Cəbhə xülasəsi: Füzuli azad edildi!

Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycan ərazisi 27 sentyabr 2020-ci il saat 06:00 radələrində iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğuları vasitəsilə intensiv atəşə tutulub. Bunun nəticəsində Azərbaycanın mülki əhalisi arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.

“BakuPost” müharibənin oktyabrın 17-nə olan xülasəsini təqdim edir:

Oktyabrın 16-dan 17-nə keçən gecə Gəncənin yaşayış sahələri yenidən iki raket hücumuna məruz qalıb.

Jurnalistlərin verdiyi məlumata görə, ilkin mərhələdə şəhərdə üç güclü partlayış səsi eşidilib.

Azərbaycan Respublikası Baş Prokurorluğunun verdiyi məlumata görə, Ermənistan ordusu saat 01 radələrində növbəti dəfə Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan Mingəçevir Su Elektrik Stansiyasını hədəfə almaqla cəbhə zonasından 100 km-dən artıq uzaqlıqda yerləşən, iri sənaye şəhəri Mingəçevirə raketlər atıb. Lakin raketlər Azərbaycan Hava Hücumundan Müdafiə Qoşunları tərəfindən havadaca zərəsizləşdirilib.

Azərbaycan tərəfi atəşin Ermənistan ərazisindən həyata keçirildiyini bildirib.

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyinin (ANAMA) verdiyi məlumata görə, raketin düşdüyü yerdən tapılan parçalar onun Elbrus əməliyyat-taktiki raket sisteminin ballistik raketlərinin olduğunu göstərib.

Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, dağıntılar altından xəsarət almış 52 nəfər və 13 nəfərin cəsədi çıxarılıb.

Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələri səhər saatlarından başlayaraq Tərtər, Ağdam, Bərdə və Ağcabədi rayonlarının ərazilərini atəşə tutub.

Prezident İlham Əliyev xalqa müraciətində Füzuli rayonunun Qoçəhmədli, Çimən, Musabəyli, Pirəhmədli, Dədəli, İşıqlı, Cuvarlı kəndləri və Füzuli şəhərinin işğaldan tam azad edildiyini açıqlayıb.

Əməliyyatlar nəticəsində Ermənistan ordusunun mühəndis-istehkam rəisi, polkovnik Aşot Qazaryan məhv edilib.

16 oktyabr tarixində gün ərzində və 17 oktyabr tarixinə keçən gecə Ermənistan silahlı qüvvələrinin 1-ci motoatıcı alayının müdafiə zolağında ehtiyatdan çağırılan 300 nəfərədək hərbi vəzifəli döyüş mövqelərini özbaşına tərk edərək geri çəkilib.

Azərbaycan Ordusu tərəfindən sutka ərzində həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 7 ədəd T-72 tankı, 2 ədəd BM-21 “Qrad” YARS, 8 ədəd D-30 və 1 ədəd D-20 haubitsa topları, döyüş sursatı ilə yüklənmiş 10 ədəd yük maşını və 7 ədəd digər avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

27 sentyabr tarixindən bu günə qədər Ermənistan ordusuna məxsus 234 tank, 49 ədəd piyadanın döyüş maşını, 16 ədəd özüyeriyən artilleriya qurğusu, 190 ədəd müxtəlif çaplı toplar, 2 ədəd "Uraqan" sistemi, 1 ədəd "TOS 1a" odsaçan sursatı, 2 ədəd “Elbrus” əməliyyat-taktiki raket kompeksi, 1 ədəd “Toçka-U”, 2 ədəd “S-300” kompleksi, 35 ədəd "Osa" zenit raket kompeksi, 3 ədəd “Tor” zenit-raket kompleksi, 5 ədəd “Kruq” və “Kub” zenit raket kompleksləri, 9 ədəd radioelektron mübarizə sistemləri, 196 ədəd yük avtobili məhv edilib. 36 tank, 24 ədəd piyadanın döyüş maşını, 98 ədəd yük avtomobili isə qənimət kimi ələ keçirilib.

Saat 12 radələrində Azərbaycan Müdafiə Nazirliyi Ermənistan ordusunun S-300 zenit-raket kompleksinin məhv edildiyini göstərən videogörüntü yayımlayıb:
Saat 11:11 radələrində Cəbrayıl rayonu istiqamətində Azərbaycan Ordusu mövqelərinə hava zərbələri endirməyə cəhd edən Ermənistan silahlı qüvvələrinə məxsus 1 ədəd Su-25 təyyarəsi Hava Hücumundan Müdafiə bölmələrinin dəqiq atəşi ilə məhv edilib.

Gündüz saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki Azərbaycan Ordusu mövqeləri üzərində uçuşlar keçirməyə cəhd göstərərkən Hava Hücumundan Müdafiə bölmələri tərəfindən dərhal aşkar olunaraq məhv edilib.

Saat 16 radələrində Azərbaycan Müdafiə Nazirliyi Ermənistan ordusunun yanacaq-sürtkü materialları və döyüş sursatı anbarlarının aviasiya zərbələri ilə darmadağın edildiyini göstərən videogörüntü yayımlayıb:
Həmin radələrdə Ermənistan silahlı birləşmələri tərəfindən Ağcabədi rayonunun müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulması nəticəsində Arazbar kənd sakini 1991-ci il təvəllüdlü Hacıyev Orxan Nizami oğlu yaşadığı evin həyətinə top mərmisinin düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb, yaşayış evinə isə külli miqdarda ziyan dəyib.

Füzuli-Cəbrayıl istiqamətində gedən döyüşlər zamanı son iki gündə dəqiq zərbə ilə Ermənistan silahlı qüvvələrinə məxsus 3 ədəd “Tor-M2KM” zenit-raket kompleksi məhv edilib.

Cəbhənin Ağdərə-Ağdam istiqamətində gedən döyüşlər zamanı Azərbaycan Ordusunun mövqelərini atəşə tutan Ermənistan silahlı qüvvələrinə məxsus 1 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi məhv edilib.

Saat 19:40 radələrində Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin “S-125” zenit-raket kompleksi sıradan çıxarıldığı açıqlanıb.

Ermənistan ordusunun “Qara Qaplan” könüllü dəstəsinin komandiri Rüstəm Qasparyan ağır qəlpə yarası aldıqdan sonra Xankəndi şəhərindən İrəvana aparılsa da, bu gün müalicə aldığı xəstəxanada ölüb.
Azərbaycan Respublikası və Ermənistan Respublikası 18 oktyabr, yerli vaxtla saat 00.00 dan etibarən müvəqqəti humanitar atəşkəsə razılıq veriblər.