Ru
00:00 / 20 Oktyabr 2020

Cəbhə xülasəsi: Ermənistana sarsıdıcı zərbələr endirilir

2209
Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycan ərazisi 27 sentyabr 2020-ci il saat 06:00 radələrində iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğuları vasitəsilə intensiv atəşə tutulub. Bunun nəticəsində Azərbaycanın mülki əhalisi arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.

“BakuPost” müharibənin oktyabrın 19-na olan xülasəsini təqdim edir:

Prezident İlham Əliyev "Twitter" səhifəsində Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Hasanlı, Alıkeyxalı, Qumlaq, Hacılı, Göyərçin Veysəlli, Niyazqulular, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndlərinin işğaldan tam azad edildiyini açıqlayıb.

Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 2 ədəd BM-21 “Qrad” YARS, 1 ədəd D-30 və 1 ədəd D-20 haubitsa topları və 11 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

Ermənistan Silahlı Qüvvələrinin 1-ci motoatıcı alayının müdafiə zolağında döyüş tapşırığı icra edən taborun komandiri şəxsi heyətlə birlikdə döyüş mövqelərini ataraq geri çəkilib.

Alayın müdafiə sahəsində yerləşən 63-cü tank taborunun qərargah rəisi məhv edilib, 1-ci taborun komandiri və onun müavini Gevorq Makaryan isə yaralanıb.

Həmçinin 5-ci dağatıcı alayın müdafiə sahəsindəki taborun şəxsi heyətinin bir qismi məhv edilib, digərləri isə döyüş mövqelərini özbaşına tərk edərək qaçıb. Ölənlər arasında tabor komandirinin müavini mayor Hayk Stepanyan da var.

Ermənistan silahlı qüvvələri gecə ərzində Goranboy, Tərtər və Ağdam rayonlarının ərazisini minaatanlar və toplardan atəşə tutub.

Hikmət Hacıyev özünün "Twitter" səhifəsində Ermənistan ordusunun humanitar atəşkəsin birinci günü saat 12-dən etibarən 5 rayona toplamda 229 mərmi atdığını açıqlayıb. Bunlardan 160-ı Tərtər, 63-ü Ağdam, 6-sı Goranboy ərazisinə düşüb. Həmçinin düşmən tərəf 1-i Xızı rayonu, 2-si Ağcabədi rayonunun Poladlı kəndinə olmaqla, 3 raket hücumu həyata keçirib.

Ermənistan silahlı qüvvələrinin humanitar atəşkəs rejimini kobud şəkildə pozaraq Tərtəri atəşə tutmağa davam etməsi nəticəsində 1962-ci il təvəllüdlü Səlimov Niyaz Hüseynağa oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb, yaşayış evinə isə külli miqdarda ziyan dəyib.

İşğalçı Ermənistanın Könüllülər Birliyinin sədri, parlamentin “Mənim Addımım” fraksiyasının deputatı Sasun Mikaelyan Qarabağda davam edən döyüşlər zamanı belindən və ayağından qəlpə yaraları alıb.

Saat 11:10-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Berd rayonu istiqamətindən Tovuz rayonu, Vardenis rayonu istiqamətindən isə Daşkəsən rayonu ərazisindəki Azərbaycan Ordusunun döyüş mövqelərini iriçaplı silahlardan atəşə tutub.

Ermənistan silahlı qüvvələrinin bölmələri saat 12:00-dan başlayaraq işğal olunmuş Kəlbəcər rayonu istiqamətindən Göygöl rayonu ərazisindəki Azərbaycan Ordusunun döyüş mövqelərini 82 və 120 millimetrlik minaatanlar və iriçaplı atıcı silahlardan atəşə məruz qoyub.

Ermənistan silahlı qüvvələri hərbi əməliyyatlar aparılan ərazidən təxminən 300 kilometrdən artıq məsafədə yerləşən Xızı rayonu istiqamətində raket zərbələri endirməyə cəhd göstərərkən Azərbaycan Ordusunun hərbi hava hücumundan müdafiə qüvvələri tərəfindən havada zərərsizləşdirilməsi nəticəsində raketin içərisində olan partlayıcı hissəciklərin bir hissəsi Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığında strateji əhəmiyyətli Bakı-Novorossiysk neft kəmərinin Xızı rayonunun Sitalçay kəndindən keçən hissəsindən 250 metr məsəfəyə səpələnib. Ermənistan tərəfi isə bu məlumatı təkzib edib.

Saat 15 radələrində düşmən tərəfin silahlı birləşmələrinin Ağdam rayonu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutması nəticəsində rayonun Bənövşələr qəsəbəsinə top mərmisi düşməsi nəticəsində 1955-ci il təvəllüdlü Quliyeva Şamama İsa qızı və 1976-cı il təvəllüdlü Quliyeva Maya Məmməd qızı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Həmçinin, həmin vaxt Bənövşələr qəsəbəsində olan “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin (AzTv) cəbhəboyu zonaya ezam olunmuş əməkdaşı 1982-ci il təvəllüdlü Həsənov Anar Bəybala oğlu Ermənistanın mülki əhaliyə qarşı törətdiyi təxribatları dünya ictimaiyyətinə çatdırarkən düşmən tərəfindən atəşə tutulması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Bundan başqa, rayonun Paşabəyli kəndi ərazisinə top mərmisi düşməsi nəticəsində kənd sakini Məhiyəddinli Çiçək İlyas qızı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Ermənistan silahlı qüvvələri Azərbaycanın Tərtər rayonunda mülki obyekti - pambıqtəmizləmə zavodunu artilleriya atəşinə tutub.

Saat 17 radələrində Ermənistan silahlı qüvvələri Tərtər və Ağdam rayonlarının yaşayış məntəqələrini artilleriya atəşinə tutub.

Axşam saatlarında Ermənistan Müdafiə Nazirliyi cəbhənin şimal və cənub istiqamətlərində bu gün ağır döyüşlər getdiyini açıqlayıb.

Müdafiə Nazirliyi Cəbrayıl və Füzuli istiqamətində düşməndən əldə olunan hərbi qənimətlərin növbəti videogörüntüsünü yayıb.
Düşmənə məxsus növbəti zirehli texnikaların məhv edilməsinin görüntüləri yayılıb:

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər