Ru
14:06 / 09 Noyabr 2021

"Bu, mənə ilk dəfə Ağdamda qismət oldu" - Mənsum İbrahimov

4792
"30 ilə yaxın idi ki, bir millət olaraq torpaqlarımızın həsrətini çəkirdik. Şükür bu günümüzə ki, artıq Zəfərimizi qeyd edirik".

Bu fikirləri Bakupost.az -a Xalq artisti Mənsum İbrahimov Zəfər Günü ilə bağlı danışarkən deyib.

O qeyd edib ki, işğal dövründə doğulduğu Ağdam torpaqlarına həsrət qalıb:

"Hər dəfə Ağdamın bizdə olan o kiçik hissəsində tədbirdə olanda, üzü Ağdama, Şahbulağa tərəf nisgillə baxırdım. Ürəyimdən qara qanlar axırdı ki, İlahi, mən nə vaxtsa ora gedə biləcəm? Çox ağır idi. Dünyanın möhtəşəm səhnələrində konsertlər verirdik, amma öz torpağımıza həsrət qalmışdıq. Ən böyük arzum Qarabağda oxumaq idi. Şükürlər olsun ki, o gün bizə qismət oldu. Müzəffər ordumuz 44 gün ərzində böyük bir dastan yazdı. Həsrət qaldığımız dədə-baba torpaqlarımızı bizə qaytardılar.

Özüm Ağdamda doğulmuşam. Ağdam azad olunandan 5 gün sonra Ağdama getdim. Azad olunan gün jurnalistlər mənə zəng etmişdilər ki, Ağdama ilk qədəm qoyduğunuz an nə edəcəksiniz, ürəyinizdə nə arzu var? Elə o an ürəyimdən bir arzu keçdi və dedim ki, mən Ağdam məscidində azan verəcəm. Yəni mən ömrümdə heç vaxt azan verməmişdim. Bu, ilk dəfə mənə Ağdamda qismət oldu. Ağdama daxil olanda dizlərimi yerə qoyub o torpağı öpdüm. Daha sonra məscidə girib əllərimi qaldıraraq ömrümdə ilk dəfə olaraq Azan verdim. Bu, Allaha ürəyimdən keçən bir təşəkkürüm idi. Ondan üç gün sonra xarici ölkələrin səfirləri ilə Ağdama səfərimiz oldu. Düşmənin xaraba qoyduğu dram teatrının qarşısında kiçik bir konsert verdim. İlk dəfə ağdamlı sənətkar olaraq Ağdamda mənim ifamda muğam səsi eşidildi.

Daha sonra mayın 28-də Ali Baş Komandanın rəhbərliyi ilə Ağdamda təməlqoyma mərasimində həm çıxış etdim, həm də oxudum. O da bir tarixi an idi. Sizə deyim ki, o dağıdılmış torpağımızda oxumaq, dünyanın ən möhtəşəm səhnələrindən mənim üçün üstün idi. O hisslərimi sözlə ifadə edə bilmirəm.

Qələbəmizdən 6 ay sonra Şuşada Cıdır düzündə keçirilən möhtəşəm Xarıbülbül festivalında da iştirak etdim. İlk dəfə Şuşanın girişində üçrəngli bayrağımız dalğalanırdı. O, qarşıma çıxanda sevincdən ağladım. Çünki mənim uşaqlığım hər yay Şuşada keçmişdi. Cıdır düzündə gəzəndə əsgərlərimzin sıldırım qayaları necə aşdığını, Şuşanı əlbəyaxa döyüşlə necə azad etdiklərini hiss edə bilirdik.

İkinci dəfə Şuşaya Üzeyir Hacıbəyovun doğum günündə, musiqi festivalında Üzeyir bəyin heykəlinin qarşısında Şuşada Məcnun kimi çıxdım və konsertdə iştirak etdim. Eyni zamanda Xudafərin körpüsündə, Füzuli şəhərində də çıxışımız olub.

Bəli, düşmənin 30 il ərzində dağıtdığı torpaqlarda artıq qısa müddətdə yeni infrastruktur layihələr həyata keçirilir, Ağıllı kəndlər, şəhərlər yaradılır. Həmçinin qısa bir müddətdə hazırlanan Füzuli Hava Limanının açılışının şahidi olduq. Şuşaya artıq Zəfər yolu ilə gedib-gəlirik. Bundan qürurverici başqa bir hiss yoxdur. Bunların hamısı qəhrəman şəhid oğullarımızın, qazilərimiz sayəsində olub. Şəhid ailələrinə səbr diləyirəm. Çünki mən özüm də ailəmdən şəhid vermişəm. Qardaşımın oğlu xüsusi təyinatlı İbrahimov İsrafil Zülfüqar oğlu Füzulidən Laçına qədər böyük bir döyüş yolu keçdi və Laçın uğrunda döyüşdə oktyabrın 26-da şəhidlik zirvəsinə yüksəldi. Qardaşım Zülfüqar da 1-ci Qarabağ müharibəsi qazisidir. Yəni üç qardaşım 1-ci Qarabağ müharibəsi qaziləridir. İsrafilin timsalında bütün şəhidlərin ruhu qarşısında baş əyirəm. Məhz onların sayəsində biz torpalarımıza qayıtdıq. Düşünürəm ki, biz Qarabağ torpaqlarımızda xoşbəxt yaşayacağıq.

Əlbəttə, bunun üçün biz Ali Baş Komandanımıza, müzəffər ordumuza, şəhidlərimizə, qazilərimizə borcluyuq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə isə sağlamlıqlarına qovuşmalarını diləyirəm. Zəfər günü münasibətilə xalqımzı, ordumuzu ürəkdən təbrik edirəm. Zəfərimiz mübarək!"

Fəridə Söhrabqızı
Baku Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər