Cəbhə xülasəsi: Axıra qədər gedəcəyik

Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycan ərazisi 27 sentyabr 2020-ci il saat 06:00 radələrində iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğuları vasitəsilə intensiv atəşə tutulub. Bunun nəticəsində Azərbaycanın mülki əhalisi arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.


“BakuPost” müharibənin oktyabrın 26-na olan xülasəsini təqdim edir:


ABŞ Dövlət Departamenti məlumat yayaraq Dağlıq Qarabağda humanitar atəşkəs elan olunduğunu bəyan edib. Humanitar atəşkəs Bakı vaxtı ilə saat 08:00-da başlayıb:

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə Ermənistan Silahlı Qüvvələri bu elan edilmiş atəşkəs rejimini kobudcasına pozaraq Laçın rayonunun Səfiyan kəndində yerləşən Azərbaycan Ordusunun mövqelərini artileriya atəşinə tutub.

Həmçinin Tərtər şəhəri və onun kəndləri artileriya atəşinə tutulub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində Azərbaycan Ordusu tərəfindən dünən Zəngilan rayonunun Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd, Cəbrayıl rayonunun Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu, Çələbilər, Qubadlı rayonunun Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan və Qubadlı şəhərinin azad olunduğunu bəyan edib.

Yeni humanitar atəşkəs rejiminin elan olunmasına baxmayaraq Ermənistan silahlı qüvvələri bütün cəbhə boyu, eləcə də Azərbaycan və Ermənistan dövlət sərhədində yerləşən yaşayış məntəqələrimizi və bölmələrimizin mövqelərini müxtəlif növ atıcı silahlar, minaatanlar və toplardan atəşə tutub.

Səhər saatlarından başlayaraq Ermənistanın Berd, Çəmbərək və Vardenis rayonları ərazisindən Azərbaycanın Tovuz, Gədəbəy və Daşkəsən rayonlarının əraziləri düşmən tərəfindən atəşə tutulub.

Ağdam rayonunun kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya atəşinə tutulub.

Düşmənin atəşkəsi pozması nəticəsində Daşkəsən rayonunun Zivlən kəndində olan meşə ərazisində yanğın olub.

04, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriya hücumları nəticəsində Gəncə şəhərində 10 qadın, 6 uşaq olmaqla 26 nəfər həlak olmuş, 138 nəfər yaralanmış, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

“Azərkosmos” işğaldan azad edilən Qubadlı şəhərinin peyk görüntüsünü paylaşıb:
Saat 11:20 və 15 radələrində yeni humanitar atəşkəs rejimini pozan Ermənistan silahlı qüvvələri Ağcabədi rayonunun ərazisini artilleriya qurğularından atəşə tutub.

Saat 15:30-da Ermənistan silahlı qüvvələri yeni humanitar atəşkəs rejimini pozaraq Tərtər şəhərini toplardan atəşə tutub.

Oktyabrın 26-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələri tərəfindən Ağdam rayonu Qaradağlı kənd tam orta məktəbi atəşə tutulub.

Azərbaycan Ordusuna məxsus zərbə PUA-nın cəbhə xəttində guya məhv edilməsi barədə Ermənistanın yaydığı məlumatın heç bir əsası yoxdur və yalandır.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, döyüş zonasından kənarda yerləşən Daşkəsən rayonu ərazisinin Ermənistan Respublikasının ərazisindən mərmi atəşlərinə məruz qalması nəticəsində mürəkkəb relyefli meşəlik ərazidə yanğın baş verib. Yanğının söndürülməsi məqsədilə əraziyə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional meşə təsərrüfatı mərkəzinin əməkdaşlarının səyi nəticəsində yanğın söndürülərək geniş sahəyə yayılmasının və sıx meşəlik əraziyə keçməsinin qarşısı alınıb:

Oktyabrın 26-sı saat 18:15-də düşmən “Smerç” yaylım atəşli reaktiv sistemindən Tərtər şəhərini atəşə tutub. Atılan 3 raketdən biri hava hücumundan müdafiə bölmələrimiz tərəfindən havada zərərsizləşdirilib.

Müdafiə Nazirliyi Qubadlı rayonunun işğaldan azad olunan Padar kəndinin videogörüntüsünü yayıb:

Ermənistan Silahlı Qüvvələri bu gün saat 08.00-dan qüvvəyə minmiş humanitar atəşkəs razılaşmasını pozaraq, növbəti dəfə mülki obyektləri, məktəb və körpələr evini hədəfə alıb.

Ermənilərin atdığı mərmilər Ağdam rayonunun Baharlı köçkün qəsəbəsində körpələr evinə düşüb. Nəticədə körpələr evinin binası dağılaraq, yararsız hala düşüb.

Son günlər sosial şəbəkələrdə erməni hərbçilərin narazılığını, acınacaqlı durumunu və fərariliyini əks etdirən videogörüntülər yayılır:


Azərbaycan Respublikası Müdafiə Nazirliyi Qubadlı rayonunun işğaldan azad olunan Xanlıq kəndinin görüntülərini paylaşıb:
Azərbaycan Respublikası Müdafiə Nazirliyi işğaldan azad olunan Qubadlı şəhərinin görüntülərini paylaşıb: