17:37 / 22 İyun 2021

Uşaqlarda ürək xəstəlikləri, ən vacib suallara cavab- Türkiyənin məşhur kardiocərrahı ilə MÜSAHİBƏ

1227
Bu gün uşaqlarda ürəyin qəfil dayanması halları biz həkimləri narahat edir.

Yenidoğulmuşların ürəyində dəliklər öz-özünə bağlanırmı, nə zaman əməliyyat vacibdir?

Bu gün dünyada, eləcə Türkiyə və Azərbaycanda körpələrdə anadangəlmə ürək qüsurlarına çox rast gəlinir. Artıq fetal dövrdə, ana bətnində uşağın diaqnozu qoyulur və bir çox körpələr elə doğulan kimi 2-3 günlük əməliyyat edilir. Amma bəzən heç də bütün uşaqlar əməliyyat olunmur, bəzənsə valideynlər zaman qazanmaq, problemin öz-özünə düzəlməsini gözləyir.

İndi müasir tibb, uşaq kardicərrahiyyəsi hansı problemləri həll edə bilir? Ürək qüsurlu doğulmuş uşaqların yaşamaşansı nə qədərdir?

Bakupost.az Başkent Ankara xəstəxanasının uşaq kardiocərrahiyə bölməsinin uzman cərrahı Murat Özkanla uşaqlarda ürək əməliyyatları mövzusunda geniş müsahibə hazırlayıb.


Qeyd edək ki, Dr. Murat Özkan Ankaranın ən yaxşı uşaqkardiocərrahı hesab olunur və hər il yüzlərlə uşağa ikinci həyat bəxş edir.


- Doktor, Başkent Ankara xəstəxanasında ürəyindən əməliyyat olunan ən ağır uşaqlar belə yaşama şansı qazanır və bura çox uğulu ürək əməliyyatları ilə Türkiyədə tanınır...

Uşaq kardiocərrahiyyəsində uğurun uzun əsas sirri nədədir və Başkənd Xəstəxanasında bu baxımdan hansı üstünlüklər var?

- Uşaqlarda ürək kardiocərraiyyəsində uğurun əsas şərti diaqnozun erkən, düzgün qoyulması, ikinci şərt isə ediləcək müalicənin – istər müalicə, istər əməliyyatın doğru planlanmasıdır.

Digər mərhələ cərrahi əməliyyatı düzgün şərtlər altında, müasir cihazlarla, alətlərlə, texniki olaraq düzgün icra edilməsidir.

Daha sonra əsas mərhələ sağalma müddəti – onun da düzgün, yüksək səviyyədə olması vacibdir ki, uşaq sağalsın, əməliyyatdan sonrakı dövr uğurla bitsin.

Bu baxımdan əməliyyatın hansı xəstəxanada, hansı komanda tərəfindən olunması vacibdir.

Bir ürək qüsurlu uşağın müalicəsi və əməliyyatında 30-dan çox tibb işçisi məşğul olur: anestezioloqu ayrı, əməliyyatdan sonra tibb bacısı, pediatrı, kardioloqu. Bu qədər insanın içində sadəcə bir kişi işini düzgün etməzsə, yaxşı nəticəyə gəlmək mümkün deyil. Hətta ən yaxşı cərrah olsa belə.

Cərrahdan da çox komandanın peşəkar olması vacibdir.

Başkent Universitetində uşaq kardioloji bölümündə belə bir komanda var. Başkent Ankara xəstəxanası Türkiyədə və hətta Avropada üst mövqedə olan hərtərəfli mərkəzlərdən biri sayılır.

25-30 ildir bu işin içindəyik. Türkiyə üçün ən son referans xəstəxanası olmaq üzrəyik.

Bir çox yerlərdə müalicəsi başlanmış, amma uğurlu olmayan, əməliyyat olsa da sağalmayan, çox ağır xəstələrin sonda gəldiyi yer buradır.

Burda imtina edəcəyimiz hər hansı uşaq ürək xəstəliyi yoxdur.

“Uğurlu əməliyyat edib, xoşbəxt olursanmı” sualını özümə versəm. cavabım, xeyr olar. Üstün bir komandanı yaxşı çalışdırmağım məni mutlu edir. Uğurumuzun sirri budur.



- Başkent Ankara xəstəxanasında hansı uşaq ürək xəstəlikləri əməliyyat edilir? Son illər Türkiyədə, dünyada uşaqlar arasında ən çox rast gəlinən qüsurlar hansılardır?

- Bizdə anadangəlmə və sonradan uşaqlarda yaranan, inkişaf edən bütün növ xəstəliklər müalicə və əməliyyat edilir. Amma anadangəlmə xəstəliklər çox fərqlidir, hətta eyni xəstəliklə gələn uşaqlar belə fərqli xəstələrdir və bir əməliyyat hamıda eyni nəticələnə bilməz. Burda uşağın orqanizminin gücü də rol oynayır.

Dünyada və bizim bu gün uşaq ürək problemlərində əsas prinsipimiz budur: xəstəlik nə qədər ağır olursa-olsun, ən erkən dönəmdə anatomik təmir əməliyyatları aparılmalıdır. Məsələn, kirli ilə təmiz qanın ayrılması, dəlik varsa onu bağlamaq, ürək damarlarında darlıq varsa açmalı. Nəticədə anatomik olaraq düzgün ürək və qan dövranını əldə edə bilsək, uşaq sağalır və normal həyata davam edir.

Ən erkən zaman dedikdə doğulan andan 2-3 gün ərzində anatomik olaraq nəyə ehtiyac varsa, onları dərhal etməkdir. Ona görə fetal müayinədə artıq ana bətnində bu qüsurların aşkarlanması şərtdir və belə uşaqların ürək cərrahiyyəsi şərtləri üstün olan xəstəxanalarda doğulub, nəzarətə alınması vacibdir.

- Amma bizdə adətən bəzən zəif ürəklə doğulan və ürəyində 1-2 dəlik olan körpələri əməliyyata almayıb, “bir az gözləyək, böyüsün, güclənsin, sonra edərik” deyə gözləmə mövqeyi seçilir. Və bəzən də bu dövrdə uşaq ölür. Sizcə hansı hallarda gözlənməlidir, hansı xəstəliklərdə isə qəti gözləmək olmaz?

-Doğru. Belə yöntəm 30 il əvvəl çox yayılmışdı. Çünki xəstəliklər barədə təcrübəmiz çox deyildi, alətlər, cihazlar həssas deyildi. O zaman yenidoğulmuşun əməliyyatdan sağ çıxma şansı az idi. 80-ci illərdən sonra texniki imkanlar, dərmanlar dəyişdi, yenidoğulmuşlarda əməliyyatların uğurlu olma şansı artdı və dünyada ciddi ürək qüsuru olan körpələrin dərhal əməliyyata alınması prinsipi qüvvəyə mindi. Burda söhbət 2-3 ağır qüsurdan gedir, atar damarı tərs doğulmuş və ya hipoblastlarda 3-5 günlük ikən körpənin əməliyyat olması lazımdır.

Gözləniləcək durum var, gözlənməyəcək durum var. Xəstələr də bir-birinə bənzəmir. Elə körpə var gözləməyə vaxt vermək olar, eləsi var olmaz. Məsələn, sadəcə ürəyində bəsit bir dəlik olan hər körpəni doğulan kimi əməliyyat etməyə gərək yoxdur. Onlar 3-5 ay gözləyəcək. Qərar verəndə ediləcək əməliyyatın verəcəyi risklə, gözləyərək qarşılaşağımız riskləri hesablayırıq. Bu prinsip var: əməliyyat etdikdə zatən pis heç bir şey etmirik. Əməliyyat doğru düzgün aparılır. Amma hər körpə yaxşılaşmır, xəstəni itirdiyimiz məqamlar ola bilər.

Gözləsək və uşaqda geriləmə olsa, ürəyin, ağciyər, böyrəyin zəifləməsi orqanizmi gücdən salır və bu uşağı sonra əməliyyata aldıqda uğursuz ola bilər. Əməliyyata görə yox, əməliyyatın ağırlığına vücudunun dözməməsinə görə.
Bu xəstəliklərdə çox uzun müddət gözləyib, orqanizmi xəstə ürəyin mənfi təsirinə məruz qoyarsaq, vücud yorulur, uşağın çəkisi azalır və əməliyyatdan sağ çıxmama riski artır. Burda cərrahlıq, anestezioloqluq bir iş yoxdur.
Təkcə ürək əməliyyatında yox, bu uşaq sünnət də olarsa, badamcıq əməliyyatı olarsa da risk var. Bu baxımdan deyirik ki, körpənin vəziyyəti uyğundursa erkən edib, ürəyi təmir edək.

Yox əgər uşağın olduğu yerdə cərrahlar üçün 1-2 günlük körpəni əməliyyat etmək çətindirsə, təcrübə yoxdursa, əməliyyat sonrası baxım zəifdirsə, şərait yoxdursa, bu riski nəzərə alaraq bir dəliyi 7-8 aylıq olana kimi gözləmək olar. Amma bu müddətdə dəliyin vəziyyəti, uşağın inkişafı, çəkisinə baxılmalıdır. Uşaq normal yeyib kilo almalıdır. Zəifləyirsə, deməli, zaman əleyhinə işləyir.

Ən yaxşı qərar tez əməliyyat edib, qüsur nədirsə ondan xilas olmaqdır.



- Təcrübənizdə olubmu ki, gözləyərək, çox zaman itirmiş uşaqlar gətirilib və siz kaş ki, 3-5 ay öncə gəlsəydi demisiz?

- Bəli, Ankarada belə çox valideynlər var ki, müəyyən səbəblərdən gözləyib, gecikib. Burda da hər xəstəxana üst səviyyədə deyil. Bəzən uşaq doğulur, xaricdən normal görünür, amma ürəyində dəlik var. Nənə-baba deyir ki, uşaq sağlamdır, niyə əməliyyata aparaq? Ata-ana da onları dinləyir. Müxtəlif səbəblərdən olur.

Orta Asiya, İraq, Suriya, Afrikadan və s.-dən gecikmiş gələnlər var. Burda ailənin də durumu, qərarları rol oynayır. Burda qərar verərkən, hələ şans varmı, onu dəyərləndiririk.

Bəsit bir dəliyin erkən zamanda çox asanlıqla problemsiz qapadılması mümkün ikən, 2-3 yaşından sonra əgər uşaqda ağciyərdə damar xəstəliyi oldusa, o dəliyi bağlamaq mümkün deyil. Bağlasaq belə əməliyyatdan sonrakı müddətdə normal həyatına davam etməsi az olur. Gecikmiş xəstələrin sağalması hər zaman çətin və uzun olur. Amma şansımızı hər zaman sınayırıq, 1% belə şans varsa, edirik.

Bir xəstəni əməliyyat etmədən itirmək əvəzinə əməliyyat edib itirməyi seçirəm, bu zaman daha az üzülürəm. Əməliyyatı etdiyimizdən yox, etmədiyimizdən peşman oluruq. Çünki bəlkə etsəydik, yaşayardı deyə hər zaman bir sual qalır.

- Fetal dövrdə, ana bətnində döldə bir ürəkdə qüsur olarsa, yaşaması üçün ana bətnində əməliyyatlar da icra olunurmu?

- Belə bir əməliyyatlar hələ ki, olmur. Bunun üzərində elmi çalışmalar gedir. Ana bətnində dölün ürək qapaq darlıqlarında onu balonla açmaq kimi prosedur aparılır, bu da əməliyyat sayılmır. Dölü qarından çıxarıb, kənarda ürəyində əməliyyat edib, yenidən geri qaytarmaq kimi düşünülən əməliyyat yoxdur və olmayacaq da.

Amma ürək xəstəliklərini ana bətnində erkən aylarda görmək bizim üçün önəmlidir. Əvvəllər fetal diaqnoz belə yayılmamışdı, o zaman bizim də işimiz çətin idi. Fetal diaqnozun 2 önəmli tərəfi var: əgər körpə doğduqdan sonra təcili 3-5 günlük ikən əməliyyat göstərişdirsə, bu qadının daha mobil və imkanları olan xəstəxanada doğum etməsi lazımdır. Təmiri mümkün olmayan, ağır xəstəlikləri tez görsək, 22-23 həftədə hamiləliyi sonlandırmaq mümkün olur və bunu da ailə ilə müzakirə etmək şansı verir. Bu da çox ağır bir işdir. Biz ata-anaya uşağın hansı xəstəliklə doğulacağını və ya zamanında doğula biləcəkmi-bilməyəcəkmi onu başa salırıq. Həkim heç vaxt aborta yönləndirmir. Uşağın doğulub- doğulmamasına qərarı yalnız ata-ana verə bilər.

Bu uşaq xəstədir, bunu doğma, aldır deyən həkim yanlış edir. Biz kardiocərrah olaraq izah edirik, belə bir xəstə uşaq doğulsa da 2 ay sonra nə olur, 2 il sonra nə olur, neçə əməliyyat olacaq, əməliyyatdan sonra nələr gözləyir, uşaq sağlammı yaşayacaq, ailənin psixoloji maddi durumuna necə təsir edəcək, bu işin sonunu səmimi bir şəkildə anladırıq. Ana –ataya düşünmək üçün zaman verilir. Ondan sonra qərar verilir.

Ürəyin yarısı yetişməmiş körpələrdə bir şey etmək təəssüf ki mümkün deyil, heç bir qarantiya də yoxdur. Bunu fetal dövrdə erkən aşkar edərsək, hamiləliyin sonlandırılması gündəmə gələ bilər.

Belə uşaqları doğulan ailələr var, gəlirlər. Çox çarəsiz durumdur. Həkim də bir şey edə bilmir. Bütün ailənin hüzuru pozulur, sonda uşaq vəfat edir və bu ailə 2-3-ci uşaq sahibi olmaqdan qorxurlar ki, yenə xəstə uşaq doğular, yenə eyni şeyləri yaşayarlar. Bunlar çox əziyyətli işlərdir. İnsanın başına gəlməyənə qədər bilmir. Bəzi ailələr dini inanclara görə uşağı tələf etmək istəmir. Ağır xəstəliklərlə doğulan körpələrin çoxu əslində, doğulmaması gərəkən uşaqlardır. Hamiləlikdə düşüklər olur, düşük edən körpələr normal sağlıqlı bəbəklər deyil, ağır DNT xəstəlikli, doğulmaması gərəkən uşaqlardır.

- Valideyn doğumdan sonra əməliyyata razı olur, amma hamını bir sual maraqlandırır: doktor, körpəm nə qədər yaşayacaq, ölüm riski nə qədərdir?

- Buna tək bir rəqəmlə, xüsusən yeni doğulmuşlarda konkret cavab vermək mümkün deyil.

Sadəcə öncə dediyim kimi risklər var, körpədən-körpəyə fərqlənir. Əməliyyatdan öncə uşağın vəziyyəti – ürəyin, vücudun yorğunluğu, zəifliyi, əməliyyatdan sonra xəstəliyi tam aradan qaldıracaq ya yox. Biz əməliyyatı doğru-düzgün edirik, amma orqanizm, vücud bunu qəbul etməyə bilər, yəni müəyyən səbəblərdən istədiyimiz nəticəni almaya bilirik.

Bir az yetişkin uşaqlar üçün risk çox azdır. Koronar baypas, ürək qapaq və damar əməliyyatları üçün artıq ciddi risk yoxdur. 100-də 99% uğurludur.

Bəsit qulaqcıq dəliyi əməliyyatında günümüzdə ölümdən bəhs etmək mümkün deyil.

Uşaqlarda 300 növdə ürək xəstəliyi var. Hamısı üçün ayrı-ayrılıqda statistika aparmaq mümkün deyil.
Amma Amerikada ürək əməliyyatları üzrə müasir mərkəzlərin ortaya qoyduğu rəqəmlərə baxdıqda, 100-də 2-3 kimi ölüm riski var. Bu günə ən böyük sıxıntı çəkdiyimiz diaqnozlar hipoblastik, soyuq ürək dediyimiz qüsurlardır. Əməliyyat olsa da, olmasa da ölüm faizi çox yüksəkdir. 20 il əvvəl bu diaqnozlu körpələri əməliyyat etdikdə 100-dən 70%i- ölürdü. Son illər isə 10 xəstədən 2-3-ü itirilir, 7-8-i yaşayır. Bu, Amerika üçün olan rəqəmlərdir.

Türkiyədə isə 100-də 50-dir. İrəli gedə bilmirik. Çünki körpələr bizə gəlib çıxana kimi zəifləmiş olur.
Dengesiz qarıncıqları olan xəstələrdə, atar damarlar yerinə plastik boru qoyduğumuz xəstələrdə 100-də 20-sində ölüm riski var.

Uşaqlarda qazanılmış ürək xəstəlikləri çox zaman virus və iltihabi xəstəliklərin nəticəsində,
revmatizm, qızdırma ilə gedən xəstəliklərin ürəyə vurduğu təsir nəticəsində əmələ gəlir.

- Doktor, bəs doğularkən ürəyi normal, sağlam bir uşağın böyüdükcə birdən-birə ürəyində problem yarana bilərmi və daha çox hansı pozulmalar baş verir. Daha yetişkin uşaqlarda ən çox hansı ürək xəstəliklərinə rast gəlinir?

- 18 yaşından aşağı uşaqlarda gördüyümüz ürək xəstəliklərinin yarıdan çoxu doğuşdan olan xəstəliklərdir. Uşaq ana bətnində ikən bu xəstəlik yaranır. Zaman içərisində uşaq böyüyərkən də onu narahat edən elə bu xəstəliklər ola bilər. Çünki bunların bəziləri zamanla yaxşılığa doğru da dəyişə bilər, pisləşə də bilər.

Nə edə bilərik ki, bunun qarşısını alaq. Dəqiq cavab və yöntəm yoxdur. Qapaq darlıqları, çatışmazlıqları, aorta darlıqları zaman içərisində yaxşılaşa da bilər, pisləşə də. Amma hamısının altında bir genetik səbəb var. Ürək xəstəlikləri ilə doğulan körpələrdə problem ana-baba tərəfdən gəlir, qohum, nəsil faktoru var.

Bu gün deyə bilmərik ki, ana hamiləykən telefondan, şüalanmadan, qidadan, dərmandan dölün ürəyində qüsur yarandı, belə çalışmalar yoxdur. Ona görə birinci səbəb genetik, digəri təsadüfi anomaliyalardır. Genetik də 100% deyə bilmərik. Çünki eyni ata-ananın uşaqlarında eyni xəstəlik də ortaya çıxmır.

Bəzən fetal müayinədə və ya doğumdan sonra ürəkdə önəmli, qorxulu görülməyən bir şey gələcəkdə önəmli problemə çevrilə bilər.

Məsələn, ağciyər damarının qapağında bir darlıq var, sağ mədəcikdə basqı bir az yüksəksə, zamanla darlıq daha da artır və uşağa əziyyət edir.

Amma zamanın lehinə çalışan məqamlar da var.
Darlığı olan xəstələrdə uşağın çəki almaması lazımdır. Çünki köklük, şişmanlıq ürəyi daha da yükləyir.
Başda heç nə yox idi, sonra birdən birə oldu deyə bir şey yox. O valideynə elə gəlir. Başda bir şeylər var idi ki, sonra zamanla dərinləşdi.

Uşaqlarda qazanılmış ürək xəstəlikləri çox zaman virus və iltihabi xəstəliklərin nəticəsində, revmatizm, qızdırma ilə gedən xəstəliklərin ürəyə vurduğu təsir nəticəsində əmələ gəlir.

İndi koviddən sonra da buna bənzər çox xəstə görməyə başladıq.
Uşaqlarda virusa bağlı, kovosaki ,koronaya bənzər virus xəstəliyindən ürəyin miokardının iltihabı görülür. Gələcəkdə nə görəcəyik bilmirik.
Koronar arteriyalarda zədələnmələr, anevrizmalar görülür.

Bunlar da uşaqlıqda qazanılmış ürək xəstəlikləridir deyə bilərik. Bunların da müalicəsi və əməliyyatı olur. Amma eləsi var hətta ürək transplantasiyaslna kimi gətirib çıxara bilər.


- Ola bilərmi ki, yeniyetmə uşaqlar 14-15 yaşından energetik içkilər, alkoqol içərsə, siqaretə başlayarsa, ürəyi tez sıradan çıxsın? Koronar damarları tuta bilərmi?

- Uşağın o yaşda siqaret çəkməsi normal deyil. Konkret içki və yeyəcəklərin ürək və damarlarına ciddi təsiri barədə elmi çalışmalar yoxdur. Bir siqaretin uşaq orqanizminə təsiri barədə təcrübələr də yoxdur. Əlbəttə ki, pis təsirləri var.
Bilirsiz, son zamanlar bütün dünyada narahatedici durum uşaqlarda ani ürək dayanmalarıdır. Türkiyədə də çox rastlanır. Uşaq idman edərkən, qoşub qaçarkən, dərsdə qəflətən ürəyi dayanır.

Lisey, kollec uşaqlarında rast gəlinir. Amerikada daha çox aktiv və professional idmanla məşğul olan yeniyetmələrdə ani ürəkdayanması olduğu deyilir.
Televizorda da görürük, futbolda topun ardıyca qaçarkən, birdən yıxılır və ölür.

Ritm problemləri çox geniş yayılıb. Aritmiyalarda ani ürək dayanması çox baş verir. Bu pozulmaları EKQ də görmək asandır.
Uşaq sağlam yaşıdları kimi görünür. Adətən ürək problemi çırpıntı, köks ağrısı, tez yorulma, halsızlıq verməlidir, bəzən o da görülmür.

Uşaqlar ürək infarktı keçirməz. Uşaq infarkt oldu öldü deyə bir şey yoxdur.
Uşaqlarda ürək damarlarının daralması ola bilər.

Amma bunu da öncədən yoxlamaq, məsələn angioqrafi etmək olmur. Şikayət olmayan normal uşağı niyə yoxlasın ki. Bu işlər çox çətindir. Amma aktiv peşəkar idmana başlayanlarda bu məsələ gündəmə gəlir.

Türkiyədə artıq bir çox futbol klubları, idman məktəblərində uşaqlar qəbul olmazdan öncə sağlıq arayışı, xüsusən ürəyin müayinəsi tələb olunur. Bu məsələlər həkimlərin də yükünü artırır. Uşaqların hamısını yoxlayaq, yoxsa şikayəti olana baxaq.

Kimsə bunun üstündə durmur, araşdırmır, şanssızlıq, qismət deyirlər. Halbuki bu işin üzərində durmaq lazımdır. Öncədən tədbir görülsə, bir çox uşağın həyatını qurtarmaq olar.

Ani ürək tutmasına sol koronar damarın tutulmasının, daralmasının səbəb olunduğu məlumdur. Bu problem uşaqda heç bir sıxıntı vermir, şikayəti olmur, amma baxırsan ki, sol koronarda gizli bir problem var. Bunlar əməliyyatla düzələ bilər.
Bu bir saatlı bomba kimidir. Bəlkə 60-70 yaşa kimi partlamayacaq, bəlkə də sabah uşaq topun ardıyca qaçanda, ya bir dağdan yuvarlananda partlayacaq. Bu problemi harda kim görərsə həmən an həll etməsi lazımdır. Amma hamını əməliyyat etməyə dəyərmi? Buna tibbin imkanı da yetməz. Dövlətlər də buna getməz.

- Bəs valideynlər öz övladında bu problemi özü araşdıra bilərmi? Məsələn, imtahandan öncə, idmana qoymazdan öncə, yarışdan öncə, uşağının koronar arteriyalarının vəziyyətini öyrənə bilərmi?

- Yox, hər uşağı bu şəkildə çek up etdirmək, amandır gedim ürək damarlarını yoxladım, birdən nəsə olar kimi həkimlərə aparmaq da düzgün deyil. Kütləvi şəkildə uşaqların damarlarını yoxlamaq lazım deyil. Bu elə kütləvi durum deyil.



Yanlış anlaşılmasın, valideynlər də bu dediklərimizdən narahat olmasın. Məsələn, mənim uşaqlarım var, mən hər il onların ürəyini aparıb yoxlatmıram. Bilirəm ki, belə şeylər var, anidən ürək durma problemi hər zaman var, amma buna rəğmən uşaqları kardioloqlara aparıb uzun müayinələrdən keçirmirəm. Bu normal deyil.

Amma valideynlər bəzi şikayətlərə diqqətli olmalıdır: ürək çırpıntısı, ritm tezliyi, tez yorulma, idman edərkən qəlbi yerindən çıxacaqmış kimi paranoya hissi, sinədə ağrı, əgər uşaq deyirsə yoluldum, ürək hissə ağrıyır, bunu qulaqardına vurmaq olmaz. Bunlar siqnallardır.


Həkimin valideynə dəliyin millimetrini deməsi normal deyil.
Çünki elə kiçik dəliklər ola bilər ki, böyük sıxıntılar yaradar. Bəzən böyük dəliklərdə isə sıxıntı az olur. Əsas dəliyin ölçüsü yox, içindən keçən qandır.

- Uşağın ürəyinin xəstə olduğunu əsas digər hansı əlamətlərlə bilmək olar? Məsələn, uşağın dodaqlarının, gözlərinin altının qaralması, göyərməsi, əllərinin soyuq olması, çəki almaması, arıqlaması ürəkdən ola bilərmi?

- Var, belə əlamətlər. Bunlar xəstəliyin növünə görə dəyişir, bir də zamanına görə. Ürək çatışmazlığı ön planda olan uşaqlarda göyərmə, morluq , sianoz əlamətləri xaricdən ən çox gözə dəyən əlamətdir.

Ağır xəstəliklərdə göz altı, dodaq, dodaq ətrafı, barmaqlar sianozlu – göyərmiş olur. Bu qanda oksigenin düşük olması ilə əlaqədardir.

Buna səbəb də ürəyin içində kirli qanla təmiz qanın qarışmasıdır. Bundan başqa ağciyərlərlə bağlı xəstəliklər, bəzən qanın özü ilə bağlı xəstəliklər sianoz-göyərmə ilə gedir. Barmaq, dırnaqların qabarıq, böyük və göyərmiş olması ürək xəstəliklərinin işarətləridir.

Ürəkdə dəliklə doğulanlarda isə iş zamanla əlaqəlidir. Məsələn, qarıncıq arasındakı dəlik diaqnozunda xəstəliyi yaradan bu dəlik deyil, içindən keçən qandır. Bəzən deyirlər, doktor, uşaqda dəlik çox kiçikdir, 10 mm-dir. Bu problem yaratmaz. Həkimin valideynə dəliyin millimetrini deməsi normal deyil. Çünki elə kiçik dəliklər ola bilər ki, böyük sıxıntılar yaradar. Bəzən böyük dəliklərdə isə sıxıntı az olur. Əsas dəliyin ölçüsü yox, içindən keçən qandır. Yeni doğulan uşaqlarda dəlik olduqda ana bətnindən qan dövranı ağciyər damarları dövranı ilə də bağlı olduğu üçün ürəklə bağlı sıxıntı ilk başdan görülmür, xaricən uşaq normaldır, yeyir, çəkisi artır. Və bir zaman gəlir, ağciyər damar dirənçi dayanır,ürək işləyə bilmir, bu zaman uşaqda əlamətlər görülür: başı tərləyir, yatmır, təngnəfəslik, göyərmə, inildəməyə başlar, çəkisi azalır.

Düşünürlər, nə oldu birdən-birə, hər şey normal idi. Bu ürək yetməzliyinin ağırlaşması deməkdir. Bu uşaqlar vaxtında, tez əməliyyat və doğru müalicə olmazsa, 1 yaşdan sonra itirə bilirik.

Sağ qalanların isə damarlarında yaşlı adamlardakı kimi sərtliklər olur, ağciyərlər qan dövranını üzərinə götürür. Uşaq 2-3 yaşda normal görünür, çəkisi artır. Ana –ata düşünür ki, dəlik bağlanıb, hər şey geridə qaldı. Sonra 4-5 yaşında gətirirlər, baxırıq dəlik yerində qalıb, bağlanmayıb, amma ağciyərləri sıradan çıxıb. Yenə də gecikmə oldu.

Ona görə valideynlər 2-3 aylıqdan bir çox əlamətlərə diqqət etməli, dəlik varsa, böyükdür-kiçikdir rahat olmamalı, tez-tez dəliyin vəziyyətini yoxlatmalı və doğru düzgün klinikada bu problemin tezliklə həllinə çalışmalıdır.

Aygün Musayeva
BAŞKENT ANKARA XƏSTƏXANASI
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
  • Mahmudov Ümid

    İnanin Murat Hocamizı tarif edecek nə qədər gözəl sözlər desəm yenə də azdır. Bacariqli cərrah, çox gözəl insan,işini həddən artıq çox sevən və son dərəcədə detalları düşünən biridir. Artıq bir neçə aydır ki, Murat hocanın həyat verdiyi canların şahidi kimi əminəm ki Başkent Hastanesinin və Murat Hocamizin bu başarısının ən önəmli ünsürü də teknisyeninden tutmuş doktoruna qədər tam professional ekibidir. Şəfalı əlləriniz var olsun Hocam...

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər