-Bu yollar hansıdır?
-Bakının bütün böyük küçə və prospektləri bizim sərəncamımızdadır , eyni zamanda bəzi küçələrə“Azəravtoyol” xidmət edir. Bu ilə qədər yəqin ki, bizim də problemlərimiz olub, amma bu ildən BŞİH rəhbərliyi tərəfindən qarşıya elə tələblər qoyulub ki, təkcə biz yox, Mənzil Kommunal Təsərrüfatlar Birliyi, Yaşıllaşdırma İdarəsi, meriyanın tableliyindəki bütün idarə və qurumlar bu işə cəlb edilib. Ümid edirəm ki, bu qış Bakıya qar yağsa belə, heç bir problem yaşanmayacaq.
-Əvvəlki illər qarşınıza belə tələblər qoyulmurdu?
-Bu il cənab başçı daha məsuliyyətli yanaşmanı qarşımıza tələb qoyub.
-Sentyabr müşavirəsində Eldar Əzizov dedi ki, sərt qış gözləyirik, hətta mobil telefonlar işləməyə bilər, hər kəs yerində olsun. Bu, bir növ xəbərdarlıq idi...
-Bəli, cənab başçı çox ciddi tapşırıq verib, biz də çalışırıq ki, sərəncamdan irəli gələn vəzifəmizi layiqincə yerinə yetirək.
-Qeyd etdiniz ki, ötən il 3 min ton, bu il isə 5 min tona yaxın xam duz alınıb. Bu tədbirləri hansısa proqnozlara əsasən artırırsınız, yoxsa öz təşəbbüsünüz olur?
-Adətən, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Proqnozlar Bürosunun proqnozları olur. Bundan başqa, qışın sərt keçəcəyinə dair müxtəlif xəbərlər yayılır, yəqin ki, siz də oxuyur, yayırsınız. Buna görə də işimizi bəribaşdan ehtiyatlı tutmuşuq ki, problem yaşamayaq.
-Əvvəl yollara texniki duzla bərabər qum da tökülürdü. Amma,deyəsən, artıq qumdan imtina olunub.
-Əvvəl duz-qum qarışığı tökülürdü. Qar əridikdən sonra qum şəhərin çirklənməsinə səbəb olurdu. Həmin qum yığnaqları şəhərin zibillənməsinə gətirib çıxarırdı, artıq 5 ildən çoxdur ki, qum səpilmir, texniki duzdan istifadə olunur.
-5 min ton duz almısınız. Bu, kifayət qədər böyük rəqəmdir. Artıq qalan duzun gələn il üçün istifadəsi mümkün olurmu?
-Duzun zamanı yoxdur. Ancaq duzun da öz kimyəvi tərkibi var, bu ildən gələn ilə qalanda azalır, yəni əriyir. O əriyən hissə qədər əlavə duz alırıq. Bu duz yodlaşdırılmamış duzdur, “Azərsun” şirkətinin Masazırdakı Duz İstehsal İdarəsi tərəfindən təmin olunuruq.
-Kənarda baxanda sizin idarə sanki mövsümü idarə təsiri başlayır. İlin qalan zamanlarında nə edirsiniz?
-Bizim idarənin, yəni Sanitariya və Texniki Təmizlik İdarəsinin 120-yə yaxın əməkdaşı var. Strukturumuza Yol Qəza Xidməti, Sahibsiz Heyvanlara Qayğı Mərkəzi, Dövlət Bayraqlarına Xidmət Mərkəzi daxildir.
Qışda əsasən yollardakı qarı təmizləməklə, digər vaxtlar isə şəhərin texniki təmizliyi ilə məşğuluq. İdarəmizin nəzdində Sahibsiz Heyvanlara Qayğı Mərkəzi fəaliyyət göstərir. Sahibsiz heyvanlarla bağlı şikayətlərə uyğun tədbir görür, küçədəki sahibsiz heyvanları xüsusi avadanlıqlarla tutur, “Toplan” Qayğı Mərkəzinə gətiririk. Ötən ildən BŞİH ilə Heydər Əliyev Fondunun birgə layihəsi əsasında “Toplan” Qayğı Mərkəzi yenidən tikilib. Ən müasir laborator avadanlıqlarla təchiz edilib, ən savadlı həkimlər işə cəlb olunub. İtlər ora gətirildikdən sonra onların üzərində əməliyyat aparılır, qısırlaşdırılır, peyvənd olunur, quduzluğa qarşı dərmanlanaraq “birka” taxılır. Bundan sonra onlar şəhər və şəhərətrafı ərazilərə buraxılır. Bundan başqa, bizin idarə dünya dövlətlərinin bayraqlarına xidmət edir. Bizim anbarda ölkələrin bayraqları saxlanılır.
-Nə üçün?
-50-dən çox ölkənin bayrağı bizim anbarlarda saxlanılır. Dünya ölkələrinin prezidentləri ölkəmizə gəldikdə, şəhərin bayraqlarla bəzədilməsi də bizim tərəfimizdən həyata keçirilir.
-Bayraqları də özünüz tikirsiniz?
-Xeyr. Prezident Aparatının Protokol şöbəsindən alırıq. Bayraqlar anbarlarda xüsusi qablarda saxlanılır ki, çirklənməsin, əzilməsin.
-Şəhərə texniki xidmət də göstərirsiniz. Bura nə daxildir, məsələn heykəllərin yuyulması?
-Heykəllərin yuyulması birbaşa Mənzil Kommunal Təsərrüfatları Birlikləri tərəfindən aparılır. Bu gün Bakıda kortəbii tikintilər var. Əgər tikinti zamanı çirklənmə olarsa, texniki tullantılar ortaya çıxarsa, bizim idarə tərəfindən toplanır.Əminəm ki, bu il qış mövsümündə Bakıda sakinlərin, nəqliyyatın intensiv, təhlükəsiz hərəkətinin təmini sahəsində heç bir problem qeydə alınmayacaq. Əvvəldən də qeyd etdiyim kimi, artıq texnikalar start vəziyyətindədir.