11:01 / 24 Noyabr 2021

Bu şəxslər Amnistiyaya düşməyəcək

1654
“Amnistiyanın tətbiqi ilə əlaqədar bir sıra məhdudiyyətlər də müəyyən edilib”.


Bakupost.az xəbər verir ki, bunu Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Elnur Musayev deyib.

E.Musayevin sözlərinə görə, bu məhdudiyyətlər sırasına xüsusilə ağır cinayətlər, yəni cəza qismində on iki ildən çox azadlıqdan məhrum etmə nəzərdə tutulan əməllər, yaxud əvvəllər ağır cinayətlər, yəni yeddi ildən çox azadlıqdan məhrumetmə ilə cəzalandırılan əməl törədən şəxslər daxildir:

“Bundan başqa, sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən, 1990-cı il yanvarın 19-20-də Bakı şəhərinə sovet qoşunlarının qanunsuz yeridilməsi ilə əlaqədar törədilmiş cinayətlərdə, Xocalı soyqırımının baş verməsində, Azərbaycan Respublikası torpaqlarının erməni silahlı birləşmələri tərəfindən işğal edilməsində təqsirli olan şəxslər haqqında amnistiya tətbiq olunması qadağan edilib.


Beynəlxalq öhdəliklərə uyğun olaraq korrupsiya cinayətlərinə Amnistiya Aktının tətbiqi olduqca məhduddur. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərə və mülkiyyət əleyhinə olan cinayətləri törədən şəxslərə aktın tətbiqi yalnız məhdud şəkildə qalmış cəzadan azad edilməsi halında mümkündür. Məhdudiyyətlər sırasında alkoqolizmdən, narkomaniyadan və ya zöhrəvi xəstəliklərdən məcburi müalicə təyin olunmuş şəxslərlə bağlı hallar da var”.

Onun sözlərinə görə, bu qəbildən olan şəxslər barəsində 4 ay müddətində amnistiya tətbiq edilməli, lakin həmin şəxslərin cəzadan azad edilməsi məsələsi isə müalicə başa çatdıqdan sonra həll edilməlidir.
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər