Ru
10:07 / 20 İyun 2021

Bu işlərdə pomidor bizə kömək edə bilər - "Pomodoro texnikası" nədir?

26873
Yay aylarında sərin salatları daha da ləzzətləndirən təravətli qoxusu, qış aylarında isti lülə kababın yanında iştahaçan gözəlliyi, eləcə də səhər yeməklərində yumurta ilə qüsursuz tandemi - pomidorun faydalarını saymaqla qurtarmaz. Lakin bunlarla yanaşı, təəcüblü də olsa, "pomidor" işlərin vaxtında və keyfiyyətli şəkildə tamamlanması istiqamətində də bizə köməklik edə bilər. Bəli, səhv eşitmədiniz: pomidor buna da qadirdir!

Yəqin ki, bir çoxumuz tez-tez aşağıdakılara bənzər ifadələri işlədir və yaxud eşidirik:

- "Bu hesabat o qədər də təcili və vacib deyil. Bunu sabah da yazsam olar".

- "Jurnala abunə olmuşam, bu ay çıxan maraqlı məqaləni də oxumalıyam. Ancaq sosial mediadan mənə mesaj göndərən dostlarım var, onlara cavab yazım, məqaləni sonra oxuyaram".

- "İmtahana qədər hələ çox vaxtım var. Gələn həftədən etibarən oxumağa başlayaram".

Təəssüf ki, bu "sonra" bir çox hallarda heç vaxt baş vermir və öz inkişafımız üçün üzərində işləməli olduğumuz məsələlər təxirə salınaraq bir müddət sonra yaddan çıxır.

Aparılan sosial və psixoloji tədqiqatlar göstərir ki, insanların işləri təxirə salmaq istəyi əksər hallarda işin böyüklüyünün gətirdiyi qorxudan yaranır. Doktor Timofey Pixil təxirə salmanın verdiyi hissi məhz bu cür izah edir: "Səni böyük həcmdə iş gözləyirsə, bu halda mənfi duyğular baş qaldırır. Normal şəraitdə buna belə reaksiya veririk: bir çoxumuz işdən yayınmağa, nəsə izləməyə və ya sosial mediada vaxt keçirməyə meyl edirik". Doktor Pixil həmçinin izah edir ki, bu neqativ hisslərdən xilas olmaq üçün ali məqsədimizə dair uğurlu bir hədəf təyin etməyimiz çox vacibdir. Pomidor, daha   doğrusu, "Pomodoro texnikası" da məhz bu məqamda bizim imdadımıza çatır.  

"Pomodoro texnikası" necə yaranıb?

Bu texnikanın yaradıcısı olan universitet professoru Fransisko Kirilyo 1980-ci illərin sonunda tələbə olduğu dövrdə sosiologiya fənni üzrə imtahana hazırlaşarkən "işləri təxirə salma" sindromu ilə üzləşir. Nə qədər təəccüblü olsa da, problemin həlli pomidor formalı mətbəx taymeri sayəsində mümkün olur. O vaxtdan bəri Fransisko Kirilyo nəhəng layihələri daha kiçik, asan yerinə yetirilə bilən tapşırıqlara ayırmaq üçün bir metod ixtira edir və bu metodun mərkəzində də həmin pomidor formalı mətbəx saatından istifadə dayanır. Fransisko Kirilyo vaxtın idarə edilməsilə bağlı yaratdığı bu texnikaya "Pomodoro texnikası" adı verir və o dövrdən etibarən bu metoddan istifadə edənlərin sayı hər ötən gün artmaqda davam edir.

 

İşləri təxirə salmaq əslində, xroniki bir vərdiş problemi yaradır. Bu texnikanın məqsədi də məhz həmin vərdiş problemini həll etməkdir. Lakin problemi zorakı yollarla deyil, zövq alaraq həll etmək ön plana çıxır.  

"Pomodoro texnikası"nın mahiyyəti

"Pomodoro texnikası" böyük həcmdə olan işləri, layihələri, tapşırıqları arada 5-10 dəqiqəlik fasilə verməklə 25 dəqiqəlik hissələrə bölüb işləməyi tövsiyə edir. Hər 25 dəqiqəlik hissə və həmin 25 dəqiqədən sonra veriləcək fasilə birlikdə şərti olaraq "Pomodoro" adlandırılır. Həmin o 5-10 dəqiqəlik fasilələrdə isə mükafat olaraq zövq aldığımız fəaliyyətləri həyata keçiririk. Fransisko Kirilyo bu fasilələrdə hər hansı bir zehni səy tələb edən fəaliyyətlərlə məşğul olmamağı məsləhət görür.

Bəli, ilk baxışda bu, çox asan bir metod kimi səslənir və əslində, elə səsləndiyi kimi də asandır. Bu texnikanı tətbiq etməyi tövsiyə edən tədqiqatçıların çoxu aşağıdakı faydaları diqqətə çatdırırlar:

- Bu texnika motivasiyanı həmişə ən üst səviyyədə saxlamağa kömək edir. Siz fikrinizi, enerjinizi və səylərinizi böyük işin kiçik hissəsinə yönləndirərək, bütöv işin yerinə yetirilməsilə bağlı stresdən azad olursunuz.

 

- Tamamlanmış hər bir "Pomodoro" sənə uğur hissi qazandırır və prosesi davam etdirməyə sövq edir.

- Tez-tez verilən fasilələr fikrinizi qarşıda duran işlərin icrasına yönəltməyə kömək edir.

- İşlər təxirə salınmır və son günə yığılıb qalmır. Bu da gərginliyin azalmasına və müsbət hormonların ifrazına səbəb olur.

- Çoxtapşırıqlılıq, yəni eyni vaxtda bir neçə işi görmək, əslində, beynin normal funksional fəaliyyətində mümkün deyil. Tədqiqatlar göstərir ki, eyni vaxtda bir neçə işi görənlər adətən daha çox səhvlərə yol verir, işlər uzanır və keyfiyyət əhəmiyyətli dərəcədə aşağı düşür. "Pomodoro texnikası" bunun da qarşısını alır, insanın eyni vaxtda diqqətini yalnız və yalnız bir işə yönəltməklə daha yaxşı nəticələr əldə etməyinə kömək edir.

- Fasilələrdə məşğul olacağınız şeylər (məsələn, sosial media hesablarınızı yoxlamaq, dostunuza zəng vurmaq, televiziya proqramına baxmaq) sizə "mükafat" kimi gəlir və bu da əlavə müsbət hisslər yaradır.  

"Pomodoro texnikası"nın tətbiqi üçün nəyə ehtiyacımız var?  

Yuxarıda da qeyd etdiyimiz kimi, bu, çox asan bir metoddur və çox az sayda şeyə ehtiyacınız var:

- Mətbəx taymeri (pomidor formasında olmasa da olar). Son dövrlərdə ağıllı telefonlarda mətbəx taymerini əvəz edəcək mobil tətbiqlər də yaradılıb. Bunlara misal olaraq aşağıdakıları göstərmək olar: "Pomodoro Countdown Timer", "Plantie", "Focus to do", "Flip", "Focus tomato" və s.

- Hər günün əvvəlində prioritet sıra ilə düzülmüş "Bu gün etməli olduğum işlər"in siyahısı.

Əlbəttə, bu siyahını uzatmaq və görülən və görüləcək işlərin hesabatını hazırlayacaq xüsusi və kompleks qrafiklər və s. də əlavə edilə bilər. Lakin biz vaxtımızı həqiqətən səmərəli şəkildə idarə etmək istəyiriksə, bir az da çeviklik və sadəliyə istiqamətlənməliyik...

İndi isə gəlin tətbiqə başlayaq! Siyahıda ən yüksək sırada olan məsələni götürək və 25 dəqiqəlik vaxt tutaraq, diqqətimizi başqa şeylərə yayındırmadan təkcə bu işə cəmləşdirərək işləyək. Olduqca əhəmiyyətlidir ki, həmin bu 25 dəqiqə ərzində bütün diqqətimizin məhz icra etməli olduğumuz işə yönəldiyindən əmin olaq. Fasilə vaxtı gəldikdə isə, fasiləmizdən "halal malımız" kimi istifadə edək. Bir neçə "pomodoro"dan sonra daha uzun (15-30 dəqiqəlik) fasilə verək.


Mütəxəssislər qeyd edirlər ki, fasilələr "könüllü" deyil, məcburi olmalıdır. Əks təqdirdə, bu texnikanın psixoloji faydalarından maksimum şəkildə yararlana bilmərik. Fasilə vaxtı nə ilə məşğul olacağınızı bilmirsiniz? Bu günə qədər işləri təxirə saldıqda nə ilə məşğul olurdunuzsa, fasilələrdə də onlarla məşğul ola bilərsiniz. Mən aşağıdakı kimi sizə bir neçə ideya verə bilərəm, lakin əminəm ki, sizin fantaziyanız bu siyahıdan daha genişdir:  

Yoqa, nəfəs təlimi, ibadət, qısa gəzinti, idman hərəkətləri;

Sosial media;

Dost və qohumlarla hal-əhval tutmaq üçün qısa zənglər;

Televiziya proqramları;

Yemək, içki hazırlamaq;

Musiqiyə qulaq asmaq;

Musiqi alətində ifa etmək;

Evi yığışdırmaq;

Gündəliyə yazı yazmaq;

Çiçəklərə, bağa qulluq;

onlayn alış-veriş və s.

Və nəticə

Gördüyünüz kimi, bu sadə metod və texnika ilə çox böyük, qəliz və "insanın gözünə duran" işləri kiçik hissələrə bölərək və motivasiyanı qoruyaraq yerinə yetirmək mümkündür. Əlbəttə, bu metod hər fəaliyyət növündə müsbət nəticələr verməyə bilər. Məsələn, yaradıcılıq tələb edən işlərdə (rəsm, şeir və s.) tez-tez fasilə verməyin mənfi nəticələri də ola bilər. Lakin bir çox fəaliyyət sahəsində və işdə bu metodun üstün cəhətlərinin olduğu artıq elmi ədəbiyyatla da təsdiq edilir. Bu son cümləni yazarkən istifadə etdiyim tətbiq 25 dəqiqəlik müddətin başa çatdığını bildirən zəngi çaldı. Bəli, indi artıq fasilə vaxtıdır və mən də bu 10 dəqiqəlik fasiləmdə pianinoda yeni öyrəndiyim "Nə gözəldir Azərbaycan" mahnısını ifa etməyə gedirəm.

Görüşmək ümidi ilə...

Elçin İbadov
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər