Cəbhə xülasəsi: Azərbaycan bayrağı Xudafərində dalğalanır FOTOLAR + VİDEO

Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycan ərazisi 27 sentyabr 2020-ci il saat 06:00 radələrində iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğuları vasitəsilə intensiv atəşə tutulub. Bunun nəticəsində Azərbaycanın mülki əhalisi arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.

“BakuPost” müharibənin oktyabrın 18-nə olan xülasəsini təqdim edir:

Saat 7 radələrində Ermənistan silahlı qüvvələri növbəti dəfə humanitar atəşkəs rejimini kobud şəkildə pozaraq Cəbrayıl şəhərinin ətraf ərazilərini, eləcə də bu rayonun Araz çayı boyu yerləşən və işğaldan azad olunmuş kəndlərini gecə ərzində minaatan və artilleriya qurğularından atəşə tutub.

Azərbaycan Ordusu tərəfindən dünən gün ərzində həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin canlı qüvvəsi, 2 ədəd S-300 zenit-raket kompleksinin raket tuşlama stansiyası, 5 ədəd T-72 tankı, 3 ədəd BM-21 “Qrad” YARS, 2 ədəd “Smerç”, 1 ədəd D-20 haubitsa-topu və 1 ədəd KS-19 zenit topları, 6 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

Ermənistan silahlı qüvvələri saat 07:00-dan başlayaraq cəbhənin Ağdərə, Füzuli, Hadrut və Cəbrayıl istiqamətlərində düşmən hücuma keçməyə cəhd göstərib.

Azərbaycan Müdafiə Nazirliyinin verdiyi məlumata əsasən, saat 00:05-dən 04:00-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonu istiqamətindən Gədəbəy rayonu, Berd rayonu istiqamətindən isə Tovuz rayonu ərazisindəki Azərbaycan Ordusunun döyüş mövqelərini iriçaplı silahlardan atəşə tutub.

Saat 12 radələrində Azərbaycan Ordusunun Füzuli istiqamətində uğurlu döyüş əməliyyatları zamanı Ermənistan silahlı qüvvələrinin hərbi hissəsi bölmələrimiz tərəfindən ələ keçirilib.
Saat 12:30 radələrində cəbhənin Cəbrayıl istiqamətində Azərbaycan Ordusunun mövqelərinə aviazərbələr endirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinin növbəti Su-25 hücum təyyarəsi Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən məhv edilib.

Saat 14 radələrində Ağdam rayonu ərazisi Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulub.

Saat 13:00 radələrində Horadiz istiqamətində uçuşlar keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus taktiki pilotsuz uçuş aparatı (PUA) Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən aşkar olunaraq məhv edilib.

Ermənistan silahlı qüvvələrinin son qüvvə kimi səngərlərə atdığı xüsusi təyinatlılar Azərbaycan əsgərinin həmləsinə tab gətirməyərək geri qaçmağa məcbur edilir.
Nümayiş olunan videoda Azərbaycan Ordusunun zirehli texnikası və əsgərlərinin erməni xüsusi təyinatlılarını necə qovduğu müşahidə olunur.
Ermənistan silahlı qüvvələri tərəfindən Xızı rayonuna raket atılsa da, raket Azərbaycan Hava Hücumundan Müdafiə Qoşunları tərəfindən zərərsizləşdirilib.
Ermənistan hərbi hava qüvvələrinin polkovnik-leytenantı Vyaçeslav Vaskovski məhv edilib.

Azərbaycan Ordusu işğaldan azad edilmiş Cəbrayıl rayonunda yerləşən Xudafərin körpülərinə Azərbaycan bayrağı sancıb.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan Nümayəndəliyi ilə keçirilmiş görüşlərdə Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında elan edilmiş müvəqqəti humanitar atəskəsin ruhuna uyğun olaraq, Azərbaycanın birtərəfli qaydada hazırda Azərbaycan tərəfində olan erməni hərbçilərinin meyitlərinin bir hissəsini iki ölkənin dövlət sərhədinin Tovuz rayonu istiqamətində əvvəlcədən razılaşdırılmış dəhlizdə BQXK-nın vasitəçiliyi ilə Ermənistana verməyə hazır olduğunu diqqətə çatdırıb.

Azərbaycan Müdafiə Nazirliyinin verdiyi məlumata əsasən, ağır döyüşlərdə xeyli canlı qüvvə və döyüş texnikası itirən Ermənistan Silahlı Qüvvələrinin 527-ci motoatıcı alayının atıcı taboru praktiki olaraq iflic vəziyyətinə düşüb.

Azərbaycan Ordusu tərəfindən növbəti dəfə düşmənə məxsus xeyli sayda silah-sursat ələ keçirilib.
Füzuli istiqamətində gedən döyüşlərdə xeyli sayda canlı qüvvə və texnika baxımından itkilərə məruz qalan düşmən döyüş meydanında hərbi texnikası və silah-sursatnı atıb qaçıb.
Azərbaycan Ordusu düşmənin hərbi qüvvə və vasitələrinin məhv edilməsini davam etdirir.
İşğaldan azad olunan Füzuli şəhərinin mərkəzində Azərbaycan bayrağı qaldırılıb.