Ru
00:24 / 29 Mart 2021

Cəmil Həsənlinin qızının məsələsi: DTX-ya ad günü təxribatı, yoxsa?..

201851
Bəri başdanca qeyd edim ki, Milli Şura sədri Cəmil Həsənlinin qızı ilə bağlı bu gün yayıldığı bildirilən görüntüləri izləməmişəm və izləməyəcəyəm də. Çünki bunu gizli şəkildə çəkib, sonra yaymaq nə qədər əxlaqsız hərəkətdirsə, onu izləmək də o əxlaqsızlığa şərik olmaqdır.

Ancaq bu məlumatı sosial şəbəkədən aldım və əlbəttə ki, buna reaksiya verməmək olmaz.

Əvvəla, bu gün Milli Təhlükəsizlik Nazirliyinin 102 yaşı tamam olur. 2004-cü ilə qədər – Heydər Əliyevin gəlişi ilə sözün bütün mənalarında milliləşən və yeni dövlətimizin dayaqlarından birinə çevrilən MTN 2004-cü ildən sonra elə bir rüsvayçılıqlara imza atdı ki, buna yalnız təəssüflənməklə kifayətlənmək olmur. Bu qurum büsbütün imicini, ictimaiyyət, ziyalılar, jurnalistlər arasında olan mövqeyini itirdi, alverçi, dəllal, reket, hədə-qorxu ilə milyardlar tələb edən və dövlətin təhlükəsizliyini təhlükəyə atan qurum oldu. İş o yerə çatdı ki, MTN adının yaratdığı mənfi assosiasiyanı təmizləməyin mümkün olmadığını dərhal anlayan Prezident İlham Əliyev bu qurumu parçalayıb, daxili və xarici təhlükəsizlik xidmətlərinə böldü.

DTX belə yarandı və əslində bu gün məhz bu DTX-nın ad günüdür!



MTN DTX-ya çevriləndən sonra onun mövqeyinin bərpası üçün az əziyyət çəkilməyib: elə Mədət Quliyevin ora təyinatı da buna xidmət edirdi. Ancaq Əli Nağıyev bu sistemin yetirməsidir, illərlə bu strukturda ən yüksək vəzifələrdə çalışıb, hətta MTN-in “qan çanağına” döndüyü vaxt onun adı heç bir neqativdə çəkilmədi. Nəhayət, Ə.Nağıyev kimi peşəkarın DTX rəhbəri təyin edilməsini cəmiyyətin bütün təbəqələri alqışladı.

DTX Əli Nağıyevin zamanında da 1993-2003-cü illərdəki nüfuzunu geri qaytarmağa çalışıb. Ancaq 44 günlük savaş zamanı DTX-nın gördüyü iş, o cümlədən 11 dekabr antiterror əməliyyatını təkbaşına icra etməsi bu qurumu tamamilə fərqli müstəviyə qaldırdı.

DTX – hüquq-mühafizə orqanlarının elitasıdır və yalnız elita deyil, həm də hər kəsin sığındığı bir yerdir (və yaxud yer olmalıdır). Çünki bu qurumda siyasi heç nə olmur (və yaxud olmamalıdır), DTX dövlətin təhlükəsizliyinə cavabdehdir və ayrı-ayrı fərdlərin də qorunması bu qurumun səlahiyyətindədir. Fərqi yoxdur, o şəxs müxalifətdədir, ya iqtidardadır. Çünki müxalif birinə qarşı da təxribat bir çox hallarda dövlətin təhlükəsizliyini sarsıda bilir.

DTX – bütövlükdə hər bir fəalın arxa-dayağı, xarici xüsusi xidmət orqanlarının fəaliyyətinin qarşısında sipərdir və o fəaliyyətin hədəfi olanları qorumalıdır, əlbəttə ki, casusları da hansısa formada zərərsizləşdirmək görəvi ona məxsusdur.

Bu, bizim DTX-ya baxışımız və yaxud DTX-nın vəzifələri haqda qənaətimiz.

Ona görə də müxalif Cəmil Həsənlinin qızının intim görüntüləri haqda yayılan videonun məhz DTX-nın 102 yaşının tamam olduğu gündə yayılması mütləq diqqət cəlb edir.

İkincisi, yəqin ki, Cəmil Həsənlinin reaksiyasını böyük əksəriyyət oxuyub. O, bütün məsuliyyəti birbaşa Prezident İlham Əliyevin üzərinə ataraq, “hədəfini” göstərdi.

Gözlənilən reaksiya idi.

İndi maraqlıdır: Azərbaycan xalqının ürəyində taxt quran, Şuşanı azad etməklə bu ölkənin tarixində adını ən ucada yazdıran və belə demək mümkünsə, hamının uğrunda canını belə verməyə hazır olduğu İlham Əliyevə hücumları əsaslandıracaq bu videonu kim və niyə çəkib-yaydı?

Onlar bu videonun yayılması ilə bütün diqqətin İlham Əliyevin üzərində cəmləşdiriləcəyini bilmirdilərmi?

Üçüncüsü, Prezident ailəsi sözün bütün mənalarında bir əxlaq, dəyər yaradır. Konkret olaraq Mehriban Əliyevadan söhbət gedir. Efirdə əxlaqsız verilişlərin yığışdırılmasından tutmuş bu xalqın tapınaqlarına münasibətə qədər, hər məsələdə Mehriban xanımın adı keçir.



Mehriban Əliyeva – Mir Cəlalın nəvəsi – bu xalqın adətini, ənənəsini, milli kimliyini, milli musiqisini, dəyərini yaşadanların başında gedir.

- İlham Əliyev Ağdamda dağılıb-tökülmüş, döşəməsi torpaqlı məscidə belə ayaqyalın girir – gözlər Mehriban xanıma dikilir;

- İlham Əliyev ocaqlarımıza, ürfani məkanlarımıza tamamilə fərqli yanaşır: təmirindən tutmuş, kutsal dəyərlərimizi qorumasına qədər – gözlər yenə Mehriban xanımda;

- Muğamından aşıq sənətinə qədər milli musiqilərə ikinci nəfəs verilir; bir tanınmış ağır xəstələnir, digəri ehtiyac içindədir, başqası çarəsizdir – gözlər yenə Əliyevada...

Mehriban xanımın geyimi, davranışı, insanlara münasibəti... – görüntü-zad deyil, bu adamın canında, qanında yaşatdığı dəyərdir, bağlı olduğu ocağın diktəsidir, Azərbaycan xalqına, bu xalqın ənənəsinə sevgisidir. Çünki özü də bu sevgi ünvanı olan ocaqlardan birinin daşıyıcısıdır.

O videonu yayanlar, siz bilirsinizmi ki, İlham Əliyevlə bərabər, bu cür əxlaq və dəyər daşıyıcısı və qoruyucusu olan bir Xanımı – Birinci Xanımı da haqsız və allahsızcasına hədəfə çevirirsiniz?

İlham Əliyev bu həyatda yaşadıqca və özü istədiyi qədərcə hər zaman prezidentlik postunu tuta biləcək xidmət göstərib. Onun bu ölkədə artıq alternativi yoxdur, olmayacaq da. Siz bu videonu yaymaqla, hansı rəqibə qarşı “siyasi” mübarizə aparırsınız?

O videonu gizli çəkən və yayan kimdirsə, ya İlham Əliyevə “alternativ” qondarmaq istəyir, ya da “ayı xidməti” göstərir və İlham Əliyevin, Mehriban Əliyevanın uğrunda çalışdığı dəyərlərə necə böyük zərər verdiyini bəlkə də bilmir.

O videonu gizli çəkən və yayan kimdirsə, xaricdəki “söyüş müxalifətinə” bəhanə vermək, aylardır səsi kəsilən məxluqları yenidən diriltmək, onların “haqlı” olduğu haqda təsəvvürlər yaratmaq istəyir.

O videonu çəkib-yayan kimdirsə, bu cəmiyyətə ən çox pisliyi edən, əxlaqsızlığı yayan odur!

O videonu çəkib-yayan kimdirsə, ilk olaraq DTX-nın göz önünə gətirilməsinə çalışıb və buna nail də olub. Yoxsa bu əxlaqsızlığı yaymaq üçün DTX-nın ad gününü gözləməzdi.

Bütün yük indi DTX-nın üzərinə düşür: 44 günlük savaşdan sonra xalqın Ordudan sonra güvəndiyi yerə çevrilməkdə olan DTX onu nüfuzdan salan, “Eldar Mahmudovun MTN-i” səviyyəsinə endirməyə çalışan şəxsi tapmalı və ifşa etməlidir.

Ola bilsin ki, bunu rəsmi şəkildə elan etməsin; ola bilsin ki, o şəxs və ya qrup öz içində olmuş olsun və buna görə də hər hansı bəyanata ehtiyac görməsin... Ancaq necəliyindən asılı olmayaraq, siyasi, ictimai, sosial baxımdan, dövlətçilik, dövlətə, Vətənə, xalqa xidmət baxımından İlham Əliyevin yanından yel olub ötməyi bacarmayanlara məhz “yel olmaq üçün” fürsət verən şəxs – bu videonu çəkib-yayan – mütləq DTX tərəfindən təmizlənməlidir.

DTX-nı “Mahmudovun MTN-i”nə çevirməyə çalışan şəxsi DTX özü öz içindən (və yaxud hardadırsa, ordan) rədd etməlidir!

DTX bəlkə də ilk dəfədir bu qədər şərəfli ad günü keçirirdi! Çünki müharibədə qələbəyə töhfə verən, antiterror əməliyyatı ilə düşməni sarsıdan və adı gələndə yağının bağrı yarılan, xalqımızın isə üzü gülən bir quruma çevrilmiş formada 102 yaşını qeyd edirdi.

Ancaq kimlərsə onun bu şərəfinə ləkə salmaq, sevincini pozmaq istədi!

Ancaq kimlərsə bu əməliyyatla Prezident İlham Əliyevi dedi-qodu hədəfinin ünvanı etmək üçün kimlərəsə fürsət verdi.

Ancaq kimlərsə DTX-nın ad günündə dövlətimizin milli-mənəvi təhlükəsizliyini zərbə altına atdı!

Bunun cavabını mütləq DTX özü verməlidir və Əli Nağıyevin DTX-sından gözlədiyim budur!

Onda bu təxribat onu həyata keçirənlərin başında çatlar, buna sevinənlərin də sevinci qurşağında qalar!

Bu, təkcə təhlükəsizlik, şərəf deyil, həm də “Mahmudov lənətindən” qurtulmaqdır!

Gözləyək...

Elçin
Bakupost
Şərhlər
  • Rasim

    "Halal olsun", bilirsinizki bu dövletin oyunudur, amma yene de xalqi bunu muxalifetin etdiyine inandirmaga calishirsiz.Ayib olsun size!!!

  • Taleh Shakirli

    Yanaşma terzi heqiqeten mentiqe uyğundur,videonun yayılma tarixi diqqet çekici ve düşündürücüdür. İstenilen halda ,video çekenlerin, bu videodan sonra insanların ağıla getireceyi neticelerden,verilecek reaksiya(lar)dan xeberleri var idi yeni qabaqcadan düşünmüşdüler, sırf paylaşılma günü buna delalet ede biler ..

  • Bəxtiyar Tağıyev

    Halal olsun! Tanrı qelemine qüvvet versin!

  • Ədalət sevər

    Dtx nın və hökumət başçılarının əxlaqsızca etdiyi hərəkətə necədə yaltaqcasına don geyindirirsiz.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər