Ru
13:33 / 06 Noyabr 2019

Cənublu soydaşımız velosipedlə dünya turuna çıxdı - VİDEO

3497
Kimisi işini-gücünü atır, kimisi təhsilini yarımçıq qoyur. Kimisi də təqaüdü ilə dünya səyahətinə çıxmağa qərar verir. Gəzdikləri coğrafiyalar, müşahidələri, səyahət şəkilləri fərqli olsa da, hamısının ortaq nöqtəsi birdir: Kəşf etmək. Yaşadığı ölkəni geridə qoyub, dünyanı qarış-qarşı gəzmək niyyəti ilə yollara düşən Cənubi azərbaycanlı, Səreyn şəhərində yaşayan səyyah BakuPost-un redaksiyasına da baş çəkib.

Adı Behzad Fəyyazidir, amma o Daryuş ləqəbi ilə tanınır. “Bir velosiped və düşüncən səni hər yerə apara bilər” fikrilə yola çıxan Daryuş dünya turuna velosipedlə çıxan bir səyyahdır. Daryuş deyir ki, bu ideya onda əvvəlcə təbiətə vurğunluğundan başlayıb: “15 yaşım olanda evdə dərs oxumaq üçün mühit olmayanda meşələrə, Savalan dağının ətəklərinə üz tuturdum. Savalnaın əzəməti məni heyran edirdi. Hər zaman düşünürdüm, görəsən, dünyada Savalan qədər gözəl neçə dağ var? Yerin geoloji quruluşu hər zaman maraq dairəmdə olub”.

Daryuş əslində, həkim olacaqdı, amma başına gələn bədbəxt bir hadisə onun fikirlərini tamamilə dəyişib: “İmtahan günü kor bağırsağımdan sancılarım tutdu. Məni əməliyyat etmək üçün xəstəxanaya apardılar. Həmin an gördüyüm mənzərə məni həkimlikdən soyutdu. Artıq təhsilimi tibb üzrə davam etdirmək istəmədim. Bir dostum mənə məsləhət gördü ki, hansı ixstisasa özünün yaxın hiss edirsən oranı seç. Mən geologiya elmini seçdim. Oxuduqca zövq aldım bu sahədən. Təbriz Universitetində oxuyanda ən güclü məsələləri mən tapardım. Təbrizdə universiteti bitirdikdən sonra Tehranda Tektonika elmi üzrə magistr təhsili aldım. Yerin hərəkətlənmə sxemlərini öyrəndikcə mənim beynimdə bir fikir formalaşırdı: Yer Kürəsi bir zərrədir. Dahi şair Nəsiminin dediyi kimi “Məndə sığar iki cahan mən bu cahana sığmazam”. Yer kürəsinin öyrənmək eşqimi elm və təhsil ilə çərçivələmək istəmədim. Qərara aldım ki, dünyanı öz gözlərimlə görüb, incələyim”.



Daryuş deyir ki, İranda onun kimi səyyahlar çox olsa da, özünü fərqli hesab edir. Daryuşun fərqi isə budur: “Onlardan fərqim budur ki, səyahətə birinci İranı gəzməklə başladım. İlk Cənubi Azərbaycanı gəzdim. 5 gün ərzində Təbrizdən Culfaya, Araz qırağından Muğana, Muğandan Ərdəbilə qədər olan 900 kilometr məsafəni qət etdim. Ondan sonra Səreyndən Məşhədə qədər 1450 kilometri 10 günə qət etdim. Araz qırağından Bəndərabbasa tərəfə getdim. İranın tarixini, müxtəlif mədəniyyətlərinin olduğunu gördüm. İranı gəzib baş vurduqdan sonra Azərbaycana gəldim. İndi Azərbaycanı qarış-qarış gəzib, öz mədəniyyətimizlə, tariximizlə yaxından tanış olmaq istəyirəm. Burda özümü qürbətdə hiss etmirəm. Azərbaycanı gəzib başa vurduqdan sonra Gürcüstana oradan da İstanbula səyahət nəzərdə tutmuşam. Türkiyədən İrana qayıdacam. Ondan sonra Avropa turuna start verəcəm”.

Daryuş deyir ki, Yer Kürəsində sərhədlər yoxdur: “Bu səfərimi “Təbəssümün ləhcəsi yoxdur” adlandırmışam. Yer Kürəsi bir kəndə bənzəyir, sərhədləri yoxdur. Sərhədlər insanın beynindədir. İnsanlar beyinlərindəki sərhədləri aşmalıdır. Ta qədimlərdə bütün qitələr hamısı bir adda olub. Sonralar qitələr bölünüb. İndi əslində, elə də ciddi bir fərq yoxdur. Qitələr ayrıla bilər, amma bütün insanların ürəkləri eyni qitədə formalaşıb. Biz hamımız əslində eyni qitənin adamlarıyıq”.

Daryuşun bu turu həyata keçirtməkdə başqa bir məqsədi də var. Deyir ki, onun ən böyük arzusu UNİCEF miqyasında xeyriyyə işi görməkdir: “Bu uzun-uzadı soyuqda, çovğunda, küləkdə velosipedlə kasıb və xəstə uşaqlar üçün sürürəm. Məndən soruşurlar niyə məhz velosipedlə çıxırsan yola. Halbuki maşınla da çıxa bilərsən? Düzdü, maşınla da gedə bilərəm, amma o zaman mən insanları görə, duya bilmərəm. Yolüstü gördüyüm hər insandan bir söz öyrənirəm. Velosipedlə səyahətin həzzi başqa olur. Yol gedərkən səkidə yem daşıyan qarışqaların hərəkətini izləmək belə zövq verir adama. Bu zövqü izah etmək çox çətindir.”


Səyahətə əsasən qış fəslində çıxan Daryuş bunun səbəbini belə izah edir: “Səryendə “Savalan gasht” adlı turizm şirkətim var. Onunla əlaqədar olaraq yay fəslində səyahət planım baş tutmur. Çünki yayda Səreynə olduqca çox turist gəlir və mən həmin aylarda orda lazım olduğumu düşünürəm. Bu, həm də mənim rahat səyahət etməyim üçün vacibdir. Mənim sponsorum özüməm. Biri pul toplayıb maşın alır, digəri başqa bahalı bir şey alır. Mən də qazancımdan pul toplayıb bu arzumu həyata keçirirəm. Dövlətdən maliyyə dəstəyi istəsəm, bəlkə də dəstəkləyərlər. Amma mən bunu qəbul etmirəm. Səyahət edirəmsə bunun pulunu niyə dövlətdən almalıyam. Dövlət o pulu biri oxusun, yazsın deyə xərcləyə bilər. Buna baxmayaraq, bu səfərimin baş tutmasında mənə Səreyindəki “Peyinli su” müalicə kompleksi və “İrşad” oteli maliyyə dəstəyi göstərir.

İndi məqsədi dünyanı fəth etməkdir. Maraqlı bir ideyası da var səyyah qonağımızın: “Bir top almışam. Niyyətim həmin topu Avropa turuna çıxanda dünyanın ulduz futbolçularına imzaladıb, sonra onu satışa çıxartmaqdır. Həmin satışdan əldə olunan pulu isə UNİCEF-ə bağışlamaq istəyirəm”.

Günel Musa



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər