Cəbhə xülasəsi: Azərbaycan Ordusu düşmənə cəhənnəmi yaşadır

Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycan ərazisi 27 sentyabr 2020-ci il saat 06:00 radələrində iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğuları vasitəsilə intensiv atəşə tutulub. Bunun nəticəsində Azərbaycanın mülki əhalisi arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.


“BakuPost” müharibənin oktyabrın 30-na olan xülasəsini təqdim edir:

Gecə ərzində döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Xocavənd və Qubadlı istiqamətlərində davam edib.

Dünən gün ərzində və gecə saatlarında cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd Su-25 təyyarəsi, 3 ədəd T-72 tankı, 1 ədəd PDM, 2 ədəd “Smerç” və 1 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemləri, 10 ədəd müxtəlif tipli topu, 2 ədəd “Qvozdika” özüyeriyən haubitsası, 1 ədəd “Osa” ZRK, 1 ədəd P-18 radiolokasiya stansiyası, 4 ədəd avtomobil texnikası məhv edilmiş və sıradan çıxarılıb.

Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının müdafiə zolağında avtomobil kolonunun atəşə tutulması nəticəsində 1-ci ümumqoşun ordusu komandanının silahlanma üzrə müavini polkovnik Viktor Arustamyan məhv edilib.

Saat 07:35-dən başlayaraq Ermənistan silahlı qüvvələri Goranboy, Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazisini artilleriya atəşinə tutub.

Səhər saatlarında Göygöl rayonunun ərazisi Ermənistan silahlı qüvvələrinin ağır artilleriya qurğularından atəşə məruz qalıb.

Saat 12 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonu tərəfdən Qubadlı rayonunun ərazisini artilleriya atəşinə tutub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi məlumata görə, Ermənistan silahlı qüvvələrinin Ağcabədi və Göygöl rayonlarını mütəmadi artilleriya atəşinə tutması nəticəsində Ağgöl və Göygöl milli parklarının ərazilərinə bir neçə dəfə raket mərmiləri düşüb.

Azərbaycan Ordusuna məxsus PUA-nın guya cəbhə xəttində vurulması barədə Ermənistan tərəfinin yaydığı məlumat yalan və dezinformasiyadır.

Ermənistan mətbuatı guya Azərbaycan Ordusuna məxsus döyüş sursatı anbarının məhv edilməsi ilə bağlı növbəti yalan məlumat yayıb. Lakin düşmən həmin anbarın yaxın məsafədən çəkilmiş videogörüntüsünü məlumata əlavə etməklə öz saxtakarlığını bir daha ifşa edib.

Həqiqətdə isə oktyabrın 29-da gecə saatlarında Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazimizdəki yeni inşa edilmiş raket-artilleriya silahları anbarı bölmələrimiz tərəfindən məhv edilib.

Prezident İlham Əliyev özünün "Twitter" səhifəsində Cəbrayıl rayonunun Xudaverdili, Qurbantəpə, Şahvələdli, Xubyarlı kəndləri, Zəngilan rayonunun Aladin, Vejnəli kəndləri, Qubadlı rayonunun Kavdadıq, Məmər, Mollalı kəndlərinin işğaldan tam azad edildiyini açıqlayıb.

Bərdə şəhərində dinc əhalini və mülki infrastrukturu atəşə tutan Ermənistan silahlı qüvvələrinə məxsus “Smerç” yaylım atəşli reaktiv sisteminin atəş mövqeyi bölmələrimiz tərəfindən aşkar edilib. Oktyabrın 29-u saat 15.18 radələrində bölmələrimizin dəqiq atəşi ilə düşmənin “Smerç” yaylım atəşli reaktiv sistemi məhv edilib.

Müdafiə Nazirliyi Cəbrayıl rayonunun işğaldan azad olunan Xudafərin kəndindən videoreportaj yayıb:

Ermənistan ordusu acınacaqlı vəziyyətdədir. Bu günədək döyüş meydanında sarsıdıcı zərbələr alan işğalçı ölkə xeyli sayda itkilər verib, sağ qalan erməni hərbçilərin çoxu silahını ataraq qaçıb. Hazırda erməni ordusunda şəxsi heyət baxımından ciddi problemlər yaşanır.

Cəbhə xəttinə göndərməyə adam tapmayan Ermənistan rəhbərliyi xəstə, qoca, qadın, uşaqlarla yanaşı məhkumları da döyüşə cəlb etməyə başlayıb. Ermənistan ordusu son ümidini cinayətkarlara bağlayıb.

Ermənistan Baş Prokurorluğunun mətbuat katibi Arevik Xaçatryan yerli KİV-də yayılan məlumatları təsdiqləyib. O bildirib ki, 28 oktyabr tarixinə olan məlumata görə, 12 nəfər məhkum barəsində həbs qətimkan tədbiri dəyişdirilib, daha 4 nəfər şərti olaraq erkən azadlığa buraxılıb.

Onların hamısı könüllü olaraq cəbhəyə yollanacaq. Vəziyyətin həssas olduğu nəzərə almaqla hər kəsə fərdi yanaşma göstərilir.

Azərbaycan Ordusunun bölmələri düşmənin qüvvə və döyüş vasitələrini dəqiq zərbələrlə məhv edib.