Ru
12:22 / 19 Sentyabr 2019

“Cahangir Novruzov mənə dişinin dibindən çıxanı dedi” – “Zəng”in kulisindən reportaj

6666


Azərbaycan Televiziyasının nəznində uzun illər fəaliyyət göstərmiş “Sabah” yaradıcılıq birliyinin yenidən bərpa edilməsi tamaşaçılara böyük töhfə oldu. Uzun fasilədən sonra birliyin bədii rəhbəri Şərif Qurbanəliyev bu günlərdə çəkilişlərinə başladığı “Zəng” adlı iki hissəli tammetrajlı bədii filmlə tamaşaçıların görüşünə gəlir.

Aktyorun istənilən teatr, kino mətnini oxuduğu anla tamaşaçıyla görüş anına qədər olan prosesi möcüzə kimidir. Cümlələr, sözlər, hətta üz ifadələri belə məşq prosesində daha da qabarıq şəkildə meydana çıxar. Aktyor özünü obrazın içində tapdığı an mətn halından xilas olur.

Film, tamaşa təxminən belə ərsəyə gəlir: qızğın məşqlər, maraqlı, bəzən yorucu, bəzən hay-küylü çəkiliş prosesləri tamaşaçının görmədiyi, amma hər zaman da marağında olduğu bir proseslər...

Səhnəmizin qaymaqları bir arada

Hələ mövzusunu və süjet xəttini bilmədiyimiz “Zəng”in çəkiliş prosesləri ilə yaxından tanış olmaq üçün yollandım çəkiliş meydançasına. Qrim ustaları, rejissor asisentləri, operatorlar, aktyorlar hər biri böyük həvəslə öz işlərini icra edirlər. Mərkəzdə Şərif Qurbanəliyevi görürük. Amma o bizi görmür. Çünki bütün diqqətini çəkəcəyi kadra yönəldib. Olduqca maraqlı fantasmaqorik əsər olan “Zəng”in zəngin aktyor heyəti də diqqətdən yayınmadı.




Bu əsərdə biz xalq artistləri Cahangir Novruzovu, Səidə Quliyevanı, Afaq Bəşirqızını yenidən bir arada görə biləcəyik. Bundan başqa xalq artisti Məbud Məhərrəmov, Cəfər Namiq Kamal, Əməkdar artistlər Fərhad İsrafilov, Elşən Çarhanlı, Qurban Məsimov, Mirzə Ağabəyli, Salman Bayramov, aktyorlar İlkin Misgərli, Ramin Şıxəliyev, Səbinə Məmmədova, Arif Kərimov və başqaları da rol alıblar. Onu da qeyd edək ki, filmin prodüseri “Azərbaycantelefilm”in direktoru xalq artisti Ramiz Həsənoğludur.

“Tamaşçılar Səidə Quliyevanı tanımayacaq”


Filmdə baş rollardan birini - Anaxanım obrazını canlandıran xalq artisti Səidə Quliyeva uzun illərdən sonra Afaq Bəşirqızı və Cahangir Novruzovla yenidən bir araya gəlməyin çox gözəl bir hiss olduğunu deyir: “Bildiyiniz kimi axırıncı dəfə “Sabah” yaradıcılıq birliyinin istehsalı olan “Bala - başa bəla” televiziya tamaşasında çəkilmişik. Ondan sonra birlik fəaliyyətini dayandırdı. “Sabah”ın yenidən fəaliyyətə başlamasına hamımız çox sevinirik. Mən deyərdim ki, bunu bütün tamaşaçılar gözləyirdi. Bilirsiniz ki, bədii rəhbər Şərif Qurbanəliyevdir. Ramiz Həsənoğlunun isə dəstəyini biz hər zaman hiss etmişik. O bizim əzizimizdir. Çəkilişlər çox uğurlu keçir. Düzdü yoruluruq, amma yorulmaq bütün işlərdə var. Əsas odur ki, nəticə gözəl olsun. Mən hər zaman vurğulayıram ki, kollektiv mehriban olduqda, işə məsuliyyətlə yanaşdıqda film, tamaşa uğurlu alınır”.



Seriallara artıq dəvət alsa da, çəkilmədiyini deyən xalq artisti “Bir neçə il əvvəl telekanallardan birində çəkildiyim serial çox uğursuz oldu. Mənim üçün ciddi sənət daha önəmlidir” deyir.

Tamaşadakı obrazına gəlincə isə aktrisa bildirdi ki, tamaşaçı onu tanımayacaq: “Adətən əsərin məzmunundan danışmağı sevmirəm. İstəyirəm tamaşaçı bir az intizarda qalsın. Amma onu deyə bilərəm ki, bu əsərdə günümüzlə səsləşən hər şey- pula hərislik, paxıllıq, insanlar arasında gedən didişmələr görmək mümkündür. Rolum çox əhəmiyyətli bir roldur. Hətta deyərdim ki, tamaşaçılar Səidə Quliyevanı tanımayacaq”.


Xalq artisti Cahangir Novruzov əsərin standart bir əsər olmadığını deyir: “Rolum komediyadan daha çox psixoloji bir roldur. Ona görə də necə alınacağını hələ deyə bilmərəm. İnşallah düşünülən şeyi edə bilərik”.



Əməkdar artist Qurban Məsimov da “Sabah”ın yenidən fəaliyyətə başlamasının böyük sürpriz olduğunu və bu məkanın onun yaradıcılığında xüsusi rolu oynadığını deyir: “Mən ilk dəfə kameraönü oyunu məhz xalq artisti Ramiz Həsənoğlunun çəkdiyi tamaşalarda, “Sabah” da öyrəndim. Şərif müəllimdən dəvət alanda öz-özümə “yenə toplanırıq” dedim. Bu heyətdə oynamaq böyük məsuliyyətdir. “Zəng” filmində iki obraz oynayıram. Bunlardan biri həkim, digəri məşuq obrazıdır. Avqust ayının sonundan çəkilişlərdəyəm. Hələ çəkilməli səhnələrimiz qalıb. Kollektiv çox yaxşıdır. Böyük sənətkarlarla bərabər gənc aktyorlar da çəkilir.

Hər zaman olduğu kimi “Sabah”da bu dəfə də yaşlılar öz təcrübələrini bölüşür, gənclər isə öyrənir. Ramiz müəllim və Şərif müəllimin zövqü ilə zəngin aktyor çələngi toplanıb.”



Əməkdar artist kadrarxası maraqlı məqamlardan da danışdı:

“Mənim son çəkiliş günümdə iri plan oyunum alınsın deyə əzizimiz Cahangir Novruzov mənə dişinin dibindən çıxanı dedi. Oyunum alındı, amma mən heç nə başa düşmədim. Cahangir müəllim üstümə almanca qışqırdı. Hamımız gözümüz yaşarana kimi güldük. Hər çəkilişdən sonra ən çox Səidə xanımla gülürdük. Çünki mən onun oynadığı obrazın məşuquyam. Düşünürəm ki, işimiz uğurlu olacaq. Afaq Bəşirqızı ilə də səhnələrimiz var. Onun qədər mənə, yəni obrazıma acı söz deyən olmamışdı. Təsadüfdən oynadığım obrazın da adı Qurbandır (gülür). Cəfər Namiq Kamal ilə oynadığımız səhnələr də var. Amma yaxşı olar ki, onlardan danışmayım yoxsa məni öldürər(gülür).”


Günel Musa
Baku Post



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər