıyırdı və nəticə etibarilə Cənubi Qafqazda prosesin müəyyən mənada başa çatması kimi qiymətləndirilə bilər.

Yəni, 44 günlük müharibə nəticəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, 2023-cü ildə isə suverenliyini tam təmin etdi. Hazırkı vəziyyətdə, müharibədən ötən 5 il ərzində Ermənistanla sülh prosesi yekunlaşmaq üzrədir. Bu da Cənubi Qafqazda bəlkə də yüzilliklər boyu davam edən, kənar qüvvələrin maraqlarında olan prosesləri tamamilə sonlandırır”.

A.Nərimanlı qeyd edib ki, bu qəza istər-istəməz müəyyən konspiroloji fikirlərə gətirib çıxarsa da, sui-qəsd ehtimalı zəif görünür:

“Hazırda yayılan informasiyalara baxdıqda xüsusilə iki məqam önə çıxır. Birincisi, təyyarənin istismar müddətinin çox olması, ikincisi isə qəza yerindən gələn ilkin məlumatlara görə müdaxilə ehtimalının zəifliyidir. Çünki müdaxilə hallarında bu, daha aydın şəkildə özünü göstərir.

Araşdırmalar başa çatdıqdan sonra bəlli olacaq ki, hadisə ya pilotun səhvindən, ya da texniki nasazlıqdan qaynaqlanıb. Məncə, bu ehtimallar daha real görünür. Ona görə də bu məsələ ilə bağlı istintaqın yekun nəticələrini gözləmək lazımdır.

Mən əminəm ki, əgər hər hansı bir müdaxilə və ya qeyri-təbii amil aşkarlanarsa, bu, ictimaiyyətə açıqlanacaq. Çünki bu, ciddi bir hadisə, həm Azərbaycanın, həm də Türkiyənin məsələsidir”.

Lalə Novruz, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar