Ru
10:04 / 01 Avqust 2020

Bu gün Azərbaycan dili günüdür

2116
Avqustun 1-i Azərbaycan əlifbası və Azərbaycan dili günüdür.

1922-ci ildə Azərbaycan hökumətinin qərarı ilə Yeni Əlifba Komitəsi yaradıldı. Bu Komitəyə Azərbaycan (türk) dili üçün latın qrafikalı əlifba tərtib etmək tapşırığı verildi. Bu yeni əlifbaya keçilməsi yolunda atılmış ilk ciddi addım oldu.

1923-cü ildən etibarən latın qrafikalı əlifbaya keçmə prosesi sürətləndirildi. 1926-cı ildə keçirilmiş Birinci Ümumittifaq Türkoloji Qurultayın tövsiyəsinə əsasən 1929-cu il yanvarın 1-dən etibarən Azərbaycanda kütləvi şəkildə latın qrafikalı əlifba tətbiq edildi. Bu hadisə Azərbaycanda savadsızlığın ləğv olunmasında mühüm rol oynadı. Lakin Türkiyə Cümhuriyyətində də latın qrafikalı əlifbaya keçilməsi və bunun nəticəsində SSRİ- də və xaricdə yaşayan türk xalqları arasında mədəni əlaqələrin güclənməsi qorxusu Sovet imperiyası rəhbərliyində Azərbaycan əlifbasının yenidən dəyişdirilməsi planlarını yaratdı.

1940-cı il yanvarın 1-dən kiril qrafikalı əlifbaya keçmək haqqında qərar qəbul olundu. Sonralar kiril qrafikasının Azərbaycan dilinin fonetik səs sisteminə uyğunlaşdırılması üçün Azərbaycan kiril qrafikasında müəyyən dəyişikliklər aparıldı. Yarım əsrdən çox bir müddət ərzində kiril qrafikası ilə Azərbaycan elmi və mədəniyyətinin qiymətli nümunələri yaradıldı.

1990-ci ildən Azərbaycanda yenidən latın qrafikalı əlifbaya keçidlə bağlı təşəbbüslər irəli sürülməyə başlanılmışdır. Yeni müstəqil əlifbaya keçməyin zəruriliyini elmi faktlarla əsaslandıran ilk alim Afad Qurbanov olmuşdur. 1 avqust 1990-cı il tarixində onun təşəbbüsü ilə Azərbaycan Əlifba Komissiyası yaradılmış və əlifba mütəxəssisi kimi bilik və bacarığı nəzərə alınaraq o, komissiyanın sədri təyin edilmişdir. Məhz Azərbaycan Əlifba Komissiyasının tərtib etdiyi yeni əlifba 1992-ci ildə təsdiq edilmiş və tətbiq edilməyə başlanılmışdır.

1992-ci ildə latın qrafikalı Azərbaycan əlifbasının tətbiqi barədə Qanun qəbul olundu. 2001-ci ildə isə latın qrafikalı Azərbaycan əlifbasına keçid başa çatdırıldı. Latın qrafikalı əlifbanın tətbiqinin Azərbaycan Respublikasının siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq Azərbaycan Prezidenti Heydər Əliyev 2001-ci il avqustun 9-da fərman imzalayıb. Bu fərmanla avqustun 1-i Azərbaycan Respublikasında Azərbaycan Əlifbası və Azərbaycan dili Günü elan edilib.

Müasir dövrün tələblərini və reallıqlarını nəzərə alan Azərbaycan Prezidentinin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq etməsi milli və mənəvi varlığımızın güzgüsü olan ana dilimizin saflığının və zənginliyinin qorunması baxımından mühüm tarixi hadisədir. Dövlət Proqramının məqsədi 2013-2020-ci illər ərzində Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılması, dilimizin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi, ölkədə dilçilik araşdırmalarının yaxşılaşdırılmasıdır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər